Anti-Paşinyançıların yeganə "siyasi alternativi" Qarabağla bağlıdır - ŞƏRH-ANALİTİK

Nikol Paşinyan: "Bəzi qüvvələr Qarabağ məsələsindən istifadə edib, hər şeyi mümkün olmayan problemin həllinə yönəldiblər"

Ermənistanın baş naziri, "Vətəndaş sazişi" partiyasının idarə heyətinin sədri Nikol Paşinyanın İcevanda partiyadaşları ilə keçirdiyi müşavirədə səsləndirdiyi bir sıra fikirləri diqqət çəkib. Xüsusilə, Qarabağ məsələsi üzündə köklənən erməni baş nazirin sözlərinə görə, hələ 2016-cı ilin avqustundakı danışıqlar prosesində baş verən substantiv dəyişikliklər "dqr"-in ləğvi prosesini qaçılmaz etdi. Bu baxımdan, mövcud vəziyyətdə və gələcəkdə də sözügedən mövzuya? ümumiyyətlə yer yoxdur, olmayacaq da.

Paşinyan dolayısı ilə əsas günahları keçmiş iqtidarın üzərinə yönəltməklə artıq həmin vaxtlardakı danışıqlar prosesində qondarma "dqr"in ləğv olunacağı barədə qərarların verildiyini bildirib.

"Danışıqlar vəziyyətində qaçılmaz yol təkcə ərazilərin verilməsi deyil, həm də Qarabağda yaradılmış dövlət nizamının ləğvi idi", - deyən Ermənistanın baş naziri əlavə edib ki, o? bu barədə birinci dəfə istintaq komissiyasında çıxışı zamanı çox ehtiyatla, üstüörtülü danışıb, ikinci dəfə isə daha açıq bəhs edib: "Bu yaxınlarda vətəndaşların suallarını cavablandırdım. Hazırda Qarabağdakı hadisələrdən sonra mən daha sərbəst danışa bilirəm".

O qeyd edib ki, bu mövzu müzakirə olunmayıb. Çünki müzakirə olunsaydı, xalqa 30 il ərzində resursların mənasızcasına həlli mümkün olunmayan problemə sərf edildiyi söylənilməli idi: "Niyə görə bu problem həll olunmaz idi? Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. İndi bizi çox ittiham edirlər, deyirlər ki, əvvəldən Qarabağın öz müqəddəratını təyinetmə məsələsi ilə məşğul olacağımızı deyirdik, amma bunu etmədik. Məsələ ondadır ki, biz öz müqəddəratını təyinetmə hüququnun nə olduğunu anlamağa çalışdıq və 6 dekabr 1996-cı ildə Lissabon sammitində bizə (ozamankı Ermənistan hakimiyyətinə) dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək forması Azərbaycan daxilində ola bilər".

Paşinyan bəzi günahları öz üzərinə götürməyi də unutmayıb. Daha dəqiq desək, 44 günlük müharibədəki məğlubiyyətdən sonra o xalqla açıq danışmasını səhv addım olaraq qiymətləndirib: "Əslində, biz bu məntiqlə getdik və bizim ən böyük səhvimiz odur ki, 44 günlük müharibədən sonra xalqımızla bu mövzularda açıq danışmağa başladıq".

Ancaq bütün bunlara baxmayaraq, Ermənistandakı müxalifətçi qüvvələrin özünə qarşı hələ də Qarabağ kartından istifadə edildiyini deyən baş nazir bunu həmin qüvvələrin "yeganə alternativ mübarizə üsulu" olduğunu bildirib: "Bəzi qüvvələr Qarabağ məsələsindən istifadə edib, hər şeyi mümkün olmayan problemin həllinə yönəldiblər".

Görünən isə budur ki, Ermənistanın baş naziri artıq bu məsələlərdən bezib və bu səbəbdən də müxtəlif vasitələrlə mesajlar ötürür.

Afət Tahirqızı

Bütün xəbərlər Facebook səhifəmizdə