Əfv sərəncamının imzalanması gözləniləndir? - AÇIQLAMA

Əfv sərəncamının imzalanması gözləniləndir? - AÇIQLAMA

"Əlbəttə ki, əfvetmə Prezidentin müstəsna kontitutsion səlahiyyətidir. Amma az ehtimal edirəm ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərindən əvvəl əfv sərəncamı verilsin". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O xatırladıb ki, artıq 2023-cü ildə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Prezident tərəfindən böyük miqyaslı əfv sərəncamı imzalanıb: "Bu sərəncam 800-dən çox məhkuma şamil edildi. Qəbul edilən bu əfv sərəncamı uzaq keçmişdə deyil, may ayında baş verib. Ona görə də belə qısa müddət ərzində yeni əfv sərəncamının olacağını düşünmürəm".

Ə.Nuriyev sözlərinə davam edərək bildirib ki, əfv sərəncamı yubiley tarixləri olmadığı hallarda bir qayda olaraq Novruz bayramı ərəfəsində həyata keçir: "Digər tərəfdən növbədənkənar prezident seçkiləri çox mühüm siyasi-hüquqi hadisədir. Bu, Azərbaycanın ictimai-siyasi həyatına, eyni zamanda bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərq regionuna təsir göstərə bilər. Eyni zamanda, hazırda bütün diqqət bu növbədənkənar prezident seçkilərinə yönəlib. Ona görə də belə bir mühüm siyasi hadisənin baş verəcəyi ərəfədə əfv sərəncamının olacağını məntiqi cəhətdən də mümkün hesab etmirəm. Çünki Əfv Komissiyasının üzvləri bütövlükdə çox mühüm dövlət funksiyalarını həyata keçirən şəxslərdir. Həm bu seçki proseslərini diqqətdə saxlamaq, həm də əfv sərəncamı ilə bağlı iclasların toplanması sadəcə olaraq fiziki baxımdan mümkün deyil. Amma yenə də qərar dövlət başçısınındır. Güman edirəm ki, 2024-cü il ərzində hər hansı bir mərhələdə əfv sərəncamı mümkün ola bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə