Dekabrın 24-ü axşam saatlarında Serbiyanın paytaxtında dövlət çevrilişinə cəhd baş tutmayıb, amma hadisələr həyəcan təbili üçün kifayət edir. Çünki çevriliş cəhdlərinin arxasında Qərbin dayandığı və qərbyönlü qüvvələrin təhriki artıq göz önündədir. Doğrudur, bu çevriliş planları, gözlənilən etiraz aksiyaları barədə Serbiya hakimiyyətinin əvvəlcədən xəbərdar edilməsi sayəsində çirkin niyyətlər baş tutmayıb, yerli polis hər şeyi tez bir zamanda yatıra bilib, amma bu, o demək deyil ki, Serbiyanın və onun timsalında Qərbin burun soxduğu ölkələrin üzərindən qara buludlar artıq çəkilib.
Təxribatlarla, etiraz aksiyaları ilə, çevriliş planı ilə bağlı Serbiyaya öncədən xəbərdarlıq edilməsi, özü də bu xəbərdarlığın Rusiya təhlükəsizlik xidməti tərəfindən edilməsi bir çox məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Belə ki, uzun müddətdir Qərblə qarşıdurma vəziyyətində olan Rusiya bu barədə xəbərdarlıq edibsə, deməli, çevriliş planlarının arxasında məhz qərbyönümlü qüvvələrin dayandığı artıq bəlli olur. Həm də bütün proseslər qərbyönlü rəngli inqilabların yeni seriyasının başlanğıcına çox bənzəyir. Ssenari də, rollar da eyni şəkildədir və təxribatçılarım kütləyə rəhbərlik etməsindən tutmuş, aqressiv fəalların polis üzərinə doğru hərəkət etməsinə qədər bütün hadisələr eyni qaydada cərəyan edir. Xatırladaq ki, Gürcüstanda, Ermənistanda, Ukraynada da belə olub. Amma bu dəfə qərbyönlü qüvvələr, çevriliş niyyətində olanlar nəzərə almayıblar ki, Serbiya hakimiyyəti təxribat barədə əvvəlcədən məlumat alıb və hazırlaşmağa vaxt tapıb. "Bu barədə xəbərdarlıq edən xidmətlərin məlumatları bizdə var idi və ilk növbədə, Rusiya təhlükəsizlik xidməti bizə belə bir məlumat vermişdi", - deyən Serbiyanın baş naziri Ana Brnabiç etiraf edib ki, Serbiya hakimiyyəti etiraz aksiyaları, çevriliş planı ilə bağlı əvvəlcədən məlumatlandırılıb və onlar hazırlıqlı olublar. Deməli, belə çıxır ki, Qərb bu dəfə hədəf seçdiyi ölkəni qəflətən yaxalaya bilməyib və planları da bu səbəbdən, hələlik, baş tutmur.
Sözsüz ki, etiraz nümayişlərinə hər zaman ölkə müxalifəti təhrik edilir və bu baxımdan da müxalifətin ötən parlament seçkilərinin nəticələrinin ləğvini tələb etməsi də başadüşüləndir. Hətta bir həftə əvvəl qərbyönlü qüvvələrin hazırkı prezident Aleksandr Vucicə uduzaraq uğursuzluğa düçar olması fonunda bütün bunlar tamamilə anlaşılandır. Məğlubiyyətlə qarşılaşan, parlamentə təsir imkanları məhdudlaşan Serbiya müxalifətinin məhz Qərbin təhriki fonunda aqressivliyi də təəccüb doğurmur. Amma diqqətçəkən daha bir məqam odur ki, prezident Vucic özü proseslərə təmkinlə reaksiya verdi. Onun təmkinlə reaksiya verməsinin səbəbi isə odur ki, serblərin onu dəstəklədiyinə əminliyi var. Məhz elə bu əminlik, həm də serblərin öz rəhbərinin yanında olması, ona inanması Qərbin istədiyinə nail olmasına mane olur.
"Hazırda heç bir inqilab baş vermir. Biz ehtiyatlı davranırıq və nümayişçilərin heç birinə zərər verməməyə çalışırıq. Bu gün Serbiyanın hər yerindən ölkəsini qorumaq istəyən minlərlə insandan çağırış, dəstək var. Xahiş edirəm ki, evdə qalın. Biz demokratiyanı və insanları qorumaq üçün kifayət qədər güclüyük. Əgər onlar inqilabdan danışırlarsa, Serbiyanın müstəqilliyini məhv etməyə çalışırlar”, - deyən Serbiya prezidenti Aleksandr Vuçiç öz ölkəsinin vətəndaşlarına əslində, məsələnin nə yerdə olduğunu qısa da olsa çatdırıb və onlar deyəndə də kimi nəzərdə tutduğu bəllidir. Sözsüz ki, Vucic, onun öz ölkəsinə məxsus siyasət yürütməsi, heç bir asılılığı qəbul etməməsi, təhriklərə boyun əyməməsi qərbyönümlülər üçün, Avropa hakimiyyəti üçün çox qıcıqlandırıcı görünür. Brüsselin xəttinə zidd müstəqil siyasət yürütməsi məhz onun özünü də, hakimiyyətini də hədəfə almaq üçün bəhanə olub. Amma dövlət çevrilişinə cəhd faktının özü artıq Qərb mediasında belə ciddi müzakirələr doğurub. Ekspertlərin fikrincə, Vucicin özünü belə təhrik etməyə çalışırlar.
Diqqətə çatdıraq ki, oxşar hadisələr 2014-cü ildə Ukraynada baş vermişdi. Hətta Belqradın meri Aleksandr Sapiç bunu serblərə tamamilə vaxtında xatırladıb. "Məsələ burasındadır ki, biz Maydanın necə başladığını unutmuşuq. Əvvəlcə 500, 1000, sonra 1500 nəfər toplaşdı və Maydan belə başladı. Amma bu gün onlar artıq əvvəlki duruma, vəziyyətə malik deyillər və bundan sonra da olmayacaq", - deyə xatırlatma edən Belqrad meri Aleksandr Şapiç Qərbin hansı oyunlar qurduğunu, nəticədə də ölkələrin başına nələr gətirdiyini çox məharətlə yada sala bilib. Nəzərə alsaq ki, rəsmi məlumata görə, Serbiyada keçirilən aksiyada 2 500 nəfərə yaxın iştirakçı olub, onların içərisində də 30-dan bir qədər çox ən aqressiv etirazçılar var imiş, deməli, eyni Qərb ssenarisinin olduğu artıq zərrə qədər də şübhə doğurmur.
Doğrudur, indi Belqradda iğtişaşların nəticələri aradan qaldırılmaqdadır. Meriya binasının fasadında sındırılan plitələr, barelyeflər, pəncərələr bərpa edilir. İnteryerə qismən ziyan vurulduğu göz önündədir. Düzdür, zərər hələ hesablanmayıb və indi onun heç vaxtı da deyil. Çünki əsas məsələ yeni iğtişaşların qarşısınım alınmasıdır. Əks halda həmin o bərpa edilən binanın yenidən təmirinə ehtiyac yarana bilər. Deməli, ilk növbədə, Qərbin planlarını pozmaq, iğtişaşların yenidən baş verməsini əngəlləmək tələb olunur. Ümid edirik ki, prezident Vuçiç bunu necə edəcəyini yaxşı bilir və buna nail olacaq. Çünki qeyd etdiyimiz kimi, serblərin onu dəstəklədiyinə əmindir.
“Heç bir inqilab baş vermir”, - deyən Serbiya prezidenti Aleksandr Vucic Belqrad administrasiyasının müxalifət tərəfdarları tərəfindən ələ keçirilməsi cəhdini ölkənin suverenliyinə “xarici faktor”un səbəb olduğu hücum adlandırıb. Serbiya lideri meriya yaxınlığındakı etirazları inqilab hesab etmədiyini qətiyyətlə bildirib. "Və səhnələr dramatik olsa da, biz ölkəmizi və şəhərimizi sevirik, kiminsə evimizi dağıtmasına öyrəşməmişik. Heç bir inqilab baş verməyəcək, bundan heç bir uğur əldə etməyəcəklər", - deyə Vucic təcili müraciəti zamanı xüsusilə vurğulayıb və əmin edib ki, Serbiyada hakimiyyətin zorakılıqla dəyişdirilməsinə imkan verməyəcək. O, əmin edib ki, ölkədə bütün siyasi proseslər hüquqi və demokratik şəkildə aparılacaq. Vucic qeyd edib ki, Serbiya, etirazçıların hərəkətlərinə baxmayaraq, azadlığını, müstəqilliyini və öz suverenliyini qoruyacaq. Bu isə o deməkdir ki, artıq Serbiya prezidenti ölkə vətəndaşlarına bildirir ki, proseslər məhz rəhbərlik etdiyi ölkədə çevriliş planıdır və niyyət də ölkənin müstəqilliyini, suverenliyini təhlükə altına qoymaqdır, hansıki özü də, hakimiyyət komandası da buna qarşıdır.
Serbiyanın baş naziri Ana Brnabiçin də öz növbəsində Rusiya kəşfiyyat xidmətlərinə gözlənilən iğtişaşlar barədə xəbərdarlıq etdiyinə görə təşəkkür etməsi belə göstərir ki, bu ölkə hakimiyyəti baş verən hadisələrin haradan qaynaqlandığını detallarına qədər bilir. "Mən həqiqətən də, xüsusən bu gecə Serbiyanın müdafiəsinə qalxmağın vacibliyi diqqətə çatdıran və bütün bu məlumatlara sahib olan, bunu bizə xəbər verən Rusiya kəşfiyyat xidmətlərindən olan insanlara təşəkkür etməyi vacib hesab edirəm", - deyən Brnabiç demək olar ki, mühafizə tədbirlərinin qərbyönümlü qüvvələrdən olduğuna ehyam vurmuş olub. Eyni zamanda Belqrad merinin səlahiyyətlərini icra edən Aleksandar Sapic bildirib ki, müxalifətin şəhərin mərkəzində təşkil etdiyi iğtişaşları “Maydanlaşma” da adlandırmaq olar. Oxşar fikri Rusiyanın Serbiyadakı səfiri Aleksandr Botsan-Xarçenko dekabrın 25-də Serbiya lideri ilə görüşdən sonra səsləndirib. Onun sözlərinə görə, Belqradda keçirilən etiraz aksiyaları Aleksandr Vucicin gücünü zəiflətmək üçün Qərb tərəfindən dəstəklənir. “Bütün bu etirazlar qondarma “Maydan inqilabları”nın texnologiyaları, prinsipləri və sxemləri əsasında təşkil edilib və indi də Serbiyada həyata keçirilir”, - deyə Rusiyanın Serbiyadakı səfiri bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da Qərbin “Maydan çevrilişi” texnikasından istifadə etməsinə diqqət çəkib. “Kollektiv Qərbin “Maydan çevrilişləri” üsullarından istifadə edərək ölkədə vəziyyəti sarsıtmaq cəhdləri göz qabağındadır”, deyə Zaxarova “İzvestiya”ya müsahibəsində qeyd edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da eyni fikirdə olduğunu gizlətməyib. “Üçüncü qüvvələr, o cümlədən xaricdən Belqradda oxşar iğtişaşlar törətmək üçün cəhdlər var”, - deyə Peskov bildirib. Bütün bunlar isə onu deməyə əsas verir ki, iğtişaşların arxasında qərbin dayandığı və bunun da çevriliş planı olduğu artıq hər kəsə bəllidir. Bəllidir ki, Qərb Serbiyanı özünə tabe etmək niyyətindədir. Bunun üçün də Qərb ölkələri Serbiyada hakimiyyətə Vaşinqtonun və Brüsselin idarə edə biləcəyi daha əlverişli olan adamları gətirməyə çalışır və Vuçiç kimi qətiyyətli birinin hakimiyyətini də bu səbəbdən devirməyə çalışır. Elə məhz ənənəvi çevriliş planını da Serbiyada bu məqsədlə işə salıb.
Bir sıra ölkələrin dövlət rəsmilərinin, hətta siyasətçilərinin, politoloqlarının fikirləri tamamilə üst-üstə düşür və Qərbin indi də özünün ənənəvi çevriliş planlarını məhz Serbiyada gerçəkləşdirmək istəyi birmənalı şəkildə qəbul olunur. Göründüyü kimi, bir çox ölkə rəsmiləri, siyasətçiləri Serbiyada baş qaldıran prosesləri məhz Maydan hərəkatı ilə müqayisə edirlər. Bu, heç də səbəbsiz və təsadüfi deyil. Hamının eyni vaxtda, eyni qənaətdə olması hər halda deyilənlərin həqiqət olduğunu isbatlayır. Niyə, nə səbəbə Qərb çevriliş planı hazırlayır? Çevriliş planı, bir ölkə hakimiyyətinin devrilməsi, həmin ölkədə çevriliş edilməsi Qərbin nəyinə lazımdır? Nə səbəbə Qərb ayrı-ayrı ölkələrdə çevriliş etməkdə maraqlıdır? Bütün bu suallar heç şübhəsiz ki, hər kəsi düşündürür və ələlxüsus da Qərbin iç üzünün açılması fonunda olduqca diqqətçəkən məqam hesab olunur.
Məhz Ermənistan kimi marionet ölkələrdən fərqli olaraq, Serbiya kimi bir çox ölkələr Qərbin diqtə etdiyi siyasəti yürütməkdən imtina edir və öz müstəqil siyasətini yürüdür. Bu zaman Qərbin nə planlaşdırdığı, nə qərarlaşdırdığı, hansı niyyəti güddüyü nəzərə belə alınmır və elə ümumilikdə qərbyönümlüləri də qıcıqlandıran bu olur. Məsələn, Qərb Ermənistan kimi cırtdan bir ölkəni istədiyi kimi idarə edib, istədiyini də hakimiyyətə gətirdikdən sonra, yəni çevriliş etdikdən sonra başqa ölkələrdə də bunu etmək üçün şirniklənməyə başlayır. Ukraynada, Gürcüstanda, Ermənistanda baş verən hadisələrin fonunda görürük ki, Qərbin planları, məhz çevriliş planları heç də xeyir, mənfəət gətirmir, əksinə, problemlər, fəlakətlər gətirir. Hər halda, vəziyyət dərk etmək üçün Ukraynanın mövcud durumunu xatırlamaq yetərlidir. Həmçinin, Ermənistanda hökm sürən xaos da, istənilən anda vətəndaş müharibəsinin gözlənilməsi də bu mənada vəziyyəti tam olaraq izah etmiş olur. Amma bununla belə, əfsus ki, hələ də Qərbin ənənəvi çevriliş planlarına, çirkin niyyətinə alət olmaq istəyənlər tapılır. Məhz buna görə də qərbyönümlü dövlətlər öz niyyətlərindən, çevriliş planı ilə başlanılan məkrli məqsədlərindən əl çəkmirlər. Əks halda, beləcə davam etməzdi və Serbiyada da öz ənənəvi çevriliş planlarını işə salmaq barədə belə düşünə bilməzdilər.
Serbiyada baş verənlər nə birincidir, nə də axırıncı. Çünki Qərb qətiyyən əl çəkən kimi görünmür və hələ hansısa dövətlərdə bundan sonra da iğtişaşlar törədəcəyi heç təkzib oluna da bilməz. Hələ də diqtə etmək niyyətlərini gizlətməyənlər heç iğtişaş törətmək məqsədlərini də ört-basdır etmək fikrində deyillər. Bəzən hətta bunu açıq şəkildə etməkdən də çəkinmirlər. Bizim özümüzə də bəzi məqamlar çox “tanış gəlir”. Azərbaycan dövlətinin də sütunlarını “laxlatmaq” istədikləri, bunun üçün USAİD kimi təşkilatın “öz içimizdən olan baltalar”ından istifadə edilməsi, onları alət olaraq istifadə etmələri qətiyyən unudulan deyil. Unudulan deyil ki, Qərb məhz bir sıra təxribat xarakterli cəhdləri ilə elə Azərbaycanda da müvafiq planı işə salmaq niyyəti güdüb. Çünki məhz Azərbaycan da Qərbin diqtəsini qəbul etməyən bir müstəqil, suveren ölkədir və öz milli maraqları çərçivəsində müstəqil siyasət də yürükməkdədir. İllər, onullər boyu qərbyönümlü ölkələr Azərbaycana təsir etməyə çalışsalar da, artıq keçmişdə qalan Qarabağ problemini unutdurmaq istəsələr də, hətta bunun əvəzində böyük vədlər belə versələr də, dövlətimiz, xalqımız buna qətiyyən razı olmayıb. Razı olmamaqla yanaşı, həm də öz torpaqlarını öz gücü, öz qüdrəti, öz potensialı ilə işğaldan azad edib, ərazi bütövlüyünü, süverenliyini tam təmin edib və müstəqil dövlət olaraq, başqalarının diqtəsinə qətiyyən imkan vermədən öz siyasətini yürüdür. Elə Qərb də bundan qıcıqlanır və rəsmi Bakını məhz Vaşinqtonun diqtəsi ilə hərəkət etməyə vadar etmək üçün də bütün variantlara əl atanlar “suyu bulandırmağa” çalışıblar. İllər boyu bunun üçün xüsusi ciddi-cəhdlə çalışanlar böyük maliyyə vəsaitləri də sərf ediblər. Məsələ burasındadır ki, əvvəla, dövlətimiz Qərbin bu çirkin niyyətini tam zamanında ifşa edə bilib və bir sözlə, mükəmməl bir şəkildə zərərsizləşdirib. Digər tərəfdən də, xalqımızın ölkə hakimiyyətinə inamı, etibarı, etimadı, ümumxalq birliyi, milli həmrəyliyimiz Qərbin gözünü kor etmiş olub və planlarını darmadağın edib. Bu gün artıq Qərb eyni ssenari ilə yenə də ölkəmizə soxulmağa ciddi cəhd etsə də, bilməlidir ki, məhz xalqımızın birliyi, həmrəyliyimiz, dövlətimizə, dövlət rəhbərimizə olan xalq dəstəyi buna imkan verə bilməz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB