7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bəs gəlin görək Azərbaycanda seçki mühiti necə formalaşıb, hüquqi normativ baza necə təmin olunub, medianın fəaliyyəti necə tənzimlənib və s. SİA olaraq media kapitanları arasında sorğu keçirərək onların fikirlərini aldıq.
Mətbuat Şurası İdarə Heyətinin sədri Rəşad Məcid: "Ölkənin mütəzəm yayımlanan media subyektlərinin seçki kampaniyası dövründəki materiallarının monitorinqi aparılacaq. Seçki prosesi ilə bağlı sosial şəbəkələrə diqqət yetirilməsi nəzərdə tutulur. “Qara piar” və bu xüsusda peşə prinsiplərinin pozulması hallarına ciddi şəkildə nəzarət ediləcək, belə hal baş verərsə reaksiya bildiriləcək. Seçkilərlə bağlı müvafiq tövsiyələrin ünvanlanması da nəzərdə tutulur. Zəruri hallarda açıqlamalar yayılacaq. Mətbuat Şurası “qaynar xətt”lə bağlı seçkiyə bir neçə gün qalmış məlumat yayacaq. Məlumatda “qaynar xətt” rejimində fəaliyyət göstərəcək şəhər və mobil telefon nömrələri qeyd ediləcək. “Qaynar xətt” seçki günü səsvemə başlayan andan bitənədək fəaliyyət göstərəcək. Seçkini işıqlandıracaq jurnalistlər zəng edərək peşə vəzifələrinin icrasındakı mümkün maneələrlə bağlı mılumat vermək imkanı əldə edəcəklər. Belə məlumatlar olacağı təqdirdə, Mərkəzi Seçki Komissiyası ilə əlaqə yaradılıb, aradan qaldırılması təmin olunacaq.
Seçki günü Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Bakıdakı və bölgələrdəki dairə və məntəqə seçki komissiyalarında müşahidə aparacaq, jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraitlə tanış olacaqlar”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu: “Azərbaycanda bütün növ seçkilərin keçirilməsi üçün hüquqi normativ aktlar mövcuddur və obyektiv səbəblərdən zərurət yarandıqda qanunvericiliyə - Seçki Məcəlləsinə zaman-zaman əlavə və dəyişikliklər edilir. Seçkilərin açıq, şəffaf keçiriləməsini təmin etmək, namizədlərə bərabər şərait yaratmaq, seçicilərin səsvermə hüququndan sərbəst şəkildə yararlanmasına nail olmaq, nəticələri obyektiv təqdim etmək Mərkəzi Seçki Komissiyasının əsas funksiyasıdır. Seçki prosesinin hər detalı məhz Seçki Məcəlləsi ilə tənzimlənir.
17 şəxsin prezident seçkisində namizədliyini irəli sürməsinə baxmayaraq, cəmi 7 nəfərin qeydiyyata alınması qanunuverciliyin tələblərinə ciddi əməl edilməsini göstərən amillərdəndir.Təbii ki, 10 nəfərin MSK-ya təqdim etdiyi sənədlərdə Seçki Məcəlləsinin maddələrinə zidd çatşımazlqlar aşkara çıxıb ki, onlar qeydiyyata alınmayıblar. Yanvarın 15-dən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılıb. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
MSK jurnalistlərin seçki prosesini obyektiv və operativ işıqlandırmalarına daha geniş şərait yaradılması məqsədi ilə “Seçki-2024” Müstəqil Media Mərkəzi yaradıb. Yayılan rəsmi məlumatda bildirilir ki, MSK sədri yaradılmış şəraitlə yaxından tanış olub, yerli və beynəlxalq media nümayəndələrinin prezident seçkiləri ilə bağlı sərbəst və asan məlumat əldə etmələrinin, seçki prosesinin digər iştirakçılarına da daha effektiv və keyfiyyətli xidmət göstərilməsinin zəruriliyini vurğulayıb. Jurnalistlər həmişə olduğu kimi, bu dəfə də seçki prosesini işıqlandırarkən Seçki Məcəlləsi, “Media haqqında” Qanun”, Jurnalistlərin Etik Davranış qaydalarına istinad edəcəklər. Belə olan təqdirdə seçki dövründə və xüsusən səsvermə günü – fevralın 7-si və nəticələrin elan olunması ərəfəsndə hazıralanacaq informasiyalar, reportajlar, təhlillər obyektiv olmaya bilməz”.
Mətbuat Şurası İdarə heyətinin üzvü, "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev: “Azərbaycanda ən təkmil, hərtərəfli, hüququ baza yaradılmış proseslərdən biri seçki prosesidir. Artıq ölkənin Seçki Məcəlləsi tam şəkildə qəbul olunub. Bu Məcəllə yerli şəraitin, beynəlxalq normaların, milli qanunvericiliyin tələblərini özündə əks etdirir. Azərbaycanda seçki prosesinin əsasları birinci növbədə konstitusiya ilə müəyyən olunur. İkinci növbədə isə konstitusiyadan çıxan qanunlarla tənzimlənir, bunlar müxtəlif adlarda qanunlardır. Sərbəst toplaşmaq, sərbəst birləşmək, "Media Azadlığı" haqqında qanun kimi qanunlar müxtəlif formalarda seçki prosesini dolayı da olsa tənzimləyir. Ancaq birbaşa və hərtərəfli formada tənzimləyən, normativlər yaradan Seçki Məcəlləsidir. Fikrimcə, Seçki Məcəlləsində ölkədəki seçki prosesinin hətta ən incə detallarına qədər hər şey əks olunub. Bu detalların öyrənilməsi, tətbiq olunması fikrimcə, sonda Seçki Məcəlləsi əsasında ortaya qoyulmuş nəticəyə hansısa mübahisə yaxud şübhənin yaranmasına imkan verməz. Seçki Məcəlləsində normativlər o qədər çoxsaylı və dəqiq müəyyənləşib ki, bu Məcəlləyə 100% əməl olunacağı təqdirdə aparılan seçkilərin nəticələri çox çətin ki, mübahisə doğursun. Mübahisəni ancaq siyasi nüanslar doğura bilər. Müəyyən siyasi dairələr onsuz da Seçki Məcəlləsinin necə tətbiq olunmasından asılı olmayaraq hər zaman seçkilərin əleyhinə gedirlər. Ya ümumiyyətlə qatılmayaraq boykot edirlər, ya da seçkinin nəticəsində uduzduqlarını bununla ört-basdır etmək üçün seçkinin nəticələrinə müəyyən şübhəli bəyanatlar yayırlar. Amma seçkinin nəticəsinə bu gün qüvvədə olan Seçki Məcəlləsinin tam şəkildə yanaşılsa və qiymət verilsə onda seçkinin nəticələrinə hansısa şübhənin ola biləcəyini düşünmürəm. Ona görə ki, Seçki Məcəlləsində normativlər ən xırdalardan tutmuş, ən böyüklərə qədər hər şeyi özündə əks etdirir. Məntəqələrə gəlmək, seçici siyahılarının müəyyənləşdirilməsi, seçkiyə qatılan namizədlərin müəyyənləşdirilməsi proseduru, partiyalararası seçki bloklarının yaradılması, təbliğatın qurulması, səsvermə və nəticələri Seçki Məcəlləsində o qədər dəqiq və xırda detallarına qədər əks olunub ki, bunlara əməl olunacağı təqdirdə nəticələrin mübahisəli olacağına bir qram da olsun inam yoxdur.
Ölkədə seçki mühiti 3 əsas faktorun təsiri altında formalaşır. Birincisi indiyəqədər Azərbaycanın 30 illik müstəqillik dövründə həyata keçirdiyi seçkilər nəticəsində qazanılmış təcrübə və ənənə əsasında formalaşır. Bu proses təkmilləşməyə doğru gedir. Məsələn 1995-1998-ci illərdə aparılan seçki ilə indiki seçki mühitini müqayisə etmək olmaz. Müəyyən ənənə formalaşır ki, bu seçki mühitinin formalaşmasına təsir göstərir. İkincisi qüvvədə olan qanunvericilik, təkmilləşdirilmiş konstitusiya və Seçki Məcəlləsinin təsiri altında seçki mühiti formalaşır. Üçüncüsü isə Azərbaycanda seçki mühitinin formalaşmasına əsas təsirlər məhz beynəlxalq faktorlardan gəlir. Ona görə də ölkədə seçki mühitinin formalaşmasını tək bir amilə bağlamaq olmaz. Burada bir neçə faktor rol oynayır.
Seçkilər dövründə medianın fəaliyyətini tənzimləyən məxsusi sənədlər qəbul olunub. Bildiyim qədərilə Mərkəzi Seçki Komissiyası bununla bağlı seçkilər dövründə medianın davranış normalarını özündə əks etdirən yaddaş kitabçaları hazırlayıb. Bunlar müəyyən jurnalist dairələrində var. Jurnalistlər seçki günündə seçici kimi yox, seçkinin gedişini işıqlandırmalı olan subyektlər kimi özlərini necə aparmalıdır sualına həmin kitabçalarda cavab var. Yəni jurnalistlərin bu prosesdə iştirakı artıq ayrıca bir institut kimi formalaşıb. Məsələn bir vaxtlar seçkiyə qatılmış seçkiyə qatılmış namizədlərin vəkili kimi çıxış edirdilər. Bir haqsızlıqla rastlaşanda az qala namizədin vəkili yaxud özü rolunda çıxış edirdi. Bu əcaib bir görüntü idi. Amma indi jurnalistlər xeyli dərəcədə sivilləniblər. Qüvvədə olan qanunları, seçki normativlərini yaxşı mənimsəyiblər. Bunlara uyğun olaraq davranışlarını xeyli dərəcədə yaxşı şəkildə qurublar. Eyni zamanda MSK- da prosesə medianı çox aktiv cəlb edib. Orada müstəqil media mərkəzi yaradılıb, təşviqat kampaniyasının ödənişli mərhələsində iştirak etmək üçün müraciətlər olunub. Artıq xeyli sayda media orqanları qeydiyyatdan keçib. Bir sözlə media seçki prosesinin çox vacib bir institudur. Bu institut həm seçicilərin iradəsinin ifadə olunmasında önəmli rol oynayır, həm də seçkinin nəticələrinin cəmiyyətdə əksəriyyət tərəfindən qəbul olunmasında ideoloji rol oynayır”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət: "Azərbaycanda seçkininin normal keçirilməsi üçün ideal bir şərait var. Vətəndaşların öz iradəsini azad şəkildə ifadə etməsi üçün dövlət üzərinə düşən hər şeyi edir. Namizədlərin irəli sürülməsi, seçki kampaniyasının aparılması, hətta seçiciləri namizədləri daha yaxşı tanıya bilməsi, pulsuz efirin təmin edilməsi, digər tərəfdən də seçki məntəqələrinin bolluğu yəni vətəndaşın özünə ən yaxın və uyğun yerdə gedib iradəsini ifadə edilməsi üçün şəraitin yaradılması mövcuddur. İndi kimsə bəhanə edə, kölgə sala bilməz ki, “Yox burada seçkinin keçirilməs, yaxud seçicinin iradəsini ifadə etməsi üçün şərait yaradılmayıb. Hər bir şərait var, sadəcə vətəndaşın üzərinə düşən vəzifə 7 fevralda gedib öz iradəsini azad şəkildə ifadə etməkdir. Onun əlindən heç kim tutan, yaxud başının üstündə duran deyil. Təbiidir ki, vətəndaşların da bu şəraiti uyğun şəkildə qiymətləndirməsi lazımdır. Yəni tənbəllik etəməli, hamılıqla seçkidə iştirak etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB