"Hüquq və azadlıqların təmin edilməsində müstəsna rol məhkəmə müdafiəsinə məxsusdur" - ALİ MƏHKƏMƏNİN SƏDRİ
"2024-cü ildə ölkəmizdə xalqımız üçün taleyüklü və dövlətimiz üçün əhəmiyyətli bir hadisə - növbədənkənar Prezident seçkiləri keçiriləcək. Sevindirici və eyni zamanda qürurverici haldır ki, builki seçkilər ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə də keçiriləcək. Artıq seçkiyə hazırlıq prosesinə başlanılıb. Namizədlərin qeydiyyatı aparılır". SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının Seçki Mübahisələrinin Məhkəmə Qaydasında Həllinə Həsr Olunan Seminar-Müşavirəsində çıxışı zamanı Ali Məhkəmənin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, əvvəlki illərin təcrübəsini nəzərə alsaq deyə bilərik ki, bu işlər həmişə olduğu kimi bu il də Mərkəzi Seçki Komissiyası tərəfindən yüksək peşəkarlıqla idarə olunur: "Bildiyiniz kimi seçki hüququ konstitusion hüquqdur. Azərbaycan Respublikasının Konstitusiyası ilə Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ olması təsbit edilmişdir".
İ.Kərimov qeyd edib ki, bu gün beynəlxalq seçki norma və standartları əsasən İnsan hüquqları haqqında Ümumi Bəyannamə, İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt kimi sənədlərdə də öz əksini tapmışdır: "Müasir cəmiyyətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu olduqca mühüm əhəmiyyət kəsb edir. Bu hüquq və azadlıqların etibarlı şəkildə təmin edilməsində müstəsna rol əlbəttə ki, məhkəmə müdafiəsinə məxsusdur. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir".
Sədr qeyd edib ki, ölkəmizdə son illərdə də vətəndaşların məhkəmələrə əlçatanlığın artırılması istiqamətində əsaslı məhkəmə-hüquq islahatları aparılır: "Aparılan islahatlar məhkəmələrin fəaliyyətinə də öz töhfəsini verməkdədir. Məhkəmə icraatında çevikliyin təmin edilməsi və işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı mühüm qanunlar qəbul edilib. Məhkəmə sistemində yüksək peşə bacarıqlarına malik insan kapitalı formalaşdırmaq, hakimlərin və məhkəmə işçilərinin sosial təminatını gücləndirmək məqsədilə mühüm işlər həyata keçirilib. Ölkəmizdə seçki hüquqlarının müdafiəsi ilə bağlı müraciətlərə inzibati məhkəmə icraatı qaydasında ilkin olaraq apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Bu cür müraciətlərə birbaşa apellyasiya instansiyası məhkəmələrində baxılması işlərə daha keyfiyyətli və operativ baxılmasını, eləcə də proseslərin seçkilərin mahiyyəti nəzərə alınmaqla daha çevik idarə olunmasını təmin etmək məqsədi daşıyır. Məhkəmələr həmişə olduğu kimi, bu il də fevral ayında keçiriləcək növbədənkənar Prezident seçkilərində öz üzərlərinə düşən vəzifələri həyata keçirməyə hazırdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB