"Prezidentin səfər etdiyi yerlər yenidən dirçəlir" - ŞƏRH EDİLDİ

"Prezidentin səfər etdiyi yerlər yenidən dirçəlir" - ŞƏRH EDİLDİ

“Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri mütəmadi xarakter daşıyır. Bu, həm də quruculuq, yenidənqurma işlərinin sürətlə aparılacağının təsdiqidir. Ölkə rəhbəri və birinci xanımın Xocavənd və Xocalı rayonlarına, Şuşa şəhərinə səfəri zamanı da yaşayış məntəqələrinin hazırkı durumu və mühüm obyektlərin inşasının gedişatı ilə yerində tanış olmaq məqsədi daşıyıb. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, bu rayonlarda da bərpa-quruculuq işlərinin miqyası genişlənməkdədir. Dövlətimizin başçısı Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən görülən işlərin sistemli xarakter almasından danışıb və qarşıya qoyulan bütün planların zamanında və yüksək səviyyədə həyata keçiriləcəyinə əmin olduğunu bildirib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, vətəndaşlarımız Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasından böyük qürur hissi keçirir: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım rayonun Qırmızı Bazar qəsəbəsində olublar. Qırmızı Bazar Xocavənd rayonunun iki qəsəbəsindən biridir və olduqca əlverişli strateji mövqedə, mühüm yolların kəsişməsində yerləşir. Qəsəbənin ərazisi təbii sərvətlər, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Qəsəbə, eyni zamanda, kənd təsərrüfatı və turizm potensialına malikdir. 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar ağacları da bu kəndin ərazisindədir. Qədim tarixə malik Şuşakənddə ta qədimdən, eramızın əvvəllərində Şimali Qafqaz çöllərində yaşamış türkdilli tayfalar məskunlaşıb. Kəndin ərazisi turizm və kənd təsərrüfatı potensialına malikdir. Azərbaycan Prezidentinin Şuşa şəhərində 23 binadan ibarət ilk yeni yaşayış kompleksində və Qarabağ küçəsində aparılan tikinti işləri, “Aşağı Gövhər Ağa” məscidində aparılan bərpa və Daşaltı kənd məscidinin tikinti işləri ilə tanış olması damaraqlı məqamlarla yadda qaldı. Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi bildirib ki, yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Bir sözlə, Azərbaycan Prezidentinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə