"Biz bu bədxahlara baxmadan öz yolumuzu davam etdirməliyik” - RƏYLƏR
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, “Azərbaycanda jurnalistlərə hücumlar, müxalifət xadimlərinin qanunsuz həbsi və transmilli repressiyalardan istifadə etmə - antidemokratik taktikadır". SİA mövzu ilə bağlı siyasi şərhçi Sahil Kərimli və politoloq Əlimusa İbrahimovun fikirlərini öyrənib.
Sahil Kərimli bildirib ki, son günlər istər ABŞ, istərsə də Avropa İttifaqına daxil olan ölkələrin siyasi dairələindən qərəzli, ikili standartlar, riyakar və düzgün olmayan bəyanatlar səsləndirilir: “Bu da həmin dairələrin bir mərkəzdən idarə olunmasının göstəricisidir. Həmin dairələr Azərbaycana qarşı açıq düşmənçilik siyasətlərini büruzə verdilər. Bütün bunlar Azərbaycanın Qarabağ zəfərində əldə etdiyi qələbə, son dövrlərdə ərazi bütövlüyünün bərpa olunması və durmadan qüdrətlənməsindən irəli gələn məsələlərdir. Azərbaycan dövləti daim milli maraqlara, müstəqilliyə söykənən siyasət yürüdüb və bu siyasət müəyyən dairələr tərəfindən daim qısqanclıqla qarşılanır”.
Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərə hücumlar edilməsi, müxalifət xadimlərinin qanunsuz həbs edilməsi, repressiyalar keçirilməsi və ölkəmizin guya anti-demokratik olması kimi iddiaların heç bir əsası yoxdur: “ABŞ Senatının xarici əlaqələr komitəsinin sədri Ben Kardinin "X" sosial şəbəkəsində yaydığı bu bəyanatı Azərbaycana qarşı qərəzli və ikili standartları nümayiş etdirir. Azərbaycanda heç bir şəxs heç zaman siyasi baxışlarına görə hansısa qanunsuzluqla üzləşməyib, bu səbəblərə görə heç kim həbs olunmayıb. Komitə sədrinin nəzərdə tutduğu şəxslər konkret cinayət əməllərinə görə həbs olunublar. Burada heç bir siyasi baxışdan, mövqedən söhbət gedə bilməz. Azərbaycan azad, demokratik ölkədir. Bəlkə də bizi ittiham edən ölkələrdən daha demokratik ölkədir. Bu gün Azərbaycanda müstəqil jurnalistika, media qurumları fəaliyyət göstərir. Sosial şəbəkələr, internet məkanı bütün vətəndaşların üzünə açıqdır, heç bir məhdudiyyətdən, qanunsuz əməldən söhbət gedə bilməz. Bu gün istər sosial şəbəkələrdə, istər media qurumlarında istənilən jurnalist, media nümayəndəsi öz baxışlarını ifadə etməkdə müstəqildir. Bütün bunları nəzərə alaraq bir daha vurğulamaq olar ki, Azərbaycana qarşı düşmənçilik siyasəti və bu siyasətin nəticəsi olaraq irəli sürülən ittihamlar, qəbul edilən bəyanatlar bizim üçün kağız parçasından və quru boş sözdən artıq deyil”.
Əlimusa İbrahimov senator Ben Kardinin bu paylaşımını Azərbaycana qarşı növbəti hücumdan biri kimi dəyərləndirir: “Onun hücuma məruz qalan jurnalist, müxalifət nümayəndələrinin əslində kimlər olduğu və hansı cinayətlər törətmələri haqqında bizdə -Azərbaycan hüquq-mühafizə orqanlarında tutarlı dəlillər var. Kardin kimilər bu və ya digər işin təfərrüatına varmadan digərlərindən götürdükləri əsassız məlumatları təkrar etməklə məşğuldurlar. Kardin və ona bənzərlər 30 ildir ki, Azərbaycanı bu istiqamətdə günahlandırmaqda davam edirlər. AŞPA-nın məlum böhtan dolu qərarından sonra erməni diasporuna cani-dildən qulluq edən kardinlərin söylədikləri bizdə artıq istehzadan başqa bir reaksiya yaratmır. Biz bu kimi bədxahlara baxmadan öz yolumuzu davam etdirməliyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB