"Seçkilərdə Putinə alternativ olacaq namizəd yoxdur" - EKSPERT ŞƏRH ETDİ

"Seçkilərdə Putinə alternativ olacaq namizəd yoxdur" - EKSPERT ŞƏRH ETDİ

"Rusiyadakı mövcud vəziyyəti, seçki prosesinin gedişatını ölkədəki demokratik vəziyyəti nəzərə alsaq deyə bilərik ki, Vladimir Putinin alternativi yoxdur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, digər namizədlər yalnızca Putinə dəstək məqsədilə orada iştirak edir və bu siyasi kampaniyaya demokratik don geyindirməyə çalışırlar: "Seçkilərdə Jirinovski yoxdur. Kommunist partiyasından Zyüqanov namizədliyini irəli sürürdü, indi yoxdur, yerinə hansısa bir deputat öz namizədliyini irəli sürəcək. Rusiya mühitində alternativsizlikdən namizədliyini irəli sürmüş yaxud sürəcək siyasilər, ictimai xadimlər nə dünyada, nə ölkə səviyyəsində məşhurdurlar. Məsələn, Navalnı var, hazırda həbsdədir. Navalnı səviyyəsində belə Rusiya prezidentinə alternativ ola biləcək namizəd yoxdur. Namizədlər arasında Putinə alternativ olacaq kimsə yoxdur".

Ekspert bildirib ki, Ukrayna ilə müharibə Putinin bu məsələdə yenidən fəaliyyətini davam etdirəcəyinə əsas verir: "Çünki müharibəni Putin hakimiyyəti başlayıb, müharibənin nəticəsindən Putin hakimiyyəti nəsə gözləyir. Bu işi Putin hakimiyyəti başa çatdıra bilər. Ya Rusiyanı məğlubiyyətə apara bilər, yaxud da Rusiyanı hədəflərinə doğru çatdıra bilər. Ona görə də müharibə partiyası Putinin partiyasıdır. Rusiyada alternativ müxalif siyasi qüvvələrin formalaşması üçün siyasi mühit və şərait yoxdur. Bu da ölkədə Putinə güclü alternativin yaranmasına mane olan başlıca səbəbdir".

S.Soltan sonda qeyd edib ki, Rusiyada prezident dəyişilməsi ehtimalı çox azdır: "Dəyişilsə belə yeni yaranacaq hakimiyyət Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə mənfi təsir etmək gücündə deyil. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını qərb ölkələri və bundan da əlavə iki ölkənin rəhbərləri istəyir. Ölkə rəhbərləri bu istiqamətdə addımların atılmasını dəstəkləyir. Ona görə də kənar qüvvələr bu məsələyə müdaxilə etsə uduzacaq. Odur ki, Rusiyanın yeni hakimiyyəti olarsa hansısa müdaxiləsi mümkünsüzdür".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə