"Azərbaycanla İraqın bir sıra oxşar tərəfləri var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanla İraqın bir sıra oxşar tərəfləri var" - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycanda İraq dövləti arasında münasibətlərə nəzər yetirdikdə mütləq şəkildə son səfərləri nəzərə almalıyıq. İraq prezidenti noyabrın sonlarında (təxminən 1 ay bundan öncə) Azərbaycana səfər etmiş və Prezident İlham Əliyevlə görüşlər keçirmişdi. Burada bir sıra mühüm sənədlər imzalandı. Həmin səfər zamanı ictimaiyyətə məlumat verildi ki, əslində bu İraqın dövlət başçısının bir prezident kimi Azərbaycana tarixdə ilk səfəridir. Bundan əvvəl səfərin baş tutması olub. Amma rəsmi olaraq ilk səfərdir. Həmin səfər zamanı imzalanan bir sıra ciddi sənədlərə, keçirilən görüşlərə, aparılan müzakirələrə diqqət etməzdən öncə ilk olaraq İraqla Azərbaycan arasında olan münasibətlərə nəzər yetirməliyik". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Xəyal Bəşirov sözlərinə belə davam edib: "İraq dövləti də Azərbaycan kimi bir sıra ciddi proseslərdən keçib. Biz bilirik ki, uzun müddət İraqa hərbi diktatura rəhbərlik edib. Həmin o diktaturanın hakimiyyətdə olduğu dönəmdə İraq dövlətinin rəhbərlərinin yürütdüyü siyasət İraqı bir sıra dövlətlərlə düşmənçilik vəziyyətinə gətirib çıxarıb. Ümumilikdə götürsək, İraqı qapalı bir dövlətə çevirib. Amma 2003-cü ildən İraqda həmin o diktatura rejiminin devrilməsindən sonra bir sıra proseslər xarici ölkələr və Qərbdən olan bir sıra ölkələr onlar üçün onlar münbit şəraitdən istifadə edərək İraqa daxil olub burada öz maraqlarına uyğun iğtişaşlar törətməyə çalışıblar. Belə bir prosesdən keçən dövlətin dövlətçilik idarəetmə mexanizmi qurulması baxımından ciddi çətinliklərin olduğunu biz bilirik. Amma hər bir halda nəzərə almalıyıq ki, Azərbaycan da təxminən o səviyyədə olmasa da, İraq kimi çətin proseslərdən keçib. Ərazilərimiz 30 ilə yaxın bir müddət ərzində işğal altında qalıb. Bir sıra xarici qüvvələr bu prosesdən Azərbaycana qarşı istifadə etməyə cəhd göstəriblər. Amma bizim İrqdan fərqimiz ondadır ki, bizdə çox ciddi proseslər, qarşıdurmalar və çaxnaşmalar olmadan vəziyyətdən çıxmış olduq. Bu da bizim üçün həm Ulu Öndərin hakimiyyətdə olduğu dönəmdə, həm də İlham Əliyevin hazırkı rəhbərliyi zamanında yürütdüyü uğurlu siyasətin nəticəsi oldu. Azərbaycandan belə bir çətin prosesdən üzüağ çıxdı və bu gün Azərbaycan bir sıra dövlətlər, o cümlədən İraqın özü üçün inkişaf tempinə görə nümunəvi dövlətdir.

Bizim İraqla digər bir oxşar məqamımız isə təbii resurslarla zəngin olmağımızla bağlıdır. Təbii resurslarla zəngin olan dövlətlər həmişə diqqət mərkəzində olur, bir sıra qüvvələrin məkrli hiylələrinə tuş gəlir. Eyni zamanda həmişə xarici qüvvələr həmin o dövlətə diqqət və maraq göstərirlər. Azərbaycanla İraqın bu məsələdə oxşar tərəfləri var. Amma hər bir halda bizim İraqla hazırki reallıqda ən real və əsas maraqlarımızın uzlaşdığı məqam Azərbaycanın Vətən müharibəsindən sonra dünyaya təqdim etdiyi Orta Dəhlizlə bağlıdır.

Düşünürəm ki, İraq prezidenti Camal Rəşid Azərbaycana səfər edərkən, cənab İlham Əliyevlə bu istiqamətdə iqtisadi, ticarət, enerji, logistika, məədni, rəqəmsal və nəqliyyat və bir sıra digər iki dövləti ciddi şəkildə maraqlandıran istiqamətlərdə müzakirələr aparıldı, sənədlər imzalandı. Camal Rəşidin İraq prezidenti kimi Azərbaycaan noyabrın sonlarında edilən səfərindən sonra artıq imzalanmış sənədlərə uyğun olaraq Azərbaycanın Rəqəmsal, inkişaf və nəqliyyat naziri İraqa səfər etdi. O həm İraq prezidenti tərəfindən qəbul edildi, həm İraqın baş naziri ilə görüş keçirildi. Eyni zamanda özünün kolleqası olan İranın müvafiq naziri ilə də görüşlər keçirdi.

İraqın bəzi məqamlarda o qədər də dünya səviyyəsində diqqətdə olmayan dövlət olduğunu vurğulayırlar. Amma bu yanlışdır. Biz bu gün Yaxın Şərqdə, o cümlədən ərəb dövlətləri ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirən dövlətik. Təsadüfi deyil ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının tədbirinə fəxri qonaq kimi dəvət edildi. Belə hallar çox əhəmiyyətli məqamlardır. Bu gün Azərbaycanın ərəb dövləti olmamasına baxmayarq, bizim ora fəxri qonaq kimi dəvət edilməmiz ərəb dövlətlərinin Azərbaycana olan marağından xəbər verir.

Azərbaycan onun maraqlarına cavab verən və Azərbaycanın qarşıya qoyduğu ikitərəfli qaydada bərabər hüquqlu əməkdaşlıq çərçivəsində Azərbaycanla münasibət qurmaq istəyən istənilən dövlət üçün açıqdır, bu münasibətləri inkişaf etdirməkdə maraqlıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə