Prezident İlham Əliyev: "Hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır"
Bu gün Azərbaycanın yaratdığı tarixi reallıqların məntiqi nəticəsi olaraq ölkəmiz yeni mərhələni yaşayır. Azərbaycanın öz suverenliyinin bərpası, Qarabağın azad olunması, eləcə də Qarabağdan separatizmin təmizlənməsi yeni imkanlar yaratmış oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri həm Vətən müharibəsində, həm də lokal antiterror tədbirləri zamanı peşəkarlığını, qarşısına qoyulmuş vəzifələri ən yüksək səviyyədə icra etmək məharətinə malik olduğunu bir daha nümayiş etdirdi. Artıq 30 ilə yaxın işğal altında olan və 44 günlük Vətən müharbəsi zamanı azad olunan hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. İşğaldan azad olunan ərazilərimizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzurda orada sürətli bərpa və yenidənqurma işləri aparılır.
"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. Azərbaycanın dilbər guşəsi Qarabağımız və Şərqi Zəngəzur müasir dünyamızda yeni dövrünü yaşayır. Qarabağımız müasir dünyanın ahəngində qurulur, ona yeni həyat verilir. Bu gün Zəfər qazanan Azərbaycan tarixin dönəmində inkişaf yolu keçmiş Qarabağımızda böyük quruculuq işlərinə başlanılıb. Şuşada, Zəngilanda, Laçında və digər ərazilərdə böyük abadlıq-quruculuq işlərinə başlanılıb.
"LAÇIN, FÜZULİ ŞƏHƏRLƏRİ, AĞALI, TALIŞ VƏ ZABUX KƏNDLƏRİ ARTIQ DİRÇƏLİR"
İşğaldan azad olunan hər bir şəhər, qəsəbə və kənd müasir məkana çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə bildirdiyi kimi, "Bu günə qədər görülən işlər göz qabağındadır". Cənab Prezident bildirib ki, bütün böyük infrastruktur layihələri ilə yanaşı, hesab edirəm ki, əsas nailiyyətimiz odur ki, beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar: "Laçın, Füzuli şəhərləri, Ağalı, Talış və Zabux kəndləri artıq dirçəlir. Bu il həmin o yaşayış məntəqələrinə keçmiş köçkünlərin qaytarılması davam edəcək. Bu ilin İnvestisiya Proqramı yaxın günlərdə mənim tərəfimdən təsdiq olunacaq, bir neçə dəfə artıq müzakirədən keçib. Həm Qarabağa, Şərqi Zəngəzura, həm də ölkəmizin digər yerlərinə aid İnvestisiya Proqramı bizim əsas alətimizdir, bərpa üçün əsas alətimizdir. Bu il Qarabağda, Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Bunlar nəhəng layihələrdir".
"SUQOVUŞANI BİZ YENİDƏN QURDUQ"
Vətən müharibəsində qazandığımız Zəfərdən üç il zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Ən əsası isə onu qeyd edək ki, işğaldan azad olunan ərazilərimizdə kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və Böyük Qaydışımızla əzəli Qarabağ torpağında insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Bütün bunlar Cənab Prezidentin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. İnkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz güclüdür və siyasi iradənin gücü bütün çətinliklərə müvəffəq olur. "Bildiyiniz kimi, su anbarları, yollar, körpülər, dəmir yolları, məktəblər, xəstəxanalar, artıq başlamışdır onların inşaatı, bəziləri artıq istifadəyə verilmişdir. İçməli su xətləri, elektrik enerjisi ilə bağlı layihələr, suvarma ilə bağlı qeyd etdiyim su anbarları, məsələn Sərsəng Su Anbarı - bu gün anbarda ancaq 50 faiz su var. Çünki işğal dövründə ermənilər ancaq onu istismar ediblər. Yəni, oraya bir qəpik də vəsait qoyulmamışdı. Xaçınçay Su Anbarı tamamilə məhv edilmişdi, indi bu yaxınlarda açıldı. Yaxın gələcəkdə Füzulidəki Köndələnçay Su Anbarının açılışını edəcəyik. Suqovuşanı biz yenidən qurduq, indi kanallar çəkilir. Ondan sonra Zabuxçay Su Anbarının inşası bu il tamamlanacaq, o da böyük ərazini suvarma suyu ilə təmin edəcək" – deyə Prezident bildirib. Reallaşacaq layihələr işğaldan azad edilmiş rayon, kənd və qəsəbələrin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. İrimiqyaslı layihələr sırasında beynəlxalq hava limanları, "yaşıl enerji" zonasının yaradılması məqsədilə pilot layihələr qismində bəzi yerlərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının tətbiqinə start verilməsi və s. ərazilərdə aparılan abadlıq quruculuq işləri Böyük Qayıdışın təntənəsidir. Suqovuşanda təkcə yol infrastruktu deyil, abadlıq-quruculuq işləri də davam etdirilir. Görülən işlərin davamı olaraq "Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı, Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışı olub. Xüsusi olaraq qeyd etməliyik ki, işğaldan azad edilən ərazilərdə hərbi hissələrin açılması, ən müasir texnikalarla təchizatı Azərbaycanın hərbi təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının göstəricisidir. Onu da bildirək ki, Suqovuşanda Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Suqovuşan qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binası təmir olunur. Əlbəttə ki, bu və ya digər irimiqyaslı lahiyələrə start verilməsi işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir. Dövlət başçısı qeyd edib ki, keçmiş köçkünlər qayıdanda artıq orada əkin-biçin üçün şərait olmalıdır: "Onu da bildirməliyəm ki, qayıdan keçmiş köçkünlərin məşğulluğu ilə bağlı bizim qurumlarımız ciddi məşğuldur və həm gedənə qədər onlar üçün treninqlər keçirilir, həm də yerlərdə yeni istehsalat sahələri, sənaye müəssisələri yaradılır və yaradılacaq. Ağdamda və Cəbrayılda iki böyük sənaye zonası artıq fəaliyyətə başlayıb və bu il o zonaların fəaliyyəti böyük dərəcədə genişlənəcək".
"XOCALI RAYONUNUN KƏRKİCAHAN, MALIBƏYLİ, TURŞSU KƏNDLƏRİNİN DƏ BƏRPASINA ARTIQ START VERİRİK"
Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. Məlumdur ki, birinci pilot layihə olan "Ağıllı kənd" layihəsi Zəngilanda icra edildi. 2022-ci ildə Ağalıya köç başladı. Bu gün Ağalı kəndi dünyanın ən müasir kəndlərindən birinə çevrilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanıldı. Qısa bir zamanda reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu.
"Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq" – deyən Prezident diqqətə çatdırıb ki, Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur: "Bununla paralel olaraq bir çox kəndlərdə, - hansılarda ki, mən təməl qoymuşam, - orada inşaat davam edəcək, bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. Məsələn, Laçın rayonunun Sus kəndi hazır olacaq. Ondan sonra Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Turşsu kəndlərinin də bərpasına artıq start veririk. Kəndlər tamamilə dağılmış vəziyyətdədir. Mən Qarabağa son səfərim zamanı oraya baş çəkmişəm. Tamamilə dağılmış vəziyyətdədir, Malıbəyli məscidi də dağılmış və vandallar ondan da peyin anbarı kimi istifadə etmişlər. Yəni, sadaladığım bu, ən azı şəhər və kəndlərə keçmiş köçkünlər qayıdacaq və 2026-cı ilin sonuna qədər o artıq bəyan edildi, hədəfimiz 140 min keçmiş köçkünü öz dədə-baba torpaqlarına qaytarmaqdır. Əminəm ki, biz buna da nail olacağıq. Onu da bir daha bildirməliyəm ki, bütün bunları biz öz daxili imkanlar hesabına edirik. Heç bir donor təşkilatı, heç bir digər tərəf bizə kömək göstərmir. Ancaq Özbəkistan və Qazaxıstan Füzulidə iki məktəbin tikintisi ilə bağlı bizə qardaş dəstəyi göstərmişdir, bütün qalan layihələr daxili imkanlar hesabına reallaşdırılır".
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin daimi-təhlükəsiz məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün şərait yaradır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB