"İnformasiya müharibəsində düzgün hədəf müəyyən olunmalıdır" - EKSPERT FİKİR BİLDİRDİ

"İnformasiya müharibəsində düzgün hədəf müəyyən olunmalıdır" - EKSPERT FİKİR BİLDİRDİ

“İnformasiya müharibəsi hər bir ölkənin fəaliyyətinin öz strategiyasını həyata keçirməsinin vacib üsullarından biridir. Təbii ki, bütün dünya ölkələrinin informasiya müharibəsi apardığı fikrini söyləmək də düzgün deyil. Adətən düşmənləri olan, inkişafa meyilli, tarixi ənənəsi olan dövlətlərin bir qayda informasiya müharibəsi aparmasına ehtiyac yaranır. O cümlədən də Azərbaycan kimi böyük potensiala, inkişafa meyilli olan və bütün tarixi dövrlərdə düşmənləri olmuş bir dövlət, millət olaraq bizim də informasiya müharibəsi aparmağımıza böyük ehtiyac olub. Azərbaycan bu gün də informasiya müharibəsi aparır. Bu informasiya müharibəsinin isə uğurlu nəticələnməsi bir çox faktorlardan asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bizim apardığımız informasiya müharibəsinin uğurunu şərtləndirən ilk məqam hədəflərin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır: “Hesab edirəm ki, biz indiyə qədər informasiya müharibəsində böyük uğurlar qazanmışıq. İnformasiya müharibəsində mütləq düzgün hədəf müəyyən olunmalıdır. Fransa kimi Azərbaycan əleyhinə köklənmiş elitanın fikirlərini dəyişməyə çalışmaqdansa, bu elitanın baxışlarını təcrid və ifşa etmək hazırkı şəraitdə ən düzgün hədəfdir. Azərbaycanın informasiya müharibəsindəki əsas hədəfləri ölkəmizin həqiqətlərinin dünyaya çatdırılması, qələbə ilə başa vurduğumuz Qarabağ münaqişəsinin müvəffəqiyyətini dünyaya çatdırmaqdan ibarətdir. Əgər Qarabağ müharibəsini tam şəkildə xeyrimizə həll edə bildiksə, bu həm də informasiya müharibəsinin düzgün qurulmasının nəticəsi idi. Bu gün informasiya müharibəsinin əsas hədəfi ictimai rəyin parçalanmasına imkan verməmək və ictiami rəyi dövlətin əsas strategiyasının müdafiə mövqeyində saxlamaqdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə