Növbədənkənar prezident seçkiləri üçün hüquqi normativ baza hansı səviyyədədir? - SORĞU
O7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bəs gəlin görək Azərbaycanda seçki mühiti necə formalaşıb, hüquqi normativ baza necə təmin olunub? SİA olaraq QHT sədrləri arasında sorğu keçirərək onların fikirlərini aldıq.
"Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal: “Azərbaycanda növbədənkənar seçkilər birinci dəfə deyil keçirilir. Bundan əvvəl prezident seçkiləri, eyni zamanda sonuncu parlament seçkiləri də növbədənkənar keçirilib. Bununla bağlı Azərbaycanın istər seçki qanunvericiliyində, istər Seçki Məcəlləsində, eyni zamanda da seçkilərin təşkili ilə bağlı Mərkəzi Seçki Komissiyasının təlimatlarında müvafiq müddəalar vardı. Bu baxımdan bu cür məsələləri mübahisələndirmək üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycanda seçkilərin növbədənkənar formada keçirilməsi ilə bağlı bir sıra əsaslar var. Bununla bağlı Azərbaycan Prezidenti yerli televiziyalara müsahibəsində də geniş şərh verdi ki, nə üçün Azərbaycanda prezident seçkiləri növbədənkənar keçirilir. Bu Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra keçirilən ilk seçkilər olacaq. 7 fevral seçkiləri Azərbaycanın tam suveren ərazilərində, Xankəndi, Şuşa və digər azad edilmiş rayonlarda ilk dəfə təşkil olunacaqdır. Bu ilin sonunda da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Prezident seçkilərinin keçirilməsi siyasi və rəmzi məna daşıyır. İlk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazilərini əhatə edən seçkilərin məhz prezident seçkisi olması tamamilə anlaşılandır. Çünki prezident institutu Azərbaycanda hakimiyyəti təmsil edən ən ali qurumdur. Bu baxımdan bütöv Azərbaycanda seçki olaraq ilk dəfə prezident seçkilərinin keçirilməsini biz bir mərhələnin başa çatması kimi, yəni Azərbaycanın müstəqillik qazanandan bəri 30 illik mərhələsinin bir nöqtəsi olaraq bu seçkinin keçirilməsini görürük. İstər vətəndaş cəmiyyəti, istər də digər əhali qrupları da növbədənkənar seçkilərin keçirilməsinə normal yanaşırlar.
Ölkədə seçki təşviqatı artıq başlayıb. Biz onların ödənişsiz efir vaxtından istifadəsi üçün şərait yaradılıb. Eyni zamanda namizədlərin bölgələrdə əhali ilə görüşləri keçirilir. Mətbuatda, sosial şəbəkələrdə onların ifadə etməsiylə bağlı görüntülərə rast gəlinir. Hazırda namizədliyi qeydə alınmış şəxslərdən seçki prosesi, təşviqatı ilə bağlı hansısa etiraz, narazılıq görməmişik. Seçki təşviqatını hər kəs öz imkanları və gücü çərçivəsində aparırlar, Bakıda və rayonlarda görüşlər keçirirlər. Olsa bilsin ki, hazırkı mövsümlə əlaqədar açıq hava tədbirləri məhdud olsun, amma salon tədbirləri keçirilir və namizədlər də öz seçki platformalarını izah edirlər”.
“Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov: “Azərbaycanda illərdir seçki təcrübəsi var. Bu sahədə qanunvericilik hər seçkidən sonra daha da təkmilləşir. Beynəlxalq təşkilatların verdiyi tövsiyələrə əsasən bu sahədə qanunvericilik kifayət qədər təkmilləşib. Seçkidə iştirak edən subyektlər üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda azad media subyektlərinin də müşahidə aparması üçün qanunvericilik bazası kifayətqədər təkmilləşdirilib. Biz namizədlərin təbliğat-təşviqat prosesində seçki ilə bağlı çıxışlarını izləyirik. Kifayət qədər açıq debatlar təşkil olunur, namizədlər öz fikirlərini bildirirlər. Bu yalnız bu gün deyil, əvvəlki dövrlərdə də belə olub. Bütün iştirak etmək istəyən namizədlərə, hətta bəzən qeyri-obyektiv çıxışlar edən müxalifətə də illər öncə şərait yaradılıb ki, media vasitəsilə öz fikirlərini çatdırsınlar. Bu gün də bu davam edir və Müşahidə edirik ki, seçki prosesi ilə bağlı yetərincə qanunvericilik bazası var, seçkilərdə iştirak edən bütün namizədlərin hüquqları dövlət tərəfindən qorunur və azadlıqlar verilir.
Ölkədə seçki mühiti kifayət qədər açıq, şəffaf, demokratikdir. Fəal şəkildə seçkilər gedir, həm namizədlərin öz fəaliyyətlərini qurması, təbliğat-təşviqat işləri aparması, yerlərdə əhali ilə görüşmək üçün regionlara səfərlər etməsinə şərait yaradılıb. Eyni zamanda da beynəlxalq təşkilatlar, yerli ictimaiyyət nümayəndələri, QHT-lər, KİV-lərin də seçki ilə bağlı öz fikirlərini bildirməsində heç bir məsuliyyət görmürəm. Bu il əvvəlki illərə bu il seçki ilə bağlı baxanda biz daha çox inkişafın şahidi oluruq. Seçkilər ölkənin bütün ərazilərində keçirilir. Bütün vətəndaşlara şərait yaradılıb, hətta çağırışlar edilir ki, seçkilərdə fəal olsunlar. Adətən bunu hökuməti tənqid edən insanlar edir, amma biz görürük ki, hakimiyyət özü insanlara şərait yaradır ki, seçkilərə gedin. Bu onu göstərirki, dövlətin iradəsi var və bu da seçkilərin təşkilində öz əksini kifayət qədər tapıb”.
“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri Telman Qasımov: “Seçki məsələlərində Azərbaycanın böyük təcrübəsi var. Üstəlik də seçki ərəfəsində xüsusən də növbədənkənar keçirilməsinə baxmayaraq prezident seçkilərində Respublika, xalq olaraq bizim dəstəyimiz cənab prezidentədir. Azərbaycan üçün böyük işlər görmüş, ərazi bütövlüyümüzü bərpa edən İlham Əliyevdir. Ona görə də mən düşünürəm ki, həm hüquqi, həm də xalqın bu işlərdə səfərbər olması məsələsində Azərbaycan xalqı cənab prezidentin yanındadır.
Azərbaycanda seçki mühiti çox yaxşı formalaşıb. Mən öz təcrübəmə əsasən deyirəm ki, xalq da çox böyük əhval-ruhiyə var. Kimdən sorğu-sual etsən cavab eyni olur “Bizim seçəcək bir namizədimiz var, o da İlham Əliyevdir”. Seçki mühiti çox gözəldir, düşünürəm ki, fevralın 7-də xalq olaraq səfərbər olaraq Ali Baş Komandanımızı seçəcəyik. Mən açığı deyim, digər keçirilən seçkilərə baxanda bu ilki seçkilərdə xalqdakı əhval-ruhiyə daha yüksəkdir”.
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli: “Qarşıda gələn növbədənkənar Prezident seçkiləri Azərbaycan cəmiyyətində aktiv müzakirə olunur. Ümumilikdə növbədənkənar seçkilərin yüksək səviyyədə, demokratik, açıq və şəffaf keçirilməsi üçün lazımi qanunvericilik bazası mövcuddur. Bu baza tam olaraq beynəlxalq seçki standartlarına uyğundur.
Azərbaycan Respublikasının Ana qanunu olan Konstitusiyanın 101-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. Azərbaycan Respublikasının Seçki məcəlləsinin 179-cu maddəsi Növbədənkənar Prezident seçkilərinin keçirilməsi məsələlərini tənzimləyir.Eyni zamanda həm namizədlərin, həm beynəlxalq və yerli müşahidəçilərinin, medianın və QHT-lərin aktivliyi bizə deməyə əsas verir ki, ölkədə effektiv seçki mühiti formalaşmışdır.
“Prezident seçkiləri də bu yeni dövrün başlanğıcıdır. Azad edilmiş ərazilərdə və ölkəmizin hər bir yerində prezident seçkiləri əhəmiyyətinə görə ən vacib seçki olduğuna görə yeni tarixi reallıq dövründə ilk seçki olmalıdır.7 fevral – növbədənkənar Prezident seçkiləri öncəsi QHT-lərin ciddi şəkildə təşkilatlanması və koalisiyalarda birləşməsi müşahidə olunur.Hazırda seçkiləri monitorinq etmək üçün QHT-lərin bir neçə koalisiyası elan olunub. Xəbərlərdən izləyirik ki, hər bir Koalisiyanın üzvləri ayrı-ayrılıqda prezidentliyə namizədlərlə görüşlər keçirirlər. Görüşlər zamanı namizədlərin seçki kampaniyasına hazırlığı, prosesin gedişatı, ümumi seçki mühiti, media münasibətləri kimi məsələlər ətrafında geniş müzakirələr aparılır.Görünən odur ki, 7 fevral - növbədənkənar Prezident seçkilərində QHT sektoru kifayət qədər aktiv olacaq. Bu, seçkilərin ədalətli, şəffaf keçirilməsini şərtləndirən əsas meyarlardan biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB