Əsas dövlət xərcləri: Qarabağa və Şərqi Zəngəzura -TƏHLİL

Əsas dövlət xərcləri: Qarabağa və Şərqi Zəngəzura -TƏHLİL

Prezident İlham Əliyev: Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq.

Qarabağda və Şərqi Zəngəzurda Böyük Zəfərimizə qədər çoxsaylı Azərbaycan vətəndaşının adının üzərində bir adı da var idi: məcburi köçkün. Minlərlə soydaşımız həyatın amansızlığı ilə üzləşmiş, öz doğma şəhər, rayon, qəsəbə və kəndlərindən uzaq düşmüş, illərlə ata-baba yurdundan ayrı yaşamalı olmuşdu. Yurdun itirilməsinin nə demək olduğunu isə yalnız bunu yaşayanlar bilər. İllərlə yurd-yuvasından, ev-eşiyindən, torpağından ayrı yaşayanlar bilər. Torpağının ətri burnunda qalanlar, qurban verdiklərinin hər birinin həsrətini çəkənlər bilər.

30 il yurdsuz...

1990-cı ildən başlayaraq bir neçə il ərzində torpaqlarımızın bir qisminin Ermənistan tərəfindən işğal olunması nəticəsində minlərlə soydaşımız illərlə qurduqları evlərini, həyətlərini, bağ-bağçalarını qoyub silahın burnunda zorla yurdundan didərgin salınmışdı. Daha sonra isə onların evlərinin qapı-pəncərələri, dam örtüyü sökülüb satılmış, mal-mülkləri qarət olunmuş, həyət-bacaları, evləri yandırılmışdır.

Minlərlə azərbaycanlı bir qərinəyə yaxın məcburi köçkün həyatı yaşamağa məcbur edilmiş, ölkəmizin müxtəlif ərazilərində yerləşdirilmişdi. Bütün bunlar dəfələrlə dövlətimizin başçısı tərəfindən ən mötəbər beynəlxalq tribunalardan səsləndirilmişdi. Lakin dünya səssiz qalmışdı. Uzun illər ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinə, tarixi, mədəni və dini abidələrimizin, yüzlərlə sosial obyektlərin və yaşayış məskənlərinin dağıdılmasına, soydaşlarımızın məcburi köçkün kimi yaşamasına dünya susurdu.

Ermənilər işğal etdikləri torpaqlarımızda xalqımıza məxsus yeraltı və yerüstü sərvətləri talayıb dünya bazarına çıxarmış, torpaqlarımızı başdan-başa minalamışlar. Bir tərəfdən insanlar yurdunu itirmiş, bir tərəfdən isə onların həmin torpaqlara qayıdarkən olmazın çətinliyi ilə qarşılaşmaları üçün düşmən əlindən gələni etmişdi.

Qarabağda və Şərqi Zəngəzurda daş daş üstündə qalmamışdı. Ağdam Qafqazın Xirosimasına çevrilmiş, ağ saraylı evlər yandırılaraq qara rəngə boyanmışdı. Bəzi şəhər və qəsəbələrimiz o qədər dağıdılmışdı ki, Azərbaycan ordusu həmin yerləri işğaldan azad etdikdən sonra bayrağı sancmağa bir yer tapa bilmirdi.

Bütün şəhər, qəsəbə və kəndlər bir qəbiristanlıq görünüşündə idi. Bu yandırılmış, dağıdılmış, uçurulmuş, talanmış, qarət olunmuş məskənlərin əvvəlki halına gətirilməsi əlbəttə ki, zaman tələb edəcəkdi. Çünki ilk növbədə, bu məskənlər-torpaqlar minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirilməli idi.

Yurdun sahibi gələcəkdi

Düşmən bilirdi ki, bu torpaqların sahibi bir gün onları geri alacaq. Ona görə də nə bacarmışsa, o qədər dağıtmış, talamışdı. Bütün bunlar isə 2020-ci il Zəfərindən sonra Qarabağda və Şərqi Zəngəzurda başlanan bərpa işlərinin sürətlə aparılmasına, soydaşlarımızın ata-baba yurdlarına qayıtmasına təbii ki, əngəl yaradır.

Ev tikmək, bağ-bağat salmaq bir insanın ömrünə sığmır. Bir həyətin həyət halına gəlməsi üçün bir ömür kifayət etmir. Biz qururuq, övladlarımız davam edir, nəvə-nəticələrimiz çalışır ki, yurd yurdluqdan çıxmasın, dağılmasın, viran olmasın. Beləliklə də yurd salmaq, yəni məskunlaşmaq elə də asan məsələ deyil.

Təəssüf olsun ki, bunu bir alın yazısı kimi yaşamalı olduq. Məskənimizdən zorla qovulduq. Məskənimiz göyə sovruldu. İllərlə əllərimizlə qurduqlarımız, min bir əziyyətlə yaratdıqlarımız düşmənin acı tamahının qurbanı oldu. Soydaşlarımız köçkünlük həyatına başlayandan bir neçə il sonra da əllərinin qabarı hələ getməmişdi. Hələ üstəlik bu qədər zəhmətin fonunda ürəyin qubar bağlaması isə daha dözülməz idi. O qubar ki, məcburi köçkünlərimizdən dünyasını dəyişən minlərlə insan yurdunu, torpağını bir daha görə bilməyərək həyatla vidalaşdı. O qubar ki, "torpaq, yurd" deyə-deyə minlərlə soydaşımız yurdundan kənarda illərlə yaşamalı oldu. O qubar ki, yüzlərlə vətəndaşımızın arzularını gözündə qoydu. Tikdiyi ev-eşiyində, həyət-bacasında övladı üçün qurduğu arzuları yarımçıq qaldı.

Onlar düz 30 il köçkün kimi yaşadılar. Dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunsalar da, bu, yaralarına məlhəm ola bilmirdi. Çünki öz məskənləri, öz yurdları yox idi. Vətən bir olsa da, özgə yurdda idilər. İllərin zəhməti, arzusu, xəyalları əllərindən alınmışdı. Əzizlərinin qəbirləri o yurdlarda qalmışdı. Xatirələri o torpaqlara gömülmüşdü.

Bir qarış torpaq uğrunda müharibələr zamanla bizim soydaşlarımız kimi, bu acını milyonlarla insana yaşadıb. Lakin bu acılar tamahlara "dur" deyə bilməyib. Özününkü olanla qənaətlənməyi öyrədə bilməyib. Övlad itkisi yaşanıb, qan tökülüb, lakin qəddar ürəklərə bu, əsla təsir gücündə olmayıb. Bizim qonşuluqdan kənar qonşumuz kimi-ermənilərin tamahı, daş ürəkləri kimi...

2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 min insan köçəcək

2020-ci ilin 44 günlük Vətən müharibəsində ədalət qalib gəldi. Azərbaycan xalqı Ermənistan üzərində Zəfər çaldı. Torpaqlarımız müzəffər sərkərdəmizin rəhbərliyi ilə milli ordumuz tərəfindən azad edildi. Biz bu Zəfərlə həm illərdən bəri çiyinlərimizdə ağır yük olan namus, şərəf məsələsini həll etdik, həm də minlərlə soydaşımızın yurduna qayıtmaq arzusunu reallaşdırdıq.

Zəfər nə demək idi? Zəfər məcburi köçkünlərin yaxın gələcəkdə yenidən öz yurdlarında məskunlaşa bilməsi demək idi. Zəfər Qarabağın və Şərqi Zəngəzurun doğma anasına-Azərbaycana qovuşması və yenidən qurulacağı, yeni həyata qədəm qoyacağı demək idi.

Müharibə bitdi. Dünyanın əksər ölkələrindən azad torpaqlarımıza gələnlər, ermənilərin yurdlarımıza tutduğu sitəmi öz gözləri ilə görənlər oldu. Sonda haqqın kimin tərəfində olması da dünyaya məlum oldu.

Müharibə hələ bitməmişdi, artıq azad edilən torpaqlarda elektrik xətlərinin çəkilməsinə, yolların abadlaşdırılmasına başlanmışdı. Çox çəkmədi ki, bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydanına çevrildi. Gündən- günə yurdlarımıza yeni həyat verildi.

Bu gün də azad edilmiş torpaqlarımızda bərpa işləri sürətlə həyata keçirilir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"na əsasən mərhələli şəkildə görülən işlər azad edilmiş torpaqlarımıza yeni nəfəs verir.

Məcburi köçkünlərin artıq yurdlarına qayıdışı başlayıb. Ötən ilin iyul ayından Laçın və Füzuli şəhərləri, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri artıq qoynunu sakinlərinə açıb, onları qarşılayıb. Qayıdış mərhələli şəkildə həyata keçirilir. Şəhər, qəsəbə, kəndlərimiz müasir şəkildə qurulur, insanların əvvəlkindən də gözəl şəraitdə yaşaması üçün işlər görülür, daha sonra onlar köçürülür.

Ərazilərimizin böyük qisminin minalanması və minalanmış ərazilərin xəritələrinin düşmən tərəfindən gizlədilib verilməməsi qayıdışı bir qədər ləngidir. Lakin bəlli ərazilərin minadan təmizlənməsi sürətlə həyata keçirilir. Təmizlənən ərazilər isə bərpa olunur, yenidən qurulur, sakinlərinə verilir. Beləliklə, biz öz torpaqlarımıza qayıdırıq. Bu qayıdışı isə bütün dünya izləyir.

Biz yeni, müasir şəhərlər, qəsəbələr, kəndlər salırıq. Bütün bunlar isə xalqa müzəffər sərkərdə, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə bəxş olunur. Necə ki, düzgün siyasəti, milli ordumuza böyük sərkərdəliyi ilə torpaqlarımızı geri alıb soydaşlarımıza qaytardı, indi isə məhz Onun rəhbərliyi ilə azad edilmiş torpaqlarımız əvvəlkindən də gözəl görkəmə salınır, müasir dövrün tələblərinə uyğun şəkildə öz sakinlərinə qaytarılır. Qayıdış Proqramı sürətlə, keyfiyyətlə və qarşıdakı illər üçün də planlaşdırılmış şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin ötən ay "Euronews" televiziyasına verdiyi müsahibədə bunu bir daha aydın şəkildə gördük: Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq. Bunun üçün isə biz infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırmalıyıq. Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə