Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb ŞƏRH

Zaman göstərdi ki, Azərbaycan düzgün siyasət aparıb ŞƏRH

Müxtəlif mədəniyyətlərin, dinlərin qovuşuğunda yerləşən Azərbaycan sivilizasiyalararası dialoq məkanı olmaqla yanaşı, iqtisadi inkişaf modeli ilə dünyanın diqqətindədir. Dayanıqlı dinamizmin Azərbaycanda müzakirə olunması ölkəmizin davamlı inkişafına yol açan təkmil sosial-iqtisadi islahatlarına söykənir. Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Dövlətimizin siyasətində təkmilləşmənin, yeniləşmənin prioritetliyi Azərbaycanın beynəlxalq aləmdə yenilikçi, islahatçı ölkə kimi tanınmasına və nüfuz qazanmasına səbəb olur. Məhz uğurlarımıza əsaslanaraq Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizi reallaşdırmaq istiqamətində uğurlu addımlar atılır.

Məlumdur ki, dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Dövlət başçısı Qarabağda mövcud durumla bağlı suallara cavab verərkən bildirib ki Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Bir gündən də az sürən antiterror əməliyyatı bizə imkan verdi ki, suverenliyimizi bərpa edək. Əməliyyat elə tərzdə aparılmışdır ki, mülki infrastruktura zərər dəyməyib və dinc əhali arasında itkilər olmayıb. Əməliyyat başlayan anda bəyan etdik ki, Ermənistan ordusu silahları yerə qoyan kimi biz dayanacağıq və onlara oraları tərk etməyə icazə verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olduqlarını bəyan edəndən sonra bütün fəaliyyətlər dayandırıldı. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin.

Cənab Prezident çıxışında bildirdi ki, biz iki il yarım bundan əvvəl suverenliyimizi bərpa edərkən gözlədiyimizin şahidi olduq – Qarabağda Ermənistana məxsus böyük sayda hərbçilər var idi və onlar orada beynəlxalq hüquqa məhəl qoymadan yerləşdirilmişdilər. Onların sayı 15 minə yaxın idi. Üç il ərzində biz səbirli davrandıq, ümid edirdik ki, nəhayət bu vəziyyətin həll yolu tapılacaq. Biz dərk edirdik ki, vəziyyət anormaldır və İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə bizim təklifimiz çox aydın idi – Qarabağda yaşayan insanların iki seçimi var. Biri Azərbaycan vətəndaşları olmaqdır və biz bunun üçün hüquqi və təhlükəsizlik çərçivəsi yaradırıq. Yaxud yaşayış üçün başqa yer tapsınlar. Başqa seçim yoxdur. Digər seçim isə özlərinin hesab etmədikləri ölkədə yaşayış və işləmək üçün icazənin alınmasıdır.

Ölkə başçısı xatırlatdı ki, Azərbaycan reinteqrasiya ilə bağlı bütün lazımi təşəbbüslərlə çıxış etmişdir. Reinteqrasiyaya dair elektron portal yaratdıq ki, orada Azərbaycan vətəndaşlığını almaq istəyən hər kəs qeydiyyatdan keçə bilər. Onlara təklif etdiyimiz bütün hüquqlarla bağlı əlavə məsləhətləşmələr də aparılacaqdı. Onlara təklif etdiklərimizin hamısı tamamilə qəbuledilən idi və ən yaxşı təcrübəyə əsaslanırdı – milli azlıqlarla bağlı Avropa Konvensiyası, dil ilə bağlı Avropa Konvensiyası, ana dilində təhsil, dini hüquqlar, mədəni hüquqlar, bələdiyyə hüquqları. Onlara bələdiyyə seçkiləri vasitəsilə nümayəndələrini seçmək təklif edildi. Ermənistan tərəfindən belə tanınmayan qondarma “dağlıq qarabağ respublikası”nın qondarma müstəqil kvazi-dövlət kimi mövcud olmaq şansı heç zaman olmayıb. İki şans var idi - ya Azərbaycanın qalan hissəsi ilə inteqrasiya etmək, ya da tarixə qovuşmaq.

“Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” forumunda Prezident cənab İlham Əliyev həmçinin dünyada baş verən geosiyasi proseslərə də münasibət bildirdi. Ölkə başçısı qeyd etdi ki, dünyada yeni vəziyyəti proqnozlaşdırmaq olmur. Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi bilinmir. Bu səbəbdən regionumuzda, Qafqazda vəziyyəti, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyu, xüsusilə də Əfqanıstandakı vəziyyəti nəzərə aldıqda təhlükəsizlik mövzusu başlıca prioritet olmalıdır.

Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın yüksəlişinin, ordumuzun yüksək döyüş qabiliyyətinin təcəssümü olan bu qələbə nəticəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, respublikamızın ərazi bütövlüyü bərpa olundu. Vaxtilə danışıqlar yolu ilə müzakirə olunan məsələləri, tarixin arxivinə göndərilən Minsk qrupu formatında yoluna qoyulmayan problemi Azərbaycan güc yolu ilə, "dəmir yumruq"la həll etdi. Bu hadisə yalnız müasir müstəqilliyimizin deyil, bütün dövlətçilik salnaməmizin ən böyük hadisələrindən biri olaraq tariximizi şərəfləndirdi, gələcəyimizə işıq saldı, Azərbaycanın müasir tarixində yeni dövrün başlanğıcı oldu. İndi həm torpaqlarımız azaddır, həm də dövlət sərhədlərimiz tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Prezident bir daha vurğulayıb ki, sülh prosesini gecikdirən tərəf Azərbaycan deyil, Ermənistandır. Azərbaycanın sülh tərəfdarı olduğunu nümayiş etdirir.

ARZU ƏLİYEVA

YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə