Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə parlaq səhifə açan bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. O, ömrünün 81-ci ilində - müdriklik zirvəsində bizi tərk etdi. Heydər Əliyev zirvəyə xalq sevgisi və inamı ilə yüksəlib. SİA Ulu Öndərin anım günündə onu necə xatırladıqları ilə əlaqədar Bakı sakinləri arasında sorğu keçirib.

Şəhər sakini prof. Elmlər doktoru Telman Hacıyev: “Heydər Əliyev dünyanı quran adamlardandır. Yalnız sülh məsələsi deyil, hər ölkənin, millətin, xalqın özünə məxsus xasiyyəti var. Heydər Əliyev əsl kişi idi, insanları bir-birinə qovuşdura bilən insan idi. Mən tarixi şəxsiyyət və xalqını çox sevən insanam. Ulu öndər Azərbaycanı çox gözəl qurub, İlham Əliyev də güclü idarə edir. Bunlar tərif deyil, reallıqdır. Həm bizim yaşıdlarımız, həm də gənclərimiz xoşbəxtdir. Çünki kiçik Azərbaycanda dahi şəxsiyyət dünyaya gəlib. Ulu öndər təkcə ailə üçün deyil, dünya üçün yaranıb. Çox sevindim ki, mənə yaxınlaşdınız, ürəyimdəki sözlərin bir hissəsini paylaşa bildim. İlham Əliyevin də idarəçiliyi mənim ürəyimcədir. O, çox kamil, dünyəvi, insanpərvərdir. Düşmənlə də elə danışır ki, onu zəlil edir. Çox böyük insandır. Heydər Əliyev dünyasını dəyişəndə mənə çox pis təsir etmişdi. İndi bu sualla mənim ruhum dəyişdi, kövrəldim. Düzdür, onun ruhu və yolu qalıb. İlham Əliyevin də öz ağlını yüksək qiymətləndirirəm, bir insan, vətəndaş, filosof alim kimi qiymətləndirirəm. Mən fəlsəfədən mühazirələr oxuyuram. Söhbət ağıldan yox, insan ruhundan gedir. İlham Əliyev öz ruhunu xalqına işlədir. Əhsən, çox güclü ailədir. Arzum budur ki, İlham Əliyevin ömrü uzun olsun, vətənimiz getdikcə inkişaf etsin. Allah Mehriban xanımı da, uşaqlarını da xoşbəxt etsin. İnsan yaşayaraq hər şeyi qiymətləndirir. Mənim vətənim üçün belə insanlar lazımdır”.

Şəhər sakini Hüseyn Yunusov: “Mən Rusiyada dünyaya gəlmişəm. Orada Azərbaycan məktəbi var idi, anam bizi oraya göndərirdi ki, biz Azərbaycan dilini öyrənək. Əvvəllər də Heydər Əliyev haqqında çox eşitmişdim, valideynlərim onun liderliyi haqqında, Azərbaycanı xilas etməsindən danışmışdılar. Kiçik olanda mən ona baba deyirdim. Çox gözəl xatırlayıram. Gündəliyin üzərində onun şəkli var idi. Nənəm deyərdi ki, gündəliyini gətir, babanın şəklini öpüm. Həmişə deyərdi ki, o sənin babandır. Mən fikirləşirəm ki, Heydər Əliyevin müasir Azərbaycan üçün olan rolu, həqiqətən, çox mühüm və böyük roldur. Çünki bizi ən çətin vəziyyətdən çıxardı. 1-ci Qarabağ müharibəsində millət ayağa qalxmışdı. İstər siyasi, istər ekonomik cəhətdən olsun onun rolu çox böyük olub. Mən şadam ki, azərbaycanlıyam və bu ölkənin vətəndaşıyam. Ölkəmin tarixini gördüm, Azərbaycanda 10 ildir yaşayıram. Heydər Əliyevi isə çox yaxşı xatırlayıram, həmişə qəlbimizdədir. Təvəllüdüm 2003 olsa da, valideynlərimdən eşitmişəm ki, xalq, ölkə üçün matəm idi. Dünyada yaşayan bütün azərbaycanlılar üçün belə lideri itirmək çox böyük itki idi. Allah rəhmət etsin. Yenə də təkrar edəcəm, hər zaman demişəm ki, onun rolu çox böyük və massiv olub. Bunu unutmamaq və xatırlamaq lazımdır. Digər dünya liderləri Heydər Əliyev kimi ola blməz. Ondan bir də gəlməyəcək, yeganə idi”.

Şəhər sakini Hüseynov Hüseynağa: “Heydər Əliyev Azərbaycanın prezidenti olub. Müstəqil Azərbaycan Respublikasının qurulmasında və möhkəmlənməsində böyük xidmətləri olub. Onunla bağlı xatirəm belədir ki, O, 1969-cu ildə hakimiyyətə gələndə mən də universitetə qəbul oldum. Bütün mafiaların əl-qolunu bağladı. Allah rəhmət etsin”.

Şəhər sakini Kamil Novruzov: “Heydər Əliyev Sovet hökuməti zamanında Azərbaycanın birinci katibi olub. SSRİ süqut etdikdən sonra müasir dövrdə də ölkəmizə başçılıq edib. O, dünyasını dəyişəndə liderimizi itirdiyimiz üçün çox kədərləndik. Çox təəssüfləndik və sıxıldıq. Allah rəhmət etsin. Mən də bir neçə dəfə Fəxri Xiyabana onu ziyarət üçün getmişəm. Ulu öndər Azərbaycanı vətəndaş müharibəsindən xilas etdi, atəşkəsə imza atdı. Neft sektoru, idman sahələri üzrə inkişafa nail olub. Sənayeni inkişaf etdirib”.

Şəhər sakini Heybətulla Məmmədov: “Heydər Əliyevi çox yaxşı xatırlayıram, gözəl insan idi. Allah rəhmət etsin. O olmasaydı, Azərbaycan xalqı batardı. Cavan idik, görürdük ki, yaxşı prezidentdir, xalqın qayğısına qalır. Hamının öz sənəti var, Heydər Əliyevdə də prezident sənətkarlığı var idi. Azərbaycanda hər sahəni inkişaf etdirdi, kondisioner zavodu tikdirdi. Ermənilər bizi irəliləməyə qoymurdu, amma onun hökmü ilə hər şeyə nail olurduq. O da, İlham Əliyev də Azərbaycanı bütün dünyaya tanıtdılar. Allah xalqımıza da xoşbəxt günlər nəsib etsin”.

Şəhər sakini Əli Hüseynov: “Çox mülayim, təvazökar, qayğıkeş, insanlara həmişə yaxşılıq edən, xalqı düşünən biri idi. Həmişə xalqla yaşayırdı. Naxçıvandan Bakıya gəlməsini çox yaxşı xatırlayıram. Yüngül sənaye, neft sahəsi inkişaf etdi, kondisioner zavodunu açdırdı, ordunu yenilədi. Xəstə olanda Amerikada idi, sonra Bakıya gətirdilər. Yadımdadır, dünyasını dəyişəndə onu necə Fəxri xiyabana aparırdılar. Mən də getmişəm Fəxri xiyabana. Xalq orada idi”.

Şəhər sakini Kəmalə Abdullayeva: “Heydər Əliyev hakimiyyətə geri dönəndə biz uşaq idik. Nənələrimiz deyirdi ki, Heydər Əliyev gəlirsə, bundan sonra hər şey yaxşı olacaq. Elə də oldu. Biz ona başqa cür yanaşırdıq. Azərbaycanın harasına getsəniz orada onun şəkli var, hər şey onun adı ilə bağlıdır. O, dünyasını dəyişəndə əziz adamımızı itirdik, Azərbaycan yas içərisində idi. Matəm saxladıq. Qəbrini ziyarətə mən də getmişəm. Bunu özümüzə borc bilirik”.

Şəhər sakini Şəlalə Quliyeva: “O bizim Ulu öndərimizdir. Göydə Allah, yerdə onu bilmişik. Onun zamanında yaxşı yaşamışıq. İndi də pis yaşamırıq, şükür. O, dünyasını dəyişəndə inanmadıq, çünki onu ölməz bilirdik. Çox heyif ki, itirdik. Azərbaycandakı çox sahənin inkişafı onun adı ilə bağlıdır”.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB