"ABŞ Azərbaycanı ittiham etməzdən əvvəl birinci özünə düzəliş etməlidir" - POLİTOLOQ TƏNQİD ETDİ

"ABŞ Azərbaycanı ittiham etməzdən əvvəl birinci özünə düzəliş etməlidir" - POLİTOLOQ TƏNQİD ETDİ

“ABŞ-da demokratlar nə vaxt hakimiyyətə gəlirsə bunu korrupsiya müstəvisində edirlər. Çünki onları hakimiyyətə gətirən silah satanlardır”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloqun sözlərinə görə, demokratlar hakimiyyətə gələndə həmişə müharibələr törədirlər ki, daha çox silah satsınlar: "Onlarda insanların səsi yoxdur. İnsanların kimə səs verəcəyi səsvermə anında deyil, lobbiçilik fəaliyyəti ilə əvvəlcədən alırlar. Bu mədəniləşmiş, qanunlaşmış səviyyədə rüşvət, korrupsiya deməkdir. ABŞ o mənada peşəkarcasına korrupsiyalaşmış bir dövlətdir. Yaxşı olar ki, özünün daxilinə düzən versin".

C.Nuriyev bildirib ki, demokratlar seçilməyən, səs yığmayan Co Baydeni güclə hakimiyyətə gətirdi, söz azadlığı istəyən hər kəsi həbs etdi: "Onlar hansı söz azadlığından, demokratiyadan, insan hüquqlarından danışırlar? Demokratlar birmənalı şəkildə daha çox kriminal müstəvidə fəaliyyət göstərir. Onlar daha çox kriminalların maraqlarına xidmət edən hakimiyyətdir. “The Washington Post” onlardan da yazsın görək yaza bilirmi? Əgər bu qədər demokratik, söz azadlığı varsa niyə Menendezdən və digər senatorlardan yazmır? Bütün dünya yazandan sonra o məsələyə qayıdırlar. Demokratların hakimiyyətində kifayət qədər peşəkar korrupsiyanerlər var. Azərbaycanı bu məsələdə ittiham etməzdən əvvəl ABŞ birinci özünə düzəliş etsin, heç olmasa demokratiyanın, söz azadlığının nə olduğunu bilsin. Ondan sonra başqa ölkələrə ittiham irəli sürmək hüquqları olar, hazırda ABŞ-də bu hüquq yoxdur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə