"Makron hakimiyyəti Fransada geniş tənqidlərə məruz qalır" - ŞƏRH EDİLDİ

"Makron hakimiyyəti Fransada geniş tənqidlərə məruz qalır" - ŞƏRH EDİLDİ

“Fransa siyasi cəhətdən möhkəm stabillik təməli üzərində olan dövlət deyil. Bu mənada Fransa Prezidenti Emmanuel Makronun kabinet dəyişikliyi edəcəyi barədəki məlumatlar həqiqətə yaxın kimi səslənir”. Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makronun hökuməti yenidən təşkil etmək niyyətinə bir neçə səbəb təsir göstərir: “Birinci, ölkə daxilində Makron hakimiyyəti geniş tənqidlərə məruz qalır. Fransa lideri administrasiyasına yeni görünüş vermək üçün komandanı dəyişmək ehtiyacını hiss edir. İkinci, Makron Fransanın beynəlxalq orbitdə sıxışdırılması prosesinə adekvat cavab verə biləcək komanda formalaşdırmaqda maraqlıdır”.

A.Kərimov qeyd edib ki, deməli Makronun komandanı dəyişmək üçün qərarlı olması ilə bağlı yayılan məlumatlar iki nöqtəni vahid strategiyada birləşdirir: “Daxili vəziyyətlə xarici siyasət kursunun harmoniyasını təşkil edib yeni meydanlara girmək potensiallarını yoxlamaq indi Fransa üçün prioritetdir. Çünki Fransa hər iki cəbhədə turbulentliyə düşüb və indi bu boşluqdan çıxmağı hədəfləyir. Fransadakı kabinet dəyişikliyi baş verərsə, bunun Azərbaycan-Ermənistan münasibətlərinə təsiri geniş ölçülü fərq yaratmayacaq. Çünki Cənubi Qafqazda ambisiyalı gündəlik tərtib etmək Fransanın dövlət siyasətidir, bu, birbaşa Makron və ya hansısa fransalı nazirdən asılı deyil. Sadəcə ola bilər ki, Makron Azərbaycanla daha konstruktiv dialoq yolu axtarmaq üçün zamanın yetişdiyini dərk edir”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə