“Hər bir Azərbaycan vətəndaşı böyük qürurla milli həmrəylikdən danışa bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Hər bir Azərbaycan vətəndaşı böyük qürurla milli həmrəylikdən danışa bilər” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycan tarixinin heç bir dövründə indiki qədər qüdrətli və geniş imkanlara malik olmayıb. Eyni zamanda tarixin heç bir dövründə Azərbaycan xalqı indiki qədər yekdil həmrəyliyə nail ola bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, hər bir cəmiyyətdə inkişafın, güc və qüdrətin təməlində dayanan əsas amil milli həmrəylikdir. Azərbaycan xalqı müxtəlif dövrlərdə, xüsusən müstəqilliyin ilk illərində milli həmrəyliklə bağlı çox ciddi tarixi sınaqlarla üzləşib. Bilirsiniz ki, xüsusilə AXC-Müsavat iqtidarı dövründə Azərbaycanda ayrı-ayrı bölgələrdə baş qaldıran separatçı meyillər Azərbaycan dövlətçiliyinin sonunu gətirmək və Azərbaycanda qardaş qırğınına yol açmaq üzrə idi.

Lakin məhz Ulu Öndərin hakimiyyətə gəlməsi ilə xalqın vahid ideya və milli dövlətçilik məfkurəsi ətrafında birliyinə nail olundu. Xüsusən həmin dövrdə Ulu Öndərin azərbaycançılıq ideyası Azərbaycanda milli birliyin əldə olunmasında, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin bir ideologiya ətrafında birləşməsində müstəsna rol oynadı.

Ulu Öndərin layiqli hüquqi-siyasi varisi cənab İlham Əliyevin hakimiyyəti illərində isə azərbaycançılıq ideyası özünün yeni inkişaf mərhələsinə qədəm qoydu, çoxmillətlilik, çoxkonfessiyalılıq Azərbaycanın, sözün əsl mənasında, qüdrətinə çevrildi. Xüsusən Vətən müharibəsi dövründə biz bu milli birliyin, həmrəyliyin nə qədər vacib element olduğunu və dövlətin inkişafının, tərəqqisinin təməlində dayanan həlledici amillərdən biri, bəlkə də, birincisi olduğuna şahidlik etdik.

Bu gün hər bir Azərbaycan vətəndaşı böyük qürurla milli birlikdən, milli həmrəylikdən danışa bilər. Eyni zamanda hər bir vətəndaşımız onu da yaxşı anlayır ki, bu birlik, milli həmrəylik tarixi proseslərin təbii axarı yox, Ulu Öndər Heydər Əliyev siyasi kursunun və möhtərəm cənab Prezidentin müdrik idarəçiliyinin nəticəsi olaraq mövcuddur və birliyimizin, yekdil həmrəyliyimizin davamlılığı üçün bu siyasi kursun davamlılığı zərurətdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə