Radikal müxalifətçilər xalqın səsini yox, nifrətini qazana biliblər – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Radikal müxalifətçilər xalqın səsini yox, nifrətini qazana biliblər – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

“Yeni Azərbaycan Partiyasının idarə heyətinin 15 dekabr 2023-cü ildə keçirilən genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin 2024-cü ilin fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-dan namizəd irəli sürülməsi ölkə vətəndaşları, eləcə də əksər siyasi partiyalar tərəfindən rəğbətlə qarşılanmasına baxmayaraq, AXCP və Müsavat partiyalarını yenə də məyus etmişdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu partiyalar növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar sərəncam imzalandığı ilk gündən yenə də aqressiv mövqe nümayiş etdirmiş, qarayaxma və böhtan kampaniyasına başlamışlar.

“Hər iki partiya seçki prosesinə qoşulmaqdan boyun qaçırmışdır. Bu partiyalar seçkilərin vaxtından əvvəl keçirilməsini qanunauyğun hesab etməməklə ona hazır olmadıqlarını bəhanə edir və seçkiləri boykot edəcəklərini bildirirlər. Çox gülməlidir. Ona görə ki, Əli Kərimli ölkədə özünü aparıcı müxalifət partiyasının rəhbəri hesab etməklə, həmişə xalqın AXCP-yə böyük ümidlə yanaşdığını və onun tərəfində olduğunu bildirirdi. Onu da xatırladırdı ki, partiya hakimiyyətə gəlməyə hazırdır və biz bunu sivil yolla, azad seçkilər vasitəsi ilə həyata keçirəciyik. Bu gün Azərbaycanda azad seçki keçirilməsi üçün hər cür imkan və şərait yaradıldığı halda, bu iki partiyanın seçkilərə qoşulmamalarının səbəbi sözsüz ki, hər birimizə yaxşı məlumdur. Necə ola bilər ki, 30 ildən çox fəaliyyət göstərən, həmişə xalqa yağlı vədlər verən, tərəfdarlarının həddən ziyadə çox olmasını göstərən bir partiya seçkilərə hazır olmamış olsun? Bu, əlbəttə, uğursuzluqları pərdələməkdir, əsas məsələ başqadır.

Axı AXCP və Musavat seçkilərdə insanların qarşısına hansı üzlə, hansı nəticələrlə çıxacaq və onlara nə deyəcəkdir? Deyəcəklər ki, biz xarici ağalarımızdan maliyyə vəsaitləri əldə edib dövlətin və xalqın əleyhinə təbliğat aparmışıq, yaxud şanlı qələbələrimizə kölgə salmışıq, hər vasitə ilə erməniləri dəstəkləmişik, yaxud da ölkədə aranı qatışdırmağa, insanları qızışdırmağa, üzbəüz qoymağa çalışmışıq? Özlərini “böyük siyasi qüvvə”, real müxalifət adlandırılanların axı dünəni də, bu günü də çirkab içərisindədir. Axı xalq bu adamları uzun müddətdir satqın, yaramaz, yalançı donunda görür və onların keçmişindən yaxşı xəbərdardır. Belə olan halda Əli Kərimli, Arif Hacılı və başqaları xalqın səsini necə əldə edə bilərlər və hansı yaxşı işlərini xatırlatmağa qadirdirlər?

İqtidarın, cənab İlham Əliyevin fəaliyyəti isə göz qabağındadır. Qazanılan yüksək iqtisadi göstəricilər, beynəlxalq aləmdə əldə edilən nəticələr, həyata keçirilən sosial layihələr, proqramlar, enerji, nəqliyyat sektorunun inkişafındakı irəliləyişlər, işğaldan azad olunmuş ərazilərin bərpası sahəsində həyata keçirilən tədbirlər bir yana qoyulsa, Ali Baş Komandanın 44 günlük müharibədə və 23 saatlıq antiterror tədbirlərində nümayiş etdirdiyi məharət, cəsarət, siyasi gediş cənab İlham Əliyevin ömürlük Azərbaycan Prezidenti olmasına bir zəmanətdir.

Bu gün Azərbaycan Prezidentinin özünü təbliğ etməsinə ehtiyac yoxdur. 20 illik çoxsahəli fəaliyyət, əldə olunan uğurlarla cənab İlham Əliyev özünü Prezident kimi təsdiq edib və xalqın böyük hörmət və ehtiramını qazanıbdır. Radikal müxalifətçilər isə yalnız xarici ölkələrdən yaxşı qrant, göstərişlər və bir də xalqın nifrətini, qəzəbini qazana biliblər. Bu nifrət isə günü-gündən genişlənir və çox çəkməyəcək ki, bu başabəlalar tarixin siyasi arxivinə göndəriləcəklər”, - deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə