"Radikal müxalifətin prezident seçkilərini boykot etməsi... " - ŞƏRH

"Radikal müxalifətin prezident seçkilərini boykot etməsi... " - ŞƏRH

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər və bu proses davam edir.
Çünki potensialı və elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı
dərk edirlər ki, demokratik cəmiyyətlərdə seçkilər bütün siyasi qüvvələr üçün əslində dəyərli imkandır. Eyni zamanda, seçkilər zamanı namizədlər məhz seçki vasitəsilə öz platformalarını, siyasi tezislərini, məram və məqsədlərini cəmiyyətə daha yaxından çatdırmaq imkanına malik olurlar.

Təbii ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş
siyasi təcrübədir. İkincisi, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar və azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək.

Lakin radikal müxalifət adına utanverici haldır ki, AXCP və Müsavat
partiyaları yenə klassik ənənələrinə sadiq qalaraq müxtəlif bəhanələrlə,
əsassız iddialarla növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina ediblər. Bu barədə AXCP-nin qurultayında partiyanın sədri bildirib. Ona görə ki, heç bir sosial dayağı olmayan siyasi partiyalar seçkilərdə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar. Bu mənada, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın nümunəsi kimi dəyərləndirilməlidir. Öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları ucuz demaqogiyadan başqa bir şey deyil.

AXCP və Müsavat Partiyasının
seçkilərdə iştirak etməmək niyyətləri zəiflikdən başqa bir şey deyil. Bəli,
siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak
etməkdən imtinanın səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik
etməkdir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə
məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə
hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar.

Radikallar boykot pərdəsi altında sadəcə öz zəifliyini gizlətmək
məqsədini güdürlər. Milli maraqlara xidmət etməkdən uzaq olan
radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların
mənəvi məğlubiyyəti deməkdir.

Təbii ki, növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin
təsbitidir. Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilər keçiriləcək. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etdi. Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi, bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi. Təbii ki, radikal müxalifətin rəhbərləri Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəcəyini və seçkilərdə ona ağır şəkildə məğlub olacağını hər kəsdən yaxşı bildiyi üçün əsassız iddialar və müxtəlif bəhanələrlə seçkilərdən imtina yolunu seçdilər.

Radikal müxalifəti həmişə ölkəmizə qarşı antimilli ideyalarla təmin edən
Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar isə bu dəfə də ikili
standartlara yol verərək onların seçkilərdə fəal iştirakını təbliğ etmədilər.

Ona görə ki, bu təşkilatlar güvəndikləri dağa yenə də qar
yağmayacağına, yəni radikal müxalifətin məğlub olacaqlarına tam
əmindirlər.

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə