"Azərbaycanla Ermənistan arasında razılaşması mümkün olmayan çox az məsələlər var" - ŞƏRH EDİLDİ

"Azərbaycanla Ermənistan arasında ilk ikitərəfli akt imzalanıb. Əvvəllər xarici işlər nazirləri səviyyəsində açıqlamalar, bəyanatlar verilib. Amma Azərbaycanla Ermənistan arasında bu səviyyədə ilk dəfədir bəyanat imzalanır. Bu onu göstərir ki, Azərbaycan və Ermənistanın ikitərəfli danışıqlara getmək imkanları var, bir çox məsələlərdə razılaşa bilərlər". Bu barədə SİA-ya açıqlamasında siyasi şərhçi Sədrəddin Soltan bildirib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında razılaşması mümkün olmayan çox az məsələlər var: "Amma bu akt bütövlükdə bu tərəflər arasında bir-birinə etimad və etibarın yaranmasına səbəb ola bilər. Bu Azərbaycan və Ermənistan arasında etimad mühitinin, tərəflərin bir-birinə etimad etməsinin göstəricisidir. Həm də tərəflərin bir-birinə hörmətlə yanaşmasının işarələri var. Məsələn Azərbaycan tərəfi Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının idarə heyətinə üzv olmasına razılıq verib. Ermənistan növbəti toplantının Azərbaycanda keçirilməsi üçün öz növbəsini rəsmi Bakıya ötürüb. Bir-birinə hörmətlə bu qarşılıqlı jestin edilməsi də tərəflərin bir-birinin imicinə, nüfuzuna sayğı ilə yanaşmasını göstərir. Bu onu göstərir ki, Azərbaycan və Ermənistan həm də bir-birinə dövlət olaraq hörmətlə yanaşmağı bacarır. Bütün hallarda ikitərəfli birgə açıqlama Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində atılan addımdır. Yaxud bu istiqamətdə görüləcək işlərə təkan verə biləcək bir sənəddir".

S.Soltan bildirib ki, bu sənəddə real olaraq görüləcək iş və nəticəsi var: "Əsirlər azad edilir və təşkilatla bağlı məsələlər həll olunur. Bu artıq konkret işdir, tərəflərə bir-birinə yaxınlaşmağa, etibar etməyə dəstək verir. Hesab edirəm ki, ikitərəfli açıqlama da bu istiqamətdə Azərbaycan və Ermənistanın münasibətlərinin yaxınlaşmasına və perspektivə sülh sazişinin imzalanmasına yardım edə bilər".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə