"Bilirdik ki, Ali Baş Komandanımız övladlarımızı düşmən əlində qoymayacaq” - Aqşin Bəbirovun anası

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib. Razılaşmaya uyğun olaraq Ermənistanda həbsdə olan Bəbirov Aqşin və Axundov Hüseyn əsirlikdən azad olunur. SİA mövzu ilə bağlı Aqşin Bəbirovun anası Dürdanə Bəbirovanın təəssüratlarını öyrənib.

O bildirib ki, hal-hazırda oğlunun harada olması ilə bağlı məlumatım yoxdur: “Amma bu şad xəbəri eşitdiyim andan sevincimin həddi-hüdudu yoxdur. Biz analar 8 aydır nələr yaşadıq. Allah bu acını heç bir anaya yaşatmasın”.

Dürdanə Bəbirova sözlərinə belə davam edib: “Yaşamış kimi görünürdük, amma yaşamırdıq. Lakin cənab Prezidentimizin xəbəri biz ölüləri diriltdi. Prezidentimizə bir ana kimi təşəkkür edirəm. Biz ümidimizi heç vaxt üzməmişdik. Bilirdik ki, Ali Baş Komandanımız bizim övladlarımızı düşmən əlində qoymayacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə