Gürcü politoloq: Əsirlərin dəyişdirilməsi sülhə aparan vacib yoldur

Ermənistan rəhbərliyinin Azərbaycan Prezidentinin təklifini qəbul etməsi, sülh sazişinin imzalanması istiqamətində çox vacib amildir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, eləcə də qətiyyəti və ciddi səyləri nəticəsində Azərbaycan ilə Ermənistan arasında birbaşa əlaqələr yaranıb. Ermənistan rəhbərliyi xeyli müddət idi ki, Azərbaycan Prezidentinin təklifini qəbul etmirdi. Lakin bu gün artıq erməni xalqı və baş nazir Nikol Paşinyan Azərbaycan tərəfinin təklifinin tarixi əhəmiyyətini başa düşüb, vacib addımlar atırlar.

Biz bunu hərbi əsirlərin dəyişdirilməsi məsələsində gördük. Əlbəttə, burada söhbət say nisbətində deyil. Bu addım, əslində, sülhə aparan vacib yoldur. "Görünür ki, Ermənistanın baş naziri artıq özü qərar qəbul edə bilir. Heç kimə şərait yaratmır ki, onun işinə müdaxilə etsin. Bu təklif hələ çoxdan İlham Əliyev tərəfdən deyilmişdi. Nəhayət ki, Ermənistan tərəfi bunun mahiyyətini başa düşdü. İnanıram ki, Ermənistan rəhbərliyinin sonunda düz yola qayıtması və sülh sazişinin imzalanması istiqamətində səyləri tezliklə böyük sülh sazişinin imzalanmasına səbəb olacaq. Əsirlərin dəyişdirilməsi bunun ilk nümunəsi ola bilər”, - deyə L.Mamaladze vurğulayıb.

Siyasətçi deyib ki, Gürcüstan bu məsələdə tərəflərə hər cür dəstək verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə