"Ermənistanın ipinin ucu öz əlində deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistanın ipinin ucu öz əlində deyil" - MÜNASİBƏT BİLDİRİLDİ

"Ermənistan əvvəl-axır sülh sazişini imzalamalı olacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçi sözlərinə belə davam edib: "Bunun başqa alternativi yoxdur. Tezliklə baş verəcəyinə hələlik şübhəli yanaşırıq. Ona görə ki, Ermənistanın ipinin ucu öz əlində deyil. Ermənistan dövləti Azərbaycan kimi müstəqil qərar verə bilmir. Sülh sazişi ona görə uzanır. Azərbaycan dövlətinin problemi yoxdur. Azərbaycanı idarə edən Prezident İlham Əliyev sərbəst siyasi liderdir. O, qərar verməkdə çətinlik çəkmir. Azərbaycan dövləti də müstəqildir, heç bir xarici qüvvədən asılı olmayıb qərarlarını özü verir. Amma Ermənistan haqqında bunu deyə bilmirik. Ermənistan dövlətinin rəhbəri də, dövlətin özü də asılı vəziyyətdədir. Sülh sazişinin uzanma səbəbi məhz budur".

A.Həsrət bildirib ki, 2020-ci ilin 44 günlük savaşından sonra tərəflər çox qısa müddətdə sazişi imzalamalı olacaqdı: "Amma olmadı. Ermənistanın vasitəsilə Azərbaycana təzyiq etmək istəyən xarici güclər bu işdə Ermənistanı xərclədilər və xərcləməyə də davam edirlər. Bunu Ermənistanı idarə edən Nikol Paşinyanın özü də bilir. Paşinyan da sülh sazişini mümkün qədər tez imzalamaqda maraqlıdır. Sərbəst olmadığına görə sülh sazişinin nə vaxt imzalanacağı ilə bağlı proqnoz verməyə çətinlik çəkirik. Amma Azərbaycan bütün güzəştləri edib. Ermənistanı aşağılamadan bu sazişin imzalanmasına şərait yaradıb. Top indi Ermənistandadır. Onlar bu şəraitdən istifadə etməlidirlər. Etməsələr, itirən Ermənistan olacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə