"Radikal müxalifət seçkiyə qatılsa, bu, onların biabırçı məğlubiyyətlər seriyasının finalı olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Radikal müxalifət seçkiyə qatılsa, bu, onların biabırçı məğlubiyyətlər seriyasının finalı olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Radikal müxalifət seçkiyə qatılsa, bu, onların biabırçı məğlubiyyətlər seriyasının finalı olacaq. Buna görə də, özlərinin fəaliyyətlərini təqdim edərkən müxtəlif gözəgəlimli epitetlərdən istifadə edən və az qala “ana müxalifət” adını monopoliyaya almaq istəyən qüvvələr seçkini boykot edir. Boykot seçimi müxalifətin siyasi səhnədəki məğlubiyyətinin üstünü örtən bəhanədir". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aqşin Kərimov deyib.

Aqşin Kərimov sözlərinə belə davam edib: "Müxalifət nəinki seçkidə, ümumilikdə Azərbaycan ictimai-siyasi atmosferində məğlubdur, bunun səbəblərini aramaq və təhlil etmək üçün ayrıca bir kitab yazmaq lazımdır. Hər halda, səbəblərindən asılı olmayaraq, müxalifətin seçkilərdə iştirak etməmək üçün bəhanələrindən sonra onlara adi texniki suallar ünvanlamaq lazımdır.

Necə olur ki, sən müxalifətsən, hakimiyyətə iddian olduğunu deyirsən, amma seçkidə iştirak etmirsən? Seçki hakimiyyətə gəlmək üçün ən sivil və demokratik yoldur, yaxşı, sən bu prosesdə iştirak etmirsənsə, onda hansı meyar və hərəkətlərlə hakimiyyətə iddialısan?

Müxalifət onsuz da dərinləşən təzadların içərisində itib-batırdı, Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan və Azərbaycan Qarabağda separatizmi məhv etdikdən sonra isə müxalifətin səsi daha da cırlaşdı.
Bu cırlıqla onlar seçkiyə gedə bilməzlər, çünki onlara nə inam var, nə də həmin qüvvələrin ciddi bir elektoratı mövcuddur.

Biabırçılıq burulğanında siyasətin boşluğuna düşəcəklərini anlayan qüvvələr indi özlərinin mübariz obrazlarını yaradıb daha bir neçə onillik müxalif kürsünü zəbt etmələri üçün bəhanələrə girişirlər. Ancaq müxalifətin oxuduğu köhnə bayatılara ictimai münasibət heç də yaxşı deyil".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə