"Prezident seçkilərindən sonra Azərbaycanda yeni bir dövr başlayacaq" - HULUSİ KILIÇ DANIŞDI

"Prezident seçkilərindən sonra Azərbaycanda yeni bir dövr başlayacaq" - HULUSİ KILIÇ DANIŞDI

“2024-cü ildə Azərbaycan-Türkiyə münasibətləri əvvəlki illərdəki inkişafa söykənərək daha da irəli gedəcək”. Bu barədə SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə, 22 fevralda Ankarada Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz ve Azərbaycanın Baş naziri Əli Əsədovun başçılığı ilə “11-ci Türkiyə İqtisadi Komissiya Görüşü” keçiriləcək: “Bu görüşdə mövcud problemlər, 2024-cü ildəki iqtisadi və ticari sahədə irəliləmələr müzakirə ediləcək. Bu görüş iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Siyasi cəhətdən isə Türkiyə-Azərbaycan münasibətləri bir dövlət kimi irəliləməkdədir. Azərbaycanın siyasətini Türkiyəninki, Türkiyənin siyasətini Azərbaycanınkı kimi qəbul etmək lazımdır. İki ölkə başçısı arasındakı əlaqələrin nə qədər güclü olduğunu cənab Prezidentin son müsahibəsində gördük”.

H.Kılıç bildirib ki, hərbi sahədə də ki ölkənin müdafiə nazirlikləri arasındakı əlaqələr də möhkəmdir. Əlaqələr daha da inkişaf edəcək: “Türkiyə və Azərbaycan orduları müasir alətlərlə təmin edilməyə davam edəcək. Bu bölgənin çəkindirici qüvvələri olaraq biz müharibə istəmirik. Nəticə etibarilə 2024-cü ilin çox gözəl keçəcəyini gözləyirik. Prezident seçkilərindən sonra Azərbaycanda yeni bir dövr başlayacaq. Yeni seçkilər Azərbaycanın bütün torpaqlarında, Ağdamda, Xankəndidə, Şuşada, hər yerdə keçiriləcək və Azərbaycan üçün bir tarix olacaq. Bu baxımdan 7 fevralda keçiriləcək seçkilərdən sonra hər şey çox fərqli olacaq.

İnanıram ki, Prezident İlham Əliyev yenidən seçiləcək. Azərbaycan xalqının verəcəyi ən gözəl, ən doğru qərar budur. İlham Əliyevin yenidən seçilməsindən sonra ilk xarici ziyarətini Türkiyəyə edəcək. Bu ziyarətdə 2024-cü il üzrə Azərbaycan-Türkiyə əlaqələri ilə bağlı görüş olacaq. Mənə görə 2024-cü ilin ən əhəmiyyətli hadisəsi 7 fevralda seçkilərin keçirilməsi və prezidentin Türkiyəyə edəcəyi səfərdir. Bu səfər Türkiyə-Azərbaycan əlaqələrinin 2024-cü ildə necə seyr edəcəyini göstərəcək. Bu ilin Türkiyə-Azərbaycan əlaqələri baxımından uğurlu bir il olmasını arzu edirəm”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə