"İlham Əliyevdən başqa prezidentliyə namizəd görmürəm" - SORĞU

"İlham Əliyevdən başqa prezidentliyə namizəd görmürəm" - SORĞU

Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. İlham Əliyev seçkilərin keçirilməsinin üç səbəbini bildirib: suverenliyin bərpası, ilk dəfə ölkənin hər yerində seçki keçirilməsi imkanı və ötən il prezident kimi onun fəaliyyətinin 20 ilinin tamam olması. YAP da İlham Əliyevin namizədliyini irəli sürdü. SİA olaraq vətəndaşlara "İlham Əliyevin prezidentlik fəaliyyətini necə qiymətləndirirsiniz" sualı ilə müraciət etdik.

Şəhər sakini Rəqsanə Xoçberova: "Prezidentimizin fəaliyyətini çox yüksək səviyyədə dəyərləndiririk. O, bizim torpaqlarımızı geri qaytardı. İndi orada bərpa işləri gedir. Bu işləri çox yaxşı qarşılayıram. Ancaq ona səs verəcəyəm".

Şəhər sakini Kəyani Pərvin: "İlham Əliyev prezident olaraq ölkə üçün az işlər görməyib. Qarabağın erməni işğalından azad olunması öz sözünü deyir. O, xalqın çoxdan gözlədiyini etdi, ümidlərini doğrultdu. Azərbaycan inkişaf edir, ona görə də, güman edirəm ki, seçkidə qalib gələcək".

Şəhər sakini Elçin Məmmədov: "İlham Əliyevin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Son 30 ildə görülməyən işlər görüldü. Fəxr edirik ki, belə prezidentimiz var".

Şəhər sakini Anar Əhmədov: "Bir nömrəli prezidentimiz var, ondan başqası yoxdur. İstəyirəm ki, həmişə belə inkişaf edək. Prezident əsas məsələlərimizi bitirib. Görək, növbəti illərdə hansı uğurlara imza atacağıq".

Şəhər sakini İsmayıl Məmmədzadə: "Prezidentin fəaliyyətini çox gözəl, yüksək səviyyədə qiymətləndirirəm. Alternativ variant görmürəm. Yalnız İlham Əliyev bizim Ali Baş Komandanımız, prezidentimizdir. Digər namizədlər uşaqdır, onun heç dırmağı da ola bilməzlər. Yaxşı da olacaq, ümidvaram ki, prezidentimiz yenidən seçiləcək. Bu, bizi şad və məmnun edər. Onun əməyini şəxsən yüksək qiymətləndirirəm".

Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi Valeh Məmmədov: "Mən Azərbaycan vətəndaşı kimi ikinci adamın prezidentliyə namizəd olmasını görmürəm. İlham Əliyev 20 illik fəaliyyətində işi, gücü, səriştəsi ilə bunu sübut edib. Ən əsası bizim 200 ildən çox həmişə başı aşağı olmağımızın səbəbini həll edib. İndi biz başı yuxarı gəzirik. İndi biz torpağımızın sahibi olmuşuq. Böyük məmnuniyyətlə, vətəndaş kimi deyirəm ki, İlham Əliyevdən başqa namizəd görmürəm. Beynəlxalq aləmdə də belədir ki, iddiaçılar olmalıdır. Amma hamı bilir ki, bizim prezidentimiz var. Biz yenə ona səs verəcəyik. Siyasətçilər perspektivi daha yaxşı görürlər. Prezidentimizin gənclərlə işini yüksək qiymətləndirirəm, gəncləri işə cəlb edir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə