"Erməninin hazırladığı hesabat heç vaxt obyektiv ola bilməz" - ŞƏRH EDİLDİ

"Erməninin hazırladığı hesabat heç vaxt obyektiv ola bilməz" - ŞƏRH EDİLDİ

"ABŞ Dövlət Departamentinin Azərbaycanda dini azadlıqların səviyyəsi ilə bağlı bəlli hesabatı mahiyyətcə qərəzlidir. Həmçinin, bu hesabatın açıqlanması üçün münasib olmayan bir zaman seçilib. Bu hesabat Azərbaycan-ABŞ münasibətlərində müəyyən soyuqluq və fasilədən sonra yaranmış isinişmənin demək olar ki, son izlərini də məhv etmək üzrədir. İlk öncə ABŞ-ın yaydığı hesabatın qərəzli və qeyri-obyektiv olması diqqəti cəlb edir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, qərəzli olduğunu sübut edən ən böyük fakt isə hesabatı hazırlayan şəxsin milliyətcə erməni olması və anti-Azərbaycan fəaliyyətləri ilə seçilən biri olmasıdır: "Vaxtilə Livanın Amerikadakı konsulluğunda işləmiş və ABŞ erməni diasporunun fəal üzvlərindən biri olmuş şəxsin hazırladığı hesabat təbii ki, reallığa uyğun ola bilməz. Azərbaycanda bircə gün belə olsun fəaliyyət göstərməmiş və araşdırma aparmamış şəxsin belə bir hesabatı obyektiv deyil. Digər tərəfdən bu hesabatın dini etiqad azadlıqları ilə bağlı olduğu halda dəxli olmayan məsələləri də reytinq göstəriciləri kimi nəzərə alması həm metodiki olaraq səhvdir, həm də xüsusi qərəzdən xəbər verir. Əgər söhbət dini etiqad azadlığından gedirsə, müəyyən siyasi məsələləri bura qatmağın heç bir mənası yoxdur. Aşkar görünür ki, ermənilərin müdafiəsində dayanan və onların Ermənistanın özü tərəfindən mütəşəkkil qaydada Qarabağdan getmələrinin təşkil olunması Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunur. Bu fakta söykənərək guya Azərbaycanda başqa dinlərə məxsus şəxslərin təqib olunması ilə bağlı yanlış nəticə çıxarılır. Ən bağışlanmaz səhv isə odur ki, Blinken kimi təcrübəli bir diplomat məhz bu qərəzli hesabata söykənərək Azərbaycanı heç dəxli olmayan 12 başqa dövlətin təmsil olunduğu siyahıya daxil etdi".

A.Quliyev sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycanın tolerant modelinin mahiyyəti haqqında çox geniş danışmadan da dünyanın ən öncül modeli olduğunu söyləmək üçün kifayət qədər əsaslar var: "Hətta ABŞ də dini tolerantlıq səviyyəsinə görə Azərbaycanla müqayisə oluna bilməz. Çünki əgər ABŞ-də dini tolerantlıq xeyli dərəcədə dövlətin nəzarəti altında saxlanılırsa, Azərbaycanda bu məsələdə bəlkə də ən sonuncu rolu dövlət orqanları oynayır. Çünki dini və etnik tolerant mühitin mühafizəsi Azərbaycanda dövlətdən çox cəmiyyətin mühafizə etdiyi bir dəyərə çevrilib. Ona görə də Azərbaycanda dini etiqad azadlığının müəyyən problemlər içində olduğunu iddia etmək kökündən səhvdir. Dövlətimizin dini tolerantlıq modeli kifayət qədər mükəmməldir".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə