"Heç kəs bizim ərazi bütövlüyümüzü şübhə altına ala bilməz" - DEPUTAT BİLDİRDİ
"Azərbaycanla ABŞ arasında həmişə yaxşı münasibətlər olub. Dünya birliyində stabilliyin, əmin-amanlığın təmin edilməsində dövlətlərimiz bir çox birgə təşəbbüslərdə iştirak ediblər". Bunu SİA-ya açıqlamasında
Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə ABŞ və Azərbaycan arasında vaxtaşırı siyasi məsləhətləşmələr keçirilib, siyasi nümayəndələr səfərlər həyata keçiriblər: "Ancaq son dövrdə təəssüf ki, ABŞ administrasiyasının müəyyən nümayəndələri Azərbaycanla münasibətlərə xələl gətirəcək bəyanatlar verir, addımlar atırlar. ABŞ senatının lüzumsuz yerə Ermənistana dəstək aktının qəbul etməsi, bugün Azərbaycana səfər edən dövlət katibinin köməkçisi O'Braynın Azərbaycanı ittiham edən çıxışının olması münasibətlərimizə müəyyən soyuqluq gətirdi. Ancaq ABŞ və Azərbaycanın münasibətlərinin yaxşı olması hər iki dövlətin, regionun və dünyanın marağındadır. ABŞ-nin bu regionda, eyni zamanda "Qoşulmama Hərəkatında" Azərbaycansız həyata keçirdiyi təşəbbüslər çox yarımçıq, natamam görünür. Bunun nəticəsidir ki, ABŞ dövlət katibi öz nümayəndəsini münasibətlərin normallaşdırılması üçün göndərdi".
A.Mirzəzadə bildirib ki, bugün Azərbaycan Prezidenti ilə ABŞ rəsmisinin görüşünün konstruktiv məcrada keçirildiyi qeyd edilib: "Azərbaycan özünün suveren hüquqlarını beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirir. Heç kəs bizim ərazi bütövlüyümüzü şübhə altına ala bilməz, Azərbaycanı hansısa milli azlığa qarşı qərəzli siyasət aparmasında ittiham edə bilməz. Belə faktlar yoxdur, Azərbaycan heç bir zaman bunu etməyib. Azərbaycan multikultural, tolerant bir ölkədir. Bizdə müxtəlif millətlərin nümayəndələri yaşayır, müxtəlif dinlərin və məzhəblərin nümayəndəliyi sərbəst şəkildə dini etiqadını həyata keçirir. Azərbaycan açıq cəmiyyətdir və bir çox məsələlərdə dünya ilə birgə hərəkət edir. Hesab edirəm ki, O'Braynın Azərbaycana səfəri münasibətlərimizin əvvəlki məcraya qayıtmasına kömək edəcək. Bu məsələdə Azərbaycanın dövlət başçısının qətiyyətli siyasəti əlbəttə ki, öz rolunu oynadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB