Prezidentin müsahibəsi Yaponiya portalı tərəfindən geniş işıqlandırılıb

Prezidentin müsahibəsi Yaponiya portalı tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Yaponiyanın “AJMEDIA News” portalı tərəfindən geniş işıqlandırılıb. Portalın yapon, ingilis və Azərbaycan dilində yaydığı məlumatlarda dövlətimizin başçısının Azərbaycanın 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından bu günədək keçdiyi inkişaf yolundan, regionda və beynəlxalq münasibətlər sistemində artan rolundan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, eyni zamanda, müasir tariximizin yeni dövrünün çağırışlarından bəhs edən fikirləri əksini tapıb.

Yazılarda dövlətimizin başçısının Zəngəzur dəhlizinin açılmasının önəmi barədə fikri xüsusi vurğulanıb, Prezident İlham Əliyevdən sitatlar izləyicilərin diqqətinə çatdırılıb. Məlumatlarda Prezident İlham Əliyevin “Azərbaycandan Azərbaycana insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik” ifadəsinə xüsusi yer verilib.

Bununla yanaşı, Prezident İlham Əliyevin Fransanın Ermənistanı müharibəyə hazırlaşdırması barədə sözləri diqqətə çatdırılıb: “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır”.

Portal tərəfindən məlumatlar dövlətimizin başçısının “Xankəndidə Bayrağın qaldırılması Zəfərimizin son nöqtəsi idi”, “Əsgərlərimiz böyük qəhrəmanlıq göstərdi”, “Bizimlə hədə-qorxu dili ilə, yaxud da təkəbbürlə davranmaq mümkün deyil”, “Zəngəzur dəhlizi açılmasa Ermənistan zərər çəkəcək”, “Ermənistanı silahlandıran, müharibəyə hazırlayan ölkə Fransadır” və “Azərbaycanlılar Qarabağa qayıdır” kimi fikirlərindən ibarət başlıqlarla təqdim olunub. Bundan başqa, xəbərlərdə dövlətimizin başçısının Qarabağ Zəfəri, Xankəndidə, Xocalıda Azərbaycan Bayrağını ucaltması barədə fikirləri də diqqətə çatdırılıb.
Məqalələrdə, həmçinin dövlətimizin başçısının fevralın 7-nə təyin edilən növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amilləri açıqladığı da bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə