Çin-Azərbaycan: Ənənəvi dostlar və tərəfdaşlar - ANALİTİK

Çin-Azərbaycan: Ənənəvi dostlar və tərəfdaşlar - ANALİTİK

Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Bu, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubundan əksini tapıb. "Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik", - Sədrin məktubunda qeyd edilib.

Yaxın tariximizə nəzər salaq, iki ölkə arasında əlaqələrin indiki durumu və perspektivləri əhatəlidir. Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Azərbaycanla Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlər mövcuddur. Dövlətlərarası əlaqələr gündən-günə yüksələn xətt üzrə inkişaf edir. İki ölkə arasında daim genişlənən siyasi dialoq, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlıq, “Bir kəmər, bir yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlıq, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı bu münasibətləri bir az daha genişləndirir. Əminliklə qeyd etmək olar ki, Azərbaycan-Çin əlaqələrinin bütün sahələrdə dərinləşdirilməsi, əməkdaşlığımızın genişləndirilməsi xalqlarımızın mənafelərinə tam uyğun olaraq həyata keçirilir. Regional iqtisadi tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində birgə səylərin bundan sonra da uğurla davam etdirəcəyinə kimsənin şübhəsi yoxdur.

Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyi tanıyan ilk ölkələrdəndir. 1992-ci il aprelin 2-də iki ölkə arasında diplomatik münasibətlərin qurulub və Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Azərbaycan prezidenti Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Prezident İlham Əliyev 2 dəfə rəsmi, bir-neçə dəfə isə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün Çinə səfər edib. Dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdən olan Çinlə iqtisadi əlaqələrimiz, əməkdaşlığımız üçün çox möhkəm siyasi platforma qurulub. 30 il ərzində davam edən siyasi münasibətlər artıq bu iki ölkənin yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına müsahibəsində dediyi kimi: “Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq”.

Xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri iki min il əvvələ - qədim İpək Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər müntəzəm inkişaf edirdi. Bu qədim şəhərlərdən biri olan Bakı İpək Yolunun incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları və daş duzu isə Çinə çatdırılırdı. Elə bu səbəbdəndir ki, Çin rəsmiləri Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu hər zaman qeyd edirlər. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Əslində, Prezident İlham Əliyevin dediyi kimi: ““Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyətini 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırdı”.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi əlaqələr də yeksək səviyyədədir. Çin Kommunist Partiyası (ÇKP) ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında sıx təmaslar mövcuddur, qarşılıqlı səfərlər təcrübə mübadiləsi və əməkdaşlığın genişləndirilməsi baxımından böyük önəm daşıyır. ÇKP rəsmiləri Yeni Azərbaycan Partiyası ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu dəfələrlə yüksək səviyyəli görüşlərdə daim vurğulayıblar. YAP nümayəndə heyətinin baş tutan səfəri də hakim partiyalar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə xidmət etdiyini əminliklə deyə bilərik.

Bu gün Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Çin və Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovuşuğunda yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Hazırda işlək vəziyyətdə olan, Avropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar açır. Dünyanın ən böyük ixracatçı və ikinci ən böyük idxalçı ölkəsi olan Çinin də bu dəmir yoluna marağı yüksəkdir. Həmçinin bu dəmir yolu “Bir kəmər, bir yol” strategiyasının səmərəliliyini də artıracaq. Ona görə də, Çin bu dəmir yolu xəttinə böyük əhəmiyyət verir. Bir sözlə, Çin Azərbaycan vasitəsilə Avropaya daha sürətli çıxış əldə etmiş olur.

Təsadüfi deyil ki, 2023-cü il oktyabrın 17-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” təsdiq edilib. Bu barədə Prezident İlham Əliyev dekabr ayının əvəlində Fərman imzalayıb. Sənədə əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərəcək.

Hazırda Azərbaycan-Çin münasibətləri sürətli və hərtərəfli inkişaf dövrünü yaşayır. Azərbaycan ikitərəfli münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq üçün Çin ilə birgə fəaliyyəti davam etdirməyə hazırdır. Dövlət başçılarının şəxsi təşəbbüsü və dəstəyi sayəsində Azərbaycan ilə Çin arasında siyasi qarşılıqlı etimad daim dərinləşir, müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli nəticələri əldə edilir, beynəlxalq əməkdaşlıq inkişaf edir.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə