"Delimitasiya və demarkasiya məsələsi uzun və ağrılı bir prosesdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Delimitasiya və demarkasiya məsələsi uzun və ağrılı bir prosesdir" - POLİTOLOQ ŞƏRH ETDİ

"Əsas odur ki, sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə vasitəçisiz görüş baş tutdu. Amma delimitasiya və demarkasiya məsələsi uzun və ağrılı bir prosesdir. Strateji qonşumuz olan Gürcüstanla sərhədlərimizin delimitasiya və demarkasiya məsələsi neçə illərdir davam edir və hələ də bitməyib. Ermənistanla aramızda olan məsələ isə daha ağrılıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, elə Qazaxın 7 kəndi və Naxçıvanda Sədərəyin 1 kəndi Ermənistan tərəfdədir: "Həmin kəndlər Ermənistan üçün strateji əhəmiyyət daşıyır. Ermənilərin də Gədəbəyin Başkənd deyilən bir kəndi bizdədir. Dünən Ermənistanın parlament sədri bildirib ki, guya Ermənistanın 31 kəndi bu və ya digər dərəcədə Azərbaycan ərazisindədir. Ona görə də hesab edirəm ki, bu məsələ çox vaxt aparacaq. Amma əsas odur ki, görüşdə yeni danışıqlar layihəsi razılaşdırıldı, növbəti görüş vaxtı və yeri müəyyən olundu. Təbii ki, bu, bir-iki görüşdə həll olunacaq bir məsələ deyil. Amma bu görüşlərdə xırda detallar razılaşdırılır ki, bu da gələcəkdə sərhədlərin delimitasiya və demarkasiya məsələsində böyük əhəmiyyət daşıyır".

"Onu da qeyd edim ki, komissiyanın işi vacibdir. Lakin sülh müqaviləsi bağlansa belə, bu məsələ davam edəcək. Ermənistan da artıq anlayır ki, Azərbaycanla sülh müqaviləsi bağlamaq lazımdır. Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın əli-qolu açılacaq",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə