Uzaqgörən və praqmatik siyasətin nəticəsi - ŞƏRH

"Azərbaycan Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin ötən dövr ərzində keçdiyi inkişaf yolu, iqtisadi potensialı və bu istiqamətdə perspektivlər haqqında ətraflı fikirlərini bölüşüb. Əsas məqamlardan biri də odur ki, bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Əlbəttə ki, bu uğura dövlətimizin düzgün, uzaqgörən və praqmatik siyasəti nəticəsində nail olunub". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, hazırda dünyada mürəkkəb proseslər baş verir və bu da təhlükəsizlik amilini önə çıxarır. Dövlətimizin başçısının müsahibədə dediyi kimi, Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Cənab Prezident vurğulayıb: “Azərbaycanın daxilində risklər yoxdur. Bizim çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var, xüsusilə işğal olunmuş ərazilərimizin azad edildiyi tarixi Qələbədən sonra".

Millət vəkilinin fikrincə, uğurlamızın əsasında dayanan əsas amillərdən biri məhz dövlətimizin müstəqil siyasət yürütməsidir. Bu səbəbdən də ölkəmizin beynəlxalq aləmdə nüfuzu davamlı olaraq yüksəlir. Təsadüfi deyil ki, Azərbaycan dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynayıb. Cənab Prezidentin müsahibədə dediyi kimi, Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafı ilə bağlı çoxlu addımlar atıb. Parlament və gənclər platformaları yaranıb, qadınlar üçün platformanın yaradılması üzərində işlər aparılır. COVID pandemiyası məsələsi ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım göstərilib. Qoşulmama Hərəkatında sədrliyimiz bizə siyasətimizi, imkanlarımızı nümayiş etdirməyə şərait yaratdı. Bundan başqa, Azərbaycanın öz qonşuları ilə münasibətləri dostluğa və qarşılıqlı marağa əsaslanır. Yalnız torpaqlarımızı 30 il işğal altında saxlamış Ermənistanla münasibətlər mövcuddur deyil.

Sevinc Fətəliyeva qeyd edib ki, dövlətimizin başçısı müsahibəsində Ermənistanın işğal siyasətinin nəticələri, torpaqlarımızın öz gücümüzə azad edilməsi və Ermənistanla sülh sazişinin imzalanması perspektivləri barədə fikirlərini ifadə edib. Bir daha bəyan olunub ki, sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklif verən ölkə Azərbaycandır. Hazırda Qarabağ məsələsi bitdikdən sonra Ermənistan bizimlə razılığa gəlməkdə daha həvəsli olacaq. Çünki suverenliyimizin bərpası və Qarabağda qeyri-qanuni separatçı rejimin ləğv edilməsi ilə Ermənistana daha cəsarətli davranmağa və ya danışıqlara getməyə mane olan əsas amil artıq mövcud deyil. Cənab Prezident müsahibədə Ermənistandan qovulan azərbaycanlılarla bağlı deyib: “Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik.

Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur". Qarabağ ermənilərinə gəlincə, dövlətimiz hər zaman bəyan edir ki, könüllü şəkildə Ermənistana köçən həmin ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib burada yaşaya bilərlər. Bu məqsədlə Azərbaycan elektron qeydiyyat portalını yaradıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Azərbaycan çoxmillətli dövlətdir. Eyni zamanda, bütün vətəndaşlarımız qanun qarşısında bərabərdir. Hər kəs də dövlətimizin qanunlarından kənar addımlara yol verməməlidir. Bütövlükdə, dövlətimizin başçısının müsahibəsi regionda vəziyyətin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə