Xalqın etimadını qazanan LİDER - TƏHLİL

Xalqın etimadını qazanan LİDER - TƏHLİL

Dövlət rəhbərinin seçilməsi, bunun üçün seçkilərin keçirilməsi hər bir ölkənin ictimai-siyasi həyatında mühüm hadisə sayılır. Eyni zamanda, növbədənkənar seçkilərin keçirilməsi də dünya təcrübəsində rast gəlinən, qanuni şəkildə qəbul olunandır və xüsusi əhəmiyyətə malik olduğu zaman tətbiqinə üstünlük verilir. Nəzərə almaq lazımdır ki, işğal olunmuş ərazilərimiz işğaldan azad edildikdən və Qarabağ bölgəsi üzərində suverenliyin tam bərpasından sonra ilk dəfə növbədənkənar prezident seçkiləri, məhz Azərbaycan üçün daha böyük əhəmiyyət kəsb edir.

Sözsüz ki, dövlət başçımızın, cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə Azərbaycanın əldə etdiyi nailiyyətlər, uğurlar, irəliləyişlər, hər bir sahədə müşahidə olunan inkişaf, ələlxüsus da əldə edilən qələbələr, məhz Ali Baş komandanımızın rəhbərliyi, siyasi iradəsi, qətiyyəti sayəsində ərazilərimizin işğaldan azad olunması fonunda xalqımızın, vətəndaşlarımızın öz rəhbərinə inamının, etimadının kifayət qədər yüksək olması zərrə qədər də şübhə doğura bilməz. Məhz elə bu inama, bu etimada istinad edərək cəsarətlə deyə bilərik ki, əvvəlcədən 2025-ci ildə keçirilməsi planlaşdırılan Prezident seçkilərində cənab İlham Əliyevin növbəti dəfə qələbə qazanacağına da hər zaman əmin olmuşuq və hal-hazırki vəziyyətdə xüsusi əhəmiyyət daşıdığına görə, 7 fevral 2024-cü ildə tarixində keçirilməsi qərarı verilən növbədənkənar Prezident seçkilərində də ölkə rəhbərimizin eyni şəkildə qələbə qazanacağına əminliyimiz həddindən artıqdır.

Əlbəttə ki, Vətən Müharibəsində qazanılan Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimizin bərpası güclü bir dövlətçilik olmadan heç də mümkün görünə bilməzdi. Çünki qələbənin əldə edilməsində məhz güclü dövlətçilik mütləq şəkildə vacibdir və bu güclü dövlətçiliyə də məhz cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində nail olunub. Digər tərəfdən, qələbə olmadan, Zəfər qazanmadan tam, bütöv bir dövlətçilik barədə danışmaq heç də yerində düşmür. Deməli, əldə edilən qələbələr, Zəfər, ərazi bütövlüyümüzün, suverenliyimizin tamamilə bərpa edilməsi ilə məhz dövlətçiliyimizin daha da möhkəmləndirilməsi bir-birini tamamlamaqdadır. Bu isə o deməkdir ki, əldə edilən qələbələrdən, ərazi bütövlüyünün, suverenliyin bərpasından sonra, yəni, yenilənən Azərbaycanda xalqımızla, vətəndaşlarımızla ölkə başçımızın arasında olan etimad mandatının da yenilənməsi zərurəti yaranır. Elə məhz bu zərurətdən dolayı növbədənkənar Prezident seçkilərinin keçirilməsi olduqca vacib və son dərəcə əhəmiyyətli hesab olunur. Bu baxımdan da növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə qərar tam yerinə düşür, məntiqidir və başadüşüləndir.

Bundan əvvəl, yəni, 2018-ci ildə keçirilən Prezident seçkilərində qazandığı qələbə ölkə rəhbərimzə, cənab İlham Əliyevə milli maraqlarımızın təmin edilməsi, uğurlarımızın, inkişafımızın davamlı olması, qələbələr qazanılması istiqamətində qətiyyətli tədbirlər görmək mandatı verdi. Bununla da Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkə rəhbəri olaraq, fəaliyyəti ilə həm möhkəm bir dövlətçiliyə, həm də mükəmməl qələbələrə, Zəfərə imza atdı. Ali Baş Komandanımız resursları elə bir şəkildə səfərbər etdi, elə bir şəkildə birləşdirə bildi ki, xalqımız tərəfindən seçildiyi vaxtdan cəmi iki il sonra Qarabağdakı erməni işğalçı rejimini, qondarma mif yaradaılan erməni silahlılarını, bütövlükdə Ermənistan tərəfini diz çökdürdü və bununla da erməni baş nazir Nikol Paşinyan təslimçilik aktına, kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qaldı. “Dəmir yumruq”, xalqımızın həmrəyliyi, birliyi, ordumuzun rəşadəti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi ilə düşmənin başına endirildi və ərazilərimiz erməni işğalından təmizləndi. Bütün bu qələbələr, məhz xalqımızın öz rəhbəri ilə bir olması, həmrəy olması, inam və etimadı sayəsində ən qıza zaman kəsiyində əldə edildi. İndi həmin birliyin, həmrəyliyin, inamın, etimadın fonunda növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin yenə də qələbə qazanacağına hər bir Azərbaycan vətəndaşı hədsiz dərəcədə əmindir.

Ölkə vətəndaşlarının öz rəhbərini, cənab İlham Əliyevi yenidən Prezident seçəcəyinə olan əminliyimiz heç də təsadüfi, yaxud da əsassız deyil. Bu əminlik heçdən də yaranmayıb. Əsrin üçdə birinə yaxım müddət ərzində öz ərazisinin 20 faizindən məhrum olan, mədəniyyətimizin beşiyi sayılan Qarabağ olmadan mövcud olan bir ölkədə onillər böyü yaşayan vətəndaşlarımızın indi bu məhrumiyyətlərsiz yaşaması qürurvericidir, sevindiricidir və xaqımıza məxsus olanların, dəyərlərinin yenidən geri qaytarılması qətiyyən yaddaşlardan silinən deyil. O da yaddaşlardan silinən deyil ki, bütün bunlar məhz Ali Baş Komandanın, cənab İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi, qətiyyəti, xalqla, ordu ilə birliyi sayəsində reallaşıb. “Biz yeni reallıq yaratdıq, bunu nəzərə alın!”, deyərək, 26 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bəyan edən cənab Prezident İlham Əliyev bu birliyin təntənəsinin yeni reallıqlar yaratdığını diqqətə çatdırırdı. Ölkə rəhbəri bununla diqqətə çatdırdı ki, istər ölkə daxilində, istərsə də xarici siyasət istiqamətində yeni reallıqlar yaradılıb. Həqiqərən də görürük və indi artıq heç kim üçün də sirr deyil ki, bu reallıqlar elə ölkə hüdudlarından kənarda da nəzərə alınmaqdadır. Bütün dünya artıq Azərbaycanın yaratdığı reallıqları qəbul etməkdədir və bu reallıqların da məhz bir ölkənin başçısının, rəhbərinin, cənab İlham Əliyevin liderlik keyfiyyətləri sayəsində mövcudluğu qəbul olunmaqdadır. Bütün bunlar, əlbəttə ki, ölkə vətəndaşlarının da diqqətindən yayınmır, olduqca yüksək qiymətləndirilir və xalqımızın öz rəhbərinə inamının, etimadının, birliyinin, həmrəyliyinin daha da artmasını şərtləndirir.

Əlbəttə ki, Azərbaycan Ordusunun başladığı işi məhz bu ilin 20 sentyabr tarixində tam olaraq yekunlaşdırması, qanunsuz erməni silahlılarının, eləcə də qondarma rejimin qalıqlarının tamamilə yığışdırılması, bununla da süverenliyimizin tam şəkildə bərpası artıq yeni bir mərhələnin başlanğıcı oldu. Yəni, ərazi bütövlüyünün, suverenliyin tam şəkildə bərpası ilə yeni bir mərhələnin başlanğıcı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu isə, sözsüz ki, yeni dövrdə yeni çağırışlarla ölkəmizi qarşı-qarşıya qoydu. Daha dəqiq desək, yeni reallıqlar artıq yeni çağırışlardan xəbər verir. Bu çağırışlar isə heç də nəzərə alınmayacaq deyil. Çünki ölkəmizin bu boyda böyük, bu qədər çətin sınaqdan, özü də müstəqil şəkildə çıxması heç də bütün dünyanın asanlıqla barışacağı məqam kimi görünmür. Hətta sabit və firavan cəmiyyət quruculuğu istiqamətində ölkəmizin müstəqil siyasət yürütməsinə, bir sözlə, yeni mərhələyə qədəm qoyan Azərbaycana bəzi qüvvələrin əngəllər yaratmaq planlarının olması və bundan sonra olacağı da istisna edilə bilməz. Yeni reallıqlar fonunda, yeni dövrdə məhz yeni-yeni strateji planları həyata keçirmək üçün vətəndaşlarımızın, xalqımızın ölkə rəhbərinə, cənab İlham Əliyevə inamının, etimadının olduğunu, daha da artdığını bir daha təsdiq etmək gərəkir. Ona görə ki, çox mühüm islahatların aparılması, daha irimiqyaslı qlobal layihələrin reallaşdırılması üçün həmin etimadın, inamın, həmrəyliyin və birliyin bir daha təsdiq edilməsinə ehtiyac duyulur. Məhz buna görə də, düz otuz ildən sonra ilk dəfə olaraq, əraziləri tamamilə bərpa olunmuş, suverenliyi tam təmin olunmuş bütöv Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi labüddür və bu seçkilərdə artıq keçmiş məcburi köçkünlərin bir çoxu öz şəhərlərində, öz kəndlərində səs vermək imkanına sahibdirlər. Hətta Azərbaycan vətəndaşlığını qəbul edərək, Qarabağda yaşayan ermənilər belə həmin növbədənkənar Prezident seçkilərində iştirak edəcəklər. İndi artıq bütöv bir Azərbaycanın vətəndaşları öz rəhbərini, öz Prezidentini seçəcək və əminik ki, ölkəmizin vətəndaşları öz vətəndaşlıq borcunu yerinə yetirməli olduğunu dərindən dərk edirlər. Əminik ki, bundan sonra daha böyük qələbələrə, daha böyük uğurlara imza atmaq, daha nəhəng strategiyanın reallaşdırılması, daha böyük qlobal layihələrin reallaşdırılması üçün öz rəhbərinə, məhz cənab İlham Əliyevə səs verməyin vacibliyini hər kəs dərindən dərk edir. Ona da əminik ki, qarşıdan gələn növbədənkənar Prezident seçkilərinin məhz bütöv Azərbaycanın şanlı tarixində daha bir əlamətdar hadisə olacaq və xalqımızın eyni şəkildə həmrəylik, birlik nümayiş etdirərək, öz liderinin ətrafında davamlı olan birlik nümayiş etdirərək, öz etimadını bir daha göstərəcəyinə zərrə qədər də şübhə yoxdur. Çünki ölkə başçımız, Ali Baş Komandan, cənab İlham Əliyev xalqımızın, Azərbaycan xalqının hər zaman etimadını qazanan liderdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə