Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri Nazim Səmədov Mərakeşin iqtisadi inklüzivlik, kiçik biznes, məşğulluq və bacarıqlar naziri Yunes Sekkuri ilə görüşüb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, səfirlikdən bildirilib ki, görüş zamanı Mərakeş nazirinin cari il noyabrın 21-23-də Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əmək nazirlərinin 5-ci konfransında iştirak məqsədilə ölkəmizə səfəri ətrafında fikir mübadiləsi aparılıb. Nazir ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək, bu səfərdən xoş təəssüratlarla qayıtdığını bildirib.
Görüş zamanı, həmçinin cari il noyabrın 13-də Azərbaycanla Mərakeş arasında Birgə Hökumətlərarası Komissiyanın 2-ci sessiyası çərçivəsində imzalanmış müvafiq sahədə iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsini ehtiva edən sənədlərə istinad edilib. Bu kontekstdə, nazirliklər arasında təsis edilməsi nəzərdə tutulan müvafiq Texniki Komitənin tezliklə fəaliyyətə başlamasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin sözügedən sənədlərin müddəalarının müzakirəsi məqsədilə iki ölkənin aidiyyəti qurumlarının nümayəndələri arasında yaxın günlərdə onlayn görüşün təşkilinin də faydalı olacağı vurğulanıb. Bununla yanaşı, nazirliklər arasında təcrübə mübadiləsinin önəmini qeyd edən Y.Sekkuri Mərakeş tərəfinin xüsusilə peşəkar təlimlər məsələsində geniş təcrübəyə malik olduğunu və bu təcrübəni bölüşməyə hazır olduqlarını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə