"Azərbaycan tolerant xalq olduğunu dünyaya bəyan etdi" - ŞƏRH EDİLDİ
"31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Məlumdur ki, 1813-1828-ci illər "Gülüstan" və "Türkmənçay" müqavilələri bir xalqı iki yerə parçaladı. Azərbaycan öz tarixində ilk dəfə Şimali Azərbaycan və Cənubi Azərbaycan olmaqla iki yerə bölündü. Eyni xalq iki yerə ayrıldı, Araz çayı sərhəd oldu. Həmişə imkan düşəndə, sərhəd nəzarətsiz qalanda Arazın o tayındakı qohumlar bu tayındakı qohumlarla görüşür, dərdləşirlər. 70 illik sovet dönəmi Araz çayını dəhşətli sərhədə çevirdi. Nə o tərəfdən, nə bu tərəfdən olan insanlar bir-birinə yaxınlaşa bilmirdi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, neytral zona deyilən ərazi mövcud idi: "1989-cu ildə sərhəd dirəklərinin yandırılması Azərbaycan xalqını yaxınlaşdırdı. 1991-ci ilin dekabrın 16-da Naxçıvan Ali Məclisinin sədri Dünya Azərbaycanlılarının Həmrəylik Gününün keçirilməsi ilə bağlı qərar imzaladı. Bu qərar bütün Azərbaycanı əhatə etdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmrəylik məsələsi ortaya qoyuldu. Ümummilli lider Heydər Əliyev tərəfindən bu siyasət uğurla davam etdirildi.
Bu, nə üçün lazım idi?
Birinci, Azərbaycan torpaqları işğal olunmuş, xalq qaçqın, köçkün həyatı yaşayırdı. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təhlükə altında idi. Buna görə də dünya azərbaycanlılarının həmrəylik gününə ehtiyac var idi. Dünyanın harasında yaşamasından asılı olmayaraq Ümummilli lider dünya azərbaycanlılarına müraciətində deyirdi ki, harada yaşayırsınızsa, yaşayın, Azərbaycanı unutmayın, onun həqiqətlərini dünyaya yayın".
Deputat sözlərinə belə davam edib: "Bu həmrəylik Azərbaycana uğur gətirdi. Beləliklə, hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Təbii ki, Qarabağın işğalı xalqımızı daha da mətinləşdirdi. Bunun nəticəsidir ki, 44 günlük Vətən müharibəsində düşmən darmadağın edildi. Azərbaycan torpaqları azad olundu. Qələbədə dünya azərbaycanlılarının da böyük rolu oldu. Onlar da Azərbaycan həqiqətlərini, ermənilərin faşist təxəyyüllü insanlar olduğunu, işğalçı olduqlarını, azərbaycanlıların öz tarixi torpaqları uğrunda mübarizə apardıqlarını təbliğ edirdilər.
2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə Azərbaycanda seperatçı qüvvələr kimi ad çıxaran erməni dəstələri darmadağın edildi. Azərbaycan öz tarixində ilk dəfə bütöv oldu. Üçrəngli bayrağımız bütün bölgələrimizdə dalğalanmağa başladı. Bu qələbə təkcə 10 milyon Azərbaycan xalqının yox, dünyadakı 50 milyona qədər azərbaycanlının uğurudur. 2023-cü il həm də "Heydər Əliyev İli"dir. Azərbaycanın Ali Baş Komandanı, xalqı, ordusu bu böyük qələbə ilə Heydər Əliyevin 100 ilinə bundan böyük töhfə verə bilməzdi. 100 il əvvəl əsası qoyulan Dağlıq Qarabağ Muxtar vilayəti tarixin arxivinə getdi. Dünya Azərbaycanlılarının Həmrəylik Günü bundan sonra da bizə lazımdır. Çünki hələ Azərbaycana qarşı olan qüvvələr var. Azərbaycan xalqı öz həmrəyliyini nümayiş etdirməklə ərazi bütövlüyünü təmin etdi. Özünün tolerant hüquqlarını, tolerant xalq olduğunu dünyaya bəyan etdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB