"Azərbaycan ərazilərini kimsəyə güzəştə getmək fikrində deyil" – DEPUTATIN ŞƏRHİ

"Azərbaycan ərazilərini kimsəyə güzəştə getmək fikrində deyil" – DEPUTATIN ŞƏRHİ

“Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində çox mühüm məsələlərə toxunuldu. Bu müsahibəni həm ötən illərin hesabatı və həm də yeni ildə görüləcək işlərin “yol xəritəsi” adlandırmaq olar. Dövlətimizin başçısının fikirlərində separatçılığın kökünün kəsilməsində ordumuzun keçirdiyi əməliyyatlar, sərhəddə baş verənlər, Ermənistanla sülh müqaviləsi, anklavlar məsələsinin prioritet olması təsadüfi deyildi. Məhz bu hadisələr Azərbycanın öz ərazilərində suveren hüquqlarının bərpa olunmasında önəmli rol oynadı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, dövlət başçısı müsahibəsində gələcək planlardan, xüsusən də 8 kəndin taleyindən danışarkən, məsələnin milli maraqlarımız çərçivəsində həll olunacağı bildirdi: “Rəsmi Bakının bu kəndlərin qaytarılması ilə bağlı planı konkretdir. Həmin əraziləri ermənilərə peşkəş verəsi deyilik, həmin kəndlər Azərbaycanın əzəli torpaqlarıdır. Prezident də qeyd etdi ki, ayın sonunda məsələ Ermənistanla müzakirə ediləcək. Amma Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir. Hərçənd, Prezident İlham Əliyev anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır.

Sərhədin delimitasiyasının 1920-ci illərin xəritələrinə əsasən aparılması məntiqlidir. Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan SSRİ-nin tərkibinə təxminən 114 min kvadrat kilometr ərazisi ilə daxil edilmişdi. Əgər SSRİ parçalanıbsa, Azərbaycan müstəqillik əldə edibsə, deməli ərazisi də əvvəlki ölçüdə olmalıdır. Bunun alternativi yoxdur. İlham Əliyevin XX əsrin əvvəllərinə aid xəritələrin əsas götürülməsi haqda dedikləri də bu konteksdə diqqət çəkir. Müsbət bir hal kimi delimitasiya komissiyasının əsasnaməsinin təsdiq olunmasını qeyd etmək lazımdır. MDB Dövlət Başçılarının Sankt-Peterburqda formal sammiti çərçivəsində də liderlərin ayaqüstü söhbəti əsnasında da anklavlar məsələsi müzakirə edilib və 8 kəndin gələcəyinə dair fikir mübadiləsi aparılıb. İnanırıq ki, sərhədlərin müəyyənləşdirilməsi və kəndlərin qaytarılması məsələsi həllini tapacaq. Aydındır ki, bu, çətin və vaxt aparan məsələdir, amma mümkünsüz deyil”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə