İrəvanda qondarma “dqr”-in hələ də mövcud olub-olmaması ilə bağlı müzakirələr gedir
30 il özünü dövlət kimi sübut etməyə çalışan, amma Azərbaycanın 3 ai bundan əvvəl keçirdiyi antiterror tədbirləri nəticəsində özünü buraxan separatçı qurumun nümayəndələri yanvarın 1-də qondarma “dqr”-in ləğv edilməyəcəyini iddia edirlər. Artıq tarixin zibilliyinə atılmış qondarma “dqr”-in “prezident”inin müşaviri Vladimir Qriqoryan bildirib ki, buna əsas qurumun “rəhbəri” Samvel Şahramanyanın 19 oktyabr tarixli fərmanı olub və ona əsasən, bütün məmurlar, o cümlədən “deputatlar”, “nazirlər” və “hakimlər” könüllülük əsasında fəaliyyətini davam etdirəcəklər, yəni pulsuz. Buna cavab olaraq Ermənistan hakimiyyəti “ikinci erməni dövləti”nin müdafiəçilərini cinayət təqibi ilə hədələyib.
“Müşavir” bunu belə əsaslandırıb ki, qurum yalnız xalq referendumu yolu ilə ləğv edilir və heç bir şəxs, hətta prezident belə respublikanı ləğv etmək səlahiyyətinə və hüququna malik deyil. Ermənistan rəhbərliyinin “Artsax dövlət orqanlarının fəaliyyətinin Ermənistan Respublikasının təhlükəsizliyinə təhdid yaradır” fikrinə münasibət bildirən Qriqoryan əlav edib ki, bu təhlükəyə dair heç bir hüquqi sübut yoxdur: “Biz beynəlxalq ictimaiyyətlə fəal işləyəcəyik ki, bir gün bizim azad, müstəqil dövlətimiz olacaq”. Qriqoryanın fikirləri baş nazir Nikol Paşinyanın komandasının kəskin reaksiyasına səbəb olub. “Samvel Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın? Ermənistanda bir hökumət var. Buna qarşı çıxan və ya buna qarşı mübarizə aparan hər hansı təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək və qanundan kənar sayılacaq və dövlət tərəfindən ən sərt tədbirlər görüləcək. Ermənistanı yeni hərbi təxribata cəlb etmək istəyənlərin bütün planları puça çıxacaq və onun müəllifləri ciddi şəkildə cəzalandırılacaq”, - deyə hakim “Mülki Müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib.

Parlamentin deputatı Lilit Minasyan isə öz növbəsində bildirib ki, Qarabağdakı qurumun təslim olması barədə sənəd imzalanıb, ona görə də Şahramanyanın İrəvanda imzaladığı bütün digər sənədlərin hüquqi qüvvəsi yoxdur. “Təhrikedici olmaqdan başqa, heç bir faydalı dəyər vermirlər. Ermənistanın təhlükəsizliyinə qarşı yönəlmiş istənilən təxribata isə hüquq-mühafizə orqanları tərəfindən ciddi hüquqi cavab verilməlidir”, deyə deputat bildirib.
“Bəzi ağıllı adamların fikrincə, “dqr”-in təsisatları fəaliyyət göstərməyə davam edərsə, o zaman qurumun Ermənistan banklarına olan 315 milyard dram borcunu bəlkə də Ermənistan hökumətinin üzərinə götürməyə məcbur edərlər?” – deyə parlamentin digər üzvü Arusyak Julfakyan təklif edib.
Nəticədə Qriqoryan müsahibədə dediyi hər şeyin onun şəxsi fikri olduğunu bəyan etməyə məcbur olub. Üstəlik, o, istefa verib. Bununla belə, erməni separatçılarının istəyi və arzusu budur ki, “dqr” 2024-cü il yanvarın 1-də yox olmaq əvəzinə, fəaliyyətini davam etdirsin. Ermənistan cəmiyyətində isə bu qərarı gülməli adlandırıblar. Üstəlik, bu imtinanın arxasında Ermənistan hakimiyyətinə təhlükələrin olduğu qənaətinə gəlməyə çoxlu sübutlar da var.
Erməni politoloq Tiqran Koçaryan qeyd edib ki, Paşinyana ilk növbədə separatçı rejimin buraxılmasına, dağılmasına görə məsuliyyəti yerli ermənilərin çiyninə yükləmək üçün bu hadisələrin baş verməsi lazım idi. Bu baxımdan baş nazir müxtəlif yollarla Şahramanyanı qorxutmağa çalışır ki, başladığı işi başa çatdırsın. “Ona deyirlər ki, “Artsax” ləğv edilməsə, onun indi Azərbaycan həbsxanasında olan keçmiş rəhbərləri heç vaxt azadlığa buraxılmayacaq”, - deyə Köçəryan bildirib.
Ekspertin fikrincə, əgər Şahramanyan yanvarın 1-nə qədər “dqr”-in qorunub saxlanmasını dəqiq bəyan etməsə, Paşinyan deyəcək ki, artıq “ikinci erməni dövləti” yoxdur və baş verən və verəcək hadisələrə görə qondarma qurumun Ermənistandakı nümayəndələri günahkardır. Əvvəlcə Xankəndidə özünü elan etmiş “respublika”nın ləğvi haqqında fərman verdilər, sonra üç ay ərzində onu ləğv etmək üçün heç bir iş görmədilər. Eyni zamanda, Köçəryan Qarabağ uğrunda mübarizənin davam etdirilməsi ilə bağlı Ermənistanın üzərinə gələn “Azərbaycan təhlükəsi” arqumentini də əhəmiyyətli hesab etmir. Çünki Bakı istəsə, münaqişənin gərginləşməsi üçün çoxlu imkanlar tapa bilər, yəni anklavlar, Zəngəzur dəhliz və s.

Öz növbəsində azərbaycanlı politoloq İlqar Vəlizadə bildirib ki, prinsipcə, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi kifayətdir, lakin bir nüans var. “Bakı şübhəli şəxslərin şübhəli fərmanlarına arxalanmır. Şahramanyan heç kimdir, heç ictimai təşkilata da rəhbərlik etmir. Digər tərəfdən, “dqr”in qorunub saxlanması planları həyəcanverici əlamət sayıla bilər. Üçüncü tərəf bu vəziyyətdən istifadə edərək Cənubi Qafqazın işlərinə qarışa bilər”, - Vəlizadə izah edib. O, həmçinin bildirib ki, 2024-cü ildə “dqr”-in qorunub saxlanması sülh müqaviləsinin imzalanmasına mane olmayacaq, ancaq sənədi uydurmaya çevirə bilər. Məsələn, Ermənistan “dünyanın kəsişməsi” planını unutmalı olacaq.
Qondarma “dqr”in ləğvindən sonra Ermənistana qaçan qondarma rejim nümayəndələri, eləcə də erməni kilsə xadimləri əhali arasında Azərbaycana qarşı revanşist ideyalar yayırlar. Onlar qondarma rejimin unutdurulmasının yolverilməz olduğunu deyərək, bu məsələni gələcək nəsillərə çatdırmağın zəruriliyindən, Azərbaycandan qisas almaqdan bəhs edirlər. Maraqlıdır, separatçıların, erməni kilsəsinin yenidən fəallaşması eskalasiya riskini artıra bilərmi? Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, prosesin neqativ və pozitivləri Azərbaycan üçün hesablanmayıb: “Separatçı tör-töküntülərin mövcud Ermənistan iqtidarına qarşı təşkilatlanma projesidir. Rəsmi İrəvanın məsələdə maraqlı olma ehtimalı azdır. Bu isə “itirilmiş torpaqlar” məfhumu üzərindən erməni xalqını yeni ideoloji cəbhədə səfərbər etməkdir. Digər tərəfdən, bunu Qərbdəki lobbi sifarişi kimi də dəyərləndirmək olar. Eyni zamanda, seçki kampaniyası müddətində təzyiq aləti kimi də istifadə edilə bilər. Yəni fərqli versiyalar irəli sürmək mümkündür, lakin hansısa eskalasiyanın olacağını düşünmürəm”.

Sülh müqaviləsi hər şey deyil
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müsahibəsində bildirib ki, sülh müqaviləsi ilə bağlı bütün əhəmiyyətli təşəbbüslərin müəllifi məhz Azərbaycandır. “Proses bir tərəfin istəyindən, arzusundan asılı deyil. Burada hər iki tərəfin müvafiq addımlar atması önəmlidir. Azərbaycanın suverenliyi tam bərpa olunduqdan sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səslənən ismarışları diqqətlə izləyirik. Müəyyən pozitiv ismarışları da eşidirik. Ancaq pozitiv sözlərin və ismarışların verilməsi önəmli olsa da, onların real işlərə transformasiya edilməsi daha önəmli məqamdır”.
Nazir bildirib ki, rəsmi Bakı cari ilin noyabr ayının sonunda İrəvandan sülh müqaviləsi üzrə növbəti təkliflər paketini alıb: “Bir ay ərzində tərəfimizdən işlənmiş təkliflər paketi Ermənistana təqdim olunub. Proses davam edir. Düşünürəm ki, 2024-cü ildə görüşlər keçiriləcək. Biz bu məsələyə real və nikbin baxırıq. Eyni zamanda biz sülh müqaviləsi barədə danışarkən başa düşməliyik ki, bu, hər şeyin 100 faiz həlli demək deyil. Bu, ölkələr arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını qoya bilər. Bir günün içərisində Azərbaycan-Ermənistan münasibətləri, Azərbaycan-Gürcüstan münasibətləri səviyyəsinə qədər yüksələ bilməz. Ancaq ən azından normal qonşuluq münasibətlərinin əsasının qoyulması və iki ölkə arasında açıq münasibətlərin həllinin prinsiplərini müəyyənləşdirən bir saziş ola bilər və olmalıdır”. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan isə qeyd edib ki, İrəvan Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketini alıb.
Ermənistanın gələcəyi ilə bağlı pessimizst ruhda düşünənlər də var. “Ermənistanla Rusiya arasındakı münasibətlər önümüzdəki illərdə daha da pisləşəcək”. Bunu Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının erməni əsilli keçmiş deputatı Semyon Bağdasarov deyib. “Rusiya artıq başa düşür ki, Nikol Paşinyan Qərb dövlətlərinin köməyi ilə Ermənistanı uçuruma aparır. Mən Qərbə üz tutmağın əleyhinə deyiləm. Lakin bir sual ortaya çıxır: Ermənistan həqiqətən ona kimin kömək edəcəyini anlayırmı? Yox, qətiyyən. Hazırki siyasət davam edərsə, Ermənistan rəsmən mövcudluğunu itirəcək”, – Bağdasarov bildirib.

Politoloq Sultan Zahidov mövzu barəsində danışarkən qeyd edib ki, “dqr”-in “rəhbəri” İrəvanda rəsmilərlə müəyyən görüşlər keçirir, “dqr”nin ləğv olunmaması ilə bağlı sənəd imzalayır və 2024-cü ildə də fəaliyyətlərinin davam edəcəyini bildirir: “Hadisələrin bu formada inkişafı Ermənistana təhdiddir. Azərbaycan öz işini görüb. Antiterror əməliyyatı ilə bütün əraziləri üzərində suverenliyini bərpa edib. Artıq nə sözdə “dqr”nin nümayəndələri, nə də hərbçiləri Azərbaycan üçün ciddi təhdid ola bilər. Hazırda onlar Ermənistan daxilində müxtəlif institutlar yaradır, qərarlar verirlər. Bu isə Nikol Paşinyan hakimiyyəti üçün böyük təhdiddir. Həmin separatçılar Rusiya başda olmaqla digər ölkələrdən müəyyən dəstək də alır. Rəsmi Moskva Paşinyanın hakimiyyətdən getməsini istəyir. Bunun üçün də müxalifəti dəstəkləyir. Həmin müxalifət də revanşist, separatçı ideyalara sarılan şəxslərdir. Şahramanyanın ləğv fərmanından sonra ilk reaksiya verənlər də Paşinyan fraksiyasının nümayəndələri oldu. Nikol Paşinyanın “Mülki Müqavilə” fraksiyası var. Bu partiyanın katibi ötən gün açıqlamasında qeyd etdi ki, Şahramanyan kimdir ki, hansısa qərara imza atsın. Belə bir qərarın legitimliyi ola bilməz, İrəvanda bütün qərarları hökumət verir”.
Paşinyan hakimiyəti həmin “qərarı” tanısa, bu onun da separatizmə dəstək verdiyini göstərəcək. Bu isə sülh prosesini yubadacaq. Azərbaycan separatizm ideyalarını rəhbər tutan şəxslə sülh müqaviləsi imzalamaq istəməz. Sülh müqaviləsi mətnində də tərəflər arasında ərazi iddiasının olmaması öz əksini tapmalıdır. Paşinyan hökuməti separatçılardan ehtiyat edir və onlara qarşı müəyyən tədbirlər görəcəklər. Separatçıların yenidən nəyəsə cəhd etmələri hüquqi baxımdan mümkün deyil. Bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Lakin separatizm və revanşizm ideyaları daha da genişlənərsə, ermənilərin gələcək nəsilləri də bizə düşmən kimi baxacaqlar. Gələcəkdə yenidən Azərbaycana qarşı silah qaldırma ehtimalı olduğundan birmənalı şəkildə həmin ideyalar bizim üçün təhdiddir.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB