"2024-cü il Ermənistana yaxşı mənada nəsə vəd etmir" - ŞƏRH EDİLDİ

"2024-cü il Ermənistana yaxşı mənada nəsə vəd etmir" - ŞƏRH EDİLDİ

"Ermənistan üçün 2024-cü ilin özəl çətinlikləri olacaq. Çünki Ermənistanın hazırki vəziyyəti yol ayrıcında olduğunu göstərir. Hazırda Ermənistan tam şəkildə nə Rusiyanın təsir dairəsindən qopa bilib, nə də Qərbin himayəsinə sığına bilib. İndiki şəraitdə Ermənistan təhlükəsizlik sistemləri baxımından Rusiyanın çevrəsindədir, amma siyasi iradə və diplomatik yönüm olaraq üzünü Qərb tərəfə tutub". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Ekspert bildirib ki, 2024-cü ildə Ermənistanın cəhdləri xeyli güclənəcək: "Yəni Rusiya əsirliyindən, hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından və MDB-nin strukturlarından çıxmağa cəhd göstərəcək. Buna paralel olaraq Qərbə inteqrasiyanı da gücləndirməyə çalışacaq. Xüsusilə 2024-cü ildə Fransa ilə hərbi əməkdaşlığı daha da genişləndirəcəyi gözlənilir. Artıq Ermənistanın Fransa ilə 2023-cü ildə əsası qoyulmuş silah-sursat alınması ilə bağlı sazişlərin müxtəlif istiqamətlərdə genişləndiriləcəyi gözlənilir. Bu Paşinayana iki əsas məqsəd üçün lazımdır. Birincisi Ermənistanda Rusiyanın hərbi üstünlüyünə balans daşı qoymaq istəyir. İkincisi isə Paşinyan Qərbin hərbi təhlükəsizlik strukturlarını ölkədə yerləşdirilməsilə öz hakimiyyətinin toxunulmazlıq üsullarından biri kimi baxır.

Gözlənilir ki, 2024-cü ildə Paşinyan Avropa Birliyinin mülki missiyasının genişləndirilməsi, hətta hərbiləşdirilməsi yönümündə də müəyyən addımlar atsın. Gözləntilər Paşinyanın Rusiya əleyhinə olan addımlara xüsusi həvəslə yanaşacağı istiqamətindədir. Bu da Rusiyanın Ermənistana qarşı müəyyən əks addımlara sövq edəcək. Rusiyanın Ermənistan hakimiyyətini bu cür addımlar atmaqdan çəkindirmək ehtimalı böyükdür. Hətta Rusiyanın Ermənistanda cəmiyyətin fəal dəstəyi ilə məxməri hakimiyyət dəyişikliyinə nail olmaq səyləri də özünü göstərə bilər. Nəzərə almaq lazımdır ki, Paşinyan məğlub bir ölkənin rəhbəri olmağına baxmayaraq, cəmiyyətdə müəyyən qədər dəstəyi var. Belə şəraitdə onu məxməri şəkildə hakimiyyətdən uzaqlaşdırmaq o qədər də asan olmayacaq.

Bir sözlə, Ermənistanın bölgədəki təcrid vəziyyəti, iqtisadi problemləri və daxilindəki siyasi gərginliklər 2024-cü il Ermənistana yaxşı mənada nəsə vəd etmir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə