Məsuliyyətsizliyin və yanlışlığın təzahürü olan “SİYASİ TƏLXƏKLİK” - TƏHLİL
Məntiqsiz, əsassız və mənasız bəyanatların, fikirlərin ortaya atılması ilə rəsmi İrəvan həmişə olduğu kimi, sülh prosesini sadəcə olaraq, yenə də ləngidir. Ermənistanın hazırki hakimiyyətinin öz məsuliyyətini dərk etmədiyi, yanlışlığı göz önündədir və bu, zərrə qədər də şübhə doğurmur. İşğalçı ölkənin baş naziri Nikol Paşinyanın komandasında təmsil olunan xarici işlər naziri Ararat Mirzoyanın, ATƏT-in Skopyedə keçirilən Nazirlər İclasındakı bəyanatında həyasızcasına absurd fikirlər səsləndirməsi, şərə, böhtana əl atması, yəni, “siyasi təlxəklik” etməsi ilk növbədə, məhz öz məsuliyyətini dərk etməməsinin, eləcə də rəsmi İrəvanın hələ də yanlış yolda olduğunun növbəti təzahürüdür.
Özünün yanlış yolda olması, razılığa gəlməməsi, beynəlxalq hüququn norma və prinsplərinə məhəl qoymaması səbəbindən Ermənistanın qarşılaşdığı fəlakətlərdən ermənilər dərs alanlar kimi qətiyyən görünmürlər. Əks halda, 44 günlük müharibədən lazımi dərs alardılar və ən azından bu ilin sentyabrına qədər Ermənistanın qanunsuz silahlı dəstələrinin Azərbaycan ərazilərində qalmalarına imkan verməzdilər. Əslində, BMT-nin bununla bağlı məlum dörd qətnaməsi olduğu halda, yəni, Ermənistanın silahlı birləşmələrinin ölkəmizin ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə qəbul edildiyi zaman həmin silahlılar çıxarılmalı idilər. Həmin BMT qətnaməsinə baxmayaraq, nəinki 44 günlük müharibədən əvvəl, heç müharibədən sonra da buna əməl etmək kimi bir fikirdə rəsmi İrəvanın olmaması, həmin silahlıların tərksilah edilməsi, ərazilərin onlardan təmizlənməsi üçün Azərbaycan tərəfinin anti-terror tədbirləri aparmasını labud etdi və nəticədə də həmin silahlılar ağ bayraq qaldıraraq, təslim olmaq, ərazilərimizi tərk etmək məcburiyyətində qaldılar. Amma bundan da ermənilər deyəsən dərs almaq fikrində deyillər. Çünki dərs almış olsaydılar, hansısa razılıq barədə düşünər, müəyyən bir ortaq məxrəcə gəlmək üçün çalışardılar. Lakin biz görürük ki, rəsmi İrəvan hələ də öz maraqlarını “sırımaq” üçün bütün mümkün tədbirlərə əl atır. Hətta işğalçı ölkə rəsmiləri belə yalan, həqiqətə uyğun olmayan fikirlər və bəyanatlar səsləndirməkdən də çəkinmirlər və bu da nəticə etibarı ilə sülh gündəliyinə öz mənfi təsirini mütəmadi olaraq göstərir. Halbuki məğlub olan bir ölkə hakimiyyəti ilk növbədə müəyyən razılığa gəlməkdə, sülh prosesində özü maraqlı olmalı idi.
Qeyd olunduğu kimi, məğlub olan, özü də rüsvayçı şəkildə təslim olan bir ölkənin hakimiyyəti uyğunsuz bəyanatlarla çıxış etməkdədir. Məsələn, vasitəçisiz danışıqlar barədə müzakirələr getdiyi bir zamanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın absurd bəyanatlar səsləndirməsi, şərə, böhtana əl atması heç bir normalara sığışmadığı kimi, eyni zamanda, proseslərə də mənfi təsir göstərir. “Dağlıq Qarabağı ermənilərsiz qəbul edən Azərbaycan indi gözünü Ermənistanın suveren ərazisinə dikib”, deyə ATƏT-in Skopyedə keçirilən Nazirlər İclasında sayıqlayan Mirzoyan, görünür, qətiyyən münasibətlərin normallaşdırılmasını istəmir. Əks halda, Azərbaycana qara yaxmaq, şər və böhtan atmaq məqsədi ilə belə məsuliyyətsiz fikirlər səsləndirməzdi. Görəsən, həqiqətən də Ararat Mirzoyanın timsalında Ermənistan hakimiyyətində təmsil olunanlar ölkələrinin vəziyyətini, acınacaqlı durumunu və sülhə, danışıqlara məhz onların ehtiyaclarının olduğunu başa düşə bilmirlərmi? Yəni, həqiqətən də Ermənistanın siyasi elitası reallıqları düzgün qiymətləndirə bilmirmi? Bir ölkənin XİN rəhbərinin bu şəkildə absurd bəyanatla çıxış etməsi onu deməyə əsas verir ki, deməli, rəsmi İrəvan hələ də yanlış yolda olduğunun fərqində deyil.
Sözsüz ki, özlərinə “ağa” olaraq qəbull etdikləri fövqəlgüclərə arxalanan Ermənistan hakimiyyəti hələ də “ərköyünlük” edir. Amma başa düşmək istəmir ki, Qərbin artıq səbrini daşırır. Çünki heç bir ölkənin Ermənistan qarşısında öhdəliyi yoxdur və bu ölkənin istədiyinə nail olacağını kimsə haylara vəd etməyib. Hər bir halda, İrəvan sınanılır və nə qədər ki, ermənilər bunun fərqində deyillər, çətin ki, sınaqdan üzü ağ çıxalar. Ona görə ki, “ağaları” görürlər ki, ermənilərə “üz verdikcə”, dəstək olduqca, onlar “cızıqlarından çıxırlar”. Yəni, ən azında müşahidə edilir ki, ermənilər dəstək gördükləri zaman Azərbaycana və hətta regionun digər ölkələrinə qarşı hədsiz dərəcədə absurd bəyanatlar səsləndirirlər. Bir sözlə, Qərb çox yaxşı başa düşür ki, dəstək aldıqları təqdirdə ermənilər sadəcə, “siyasi təlxəklik” etməkdən çəkinmədən ağılsız iddialar irəli sürürlər, özlərinə də hər şeyi rəva bilirlər. Hər halda, “ağaları” buna sonsuza qədər dözüm nümayiş etdirəcək deyil və rəsmi Vaşinqton da, rəsmi Paris də hayların “siyasi təlxəklik” etmələrindən bezdiyi zaman “ərköyünlükləri” də sona çatacaq, üstəlik siyasi varlıqları da.
Doğrudur, Rusiyadan imtina etdiyikdən, üz döndərdikdən sonra ABŞ və Fransa üçün Ermənistan çox asan, üstəlik, öz xoşu ilə hədəfə tuş gələn bir “şikar” hesab olunur. Moskvanın himayəsindən, təhlükəsizlik zəmanətindən imtina edən Ermənistanın istənilən anda “ovlanılması” hər iki ölkə üçün də an məsələsidir. Daha dəqiq desək, onsuz da bu zamana qədər müstəqil və suveren ölkə ola bilməyən Ermənistan “öz ipini” həm amerikalıların, həm də fransızların əlinə verməkdədir və bu şansdan hər iki dövlətin istifadə etməsi üçün hansısa qeyri-adı şəraitə və ssenariyə belə ehtiyac qalmır. Onsuz da hal-hazırda belə rəsmi İrəvan Amerikanın və Fransanın nəzarəti altındadır və bir marionet kimi idarə olunur. Amma bu o demək deyil ki, amerikalılar da, fransızlar da işlərini, güclərini ataraq, ancaq hayların nazı ilə sonsuza qədər oynayacaqlar və istədiklərini də reallaşdıracaqlar. Əgər rəsmi İrəvan amerikalılara və fransızlara arzularını gerçəkləçşdirəcək “qızıl balıq” kimi baxırsa, bərk yanılır. Çünki hər iki ölkənin Cənubi Qafqazda öz maraqları, öz planları var və Ermənistan hələlik bir alət olaraq istifadə edilir. Bu vəziyyətdə isə haylar özlərinin hansısa “kölgə” altında olduqları qənaətindədirlər və xislətlərinə uyğun şəkildə bundan istifadə edərək, “siyasi təlxəklik” etməkdə davam edirlər.
Əgər Ermənistan hakimiyyəti vəziyyəti düzgün qiymətləndirsəydi, mütləq Azərbaycanla əlaqələrə üstünlük verər, bunun üçün də sülh danışıqlarına bir addım daha tez nail olmağa çalışardı. Çalışardı ki, onillər boyu təcrid vəziyyətində, marginallaşmış durumda olan bir ölkənin əlaqələrini quraraq, iqtisadi inkişafı üçün zəmin yaratsın. Tamamilə səfalət içərisində olan bir ölkə iyanələrlə, yardımlarla, dilənçi payı ilə mövcudluğunu bir zülümlə saxlamaq niyyətində deyilsə, danışıqlarda, sülh danışıqlarında və münasibətlərin normallaşdırılmasında mütləq maraqlı olmalıdır. Ələlxüsus da, Zəngəzur dəhlizinin məhz Ermənistan ərazisindən keçməsi üçün çalışmalıdır ki, təcrid olunmuş vəziyyətdən çıxsın və heç olmasa bundan sonra iqtisadi inkişafa ümid etsin. Amma biz bunu müşahidə etmirik və görürük ki, Ermənistan tərəfi tamamilə məsuliyyətsiz və ağılsız addımlar atmaqda, oyunbazlıq etməkdə, absurd bəyanatlarla çıxış edərək, danışıqlar prosesinə mane olmaqda davam edir.
Rəsmi İrəvan ən azından, elə məhz ABŞ və Fransa üçün maraqlı bir dövlət olması məqsədi, niyyəti ilə indi çalışmalıdır və özünü təcrid vəziyyətindən çıxarmaq üçün “siyasi təlxəkliyi” bir tərəfə qoyaraq, məsuliyyətli davranışlar sərgiləməli, doğru qərarlar qəbul edərək, sülh danışıqlarına zəmin yaratmalıdır. Sülh danışıqlarına zəmin yaratmalıdır ki, ən azından iqtisadi perspektivi ilə də olsa “ağa” hesab etdiyi ölkəni belə maraqlandırsın. Məsələ burasındadır ki, rəsmi İrəvan şanslarını itirməkdə davam edir və bu ölkəyə maraq da heç gözlənilən görünmür. Çünki Azərbaycan Zəngəzur məsələsi ilə bağlı İrəvanın nə nazına, nə də “siyasi təlxəklik” etməsinə dözmək, səbr və tab etmək məcburiyyətində deyil. Ölkəmiz qonşu İranla sözügedən dəhlizə alternativ layihənin reallaşdırılmasına artıq başlayıb. Yəni, rəsmi Bakı İrəvanın qərarını illərlə gözləyəcək deyil və artıq öz milli maraqları, iqtisadi, siyasi maraqları çərçivəsində hərəkət etməkdədir. Uduzan isə yenə də Ermənistan tərəfidir və haylar tez bir zamanda görəcəklər ki, onların ölkə adlandırdıqları ərazilərə, elə lap özlərinə də ABŞ və Fransa maraq göstərməyəcək. Uzaq başı, tezliklə bu işğalçı ölkənin ərazisində başqa hansısa missiya adı altında Qərb dövlətlərindən yeni hərbi birləşmələr peyda ola bilər ki, bu da erməni cəmiyyəti üçün ciddi narahatlıq deməkdir. Ən azından baş nazir Nikol Paşinyan və onun hakimiyyəti üçün belə bir narahatlıq qətiyyən arzuolunan sayıla bilməz. Çünki Qərbin həmin ölkədə hərbi mövcudluğu Vovayeviç üçün də, onun hakimiyyət komandası üçün də son deməkdir. Hər halda, Qərb Ermənistanın ümidsiz olduğunu qəbul etdikdən, buna tam əmin olduqdan sonra onun siyasi quruluşunu dağıtmağa, ölkəni siyasi oyunlarında əlverişli alətə çevirməyə çalışacaq ki, bu zaman nə Paşinyana, nə də onun hakimiyyət komandasında təmsil olunan və ATƏT-in Skopyedə keçirilən nazirlər toplantısında “siyasi təlxəklik” edən Mirzoyana ehtiyac duyulmayacaq və nəzərə alsaq ki, erməni cəmiyyəti belə onlardan hesab sormaq arzusundadır, deməli, onların heç birinin sonu belə görünmür.
Görünən odur ki, hazırda Ermənistanın siyasi elitasının məqsədi heç də həmin ölkənin iqtisadi və siyasi inkişafına nail olmaq deyil. Əks halda, bunu heç olmasa kimsə müşahidə edərdi. Müşahidə edərdi ki, rəsmi İrəvan bütün ambisiyaları, düşmənçilikləri, uydurma mifləri kənara qoyub həmin ölkənin gələcəyi barədə düşünür, amma Ermənistanın hazırki hakimiyyətinin ancaq öz maraqları, öz istək və niyyətləri üçün çalışdığını hər kəs görür. Hələ də Qərbin yaratdığı şansdan istifadə edərək ərköyünlük etmək imkanlarından Paşinyan da, Mirzoyanın timsalında onun komanda üzvləri də istifadə edirlər. Bir sözlə, rəsmi İrəvan erməni diasporlarının resurslarından, eləcə də “ağa”larının resurslarından axmaqcasına istifadə edir və öz çirkin siyasətinə xidmət edən “siyasi təlxəklik” etməyi Ermənistanın maraqlarından üstün tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB