«Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz»

Qarabağda 44 günlük müharibədən 3 il ötsə də, faşizmi dirçəldən Makronun qərəzli mövqeyi başa çatmaq bilmir. Xatırladaq ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın daim ədalətli yanaşma ortaya qoymasını tələb edirdi. Lakin bunun əksi baş verirdi. Heç kimə sirr deyil ki, Fransa 44 günlük müharibənin ilk günündən ermənilərin maraqlarından çıxış edib, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə və onun bəzi təmsilçiləri indi də ermənipərəst mövqelərindən əl çəkmək fikrində deyillər. O zaman Parisin Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır? Fransa siyasətçiləri hər zaman ölkə daxilində və xarici siyasətdə ermənilərdən istifadə ediblər və Ermənistana pozuculuq fəaliyyətində dəstək olub. Çünki bütün dünyaya məlumdur ki, kim təcavüzkar, kim təcavüzə məruz qalan ölkədir. Bu isə Cənubi Qafqazda revanşizmi gücləndirmək və sülhə qarşı təxribat deməkdir. Və bu gün Fransanın işğalçı Ermənistanı silahlandırmaqla məqsədini açıq-aydın göstərir: bu addımları ilə Cənubi Qafqaz regionunda yeni toqquşmalar və münaqişələr yaratmaq, bundan istifadə edərək çirkin məqsədlərinə nail olmaqdır. Təəssüf ki, Fransanın Ermənistana silah satmaq məsələsi təkcə bu ölkənin deyil, ümumilikdə Qərbin də maraq dairəsindədir. Həmişə özünü guya beynəlxalq hüququn təbliğatçısı, sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına alır. Eyni zamanda, vəziyyətin daha da gərginləşdirilməsinə şərait yaradır. Ermənistan da bu şəraitdən yararlanmaq üçün uğursuz çabalar göstərir. Lakin işğalçı ölkə anlamır ki, Fransa maraqlarının təmin edilməsinə çalışır. Sülh barədə düşünməyən Ermənistan artıq dərk etməlidir ki, nə qədər silah-sursat olsa belə, heç bir üstünlük əldə edə bilməyəcək. 44 günlük Vətən müharibəsi dövründə Ermənistana məxsus müdafiə potensialı, hərbi birləşmələrin əksəriyyəti Azərbaycan tərəfindən məhv edilib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Bakıda İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə mətbuata bəyanatında bildirib ki, Ermənistan öz gələcəyini regionumuzdan uzaqda yerləşən ölkələrin ambisiyaları üzərində deyil, öz milli maraqlarına əsasən planlaşdırmalıdır. Xüsusilə qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyaları üzərində qurmamalıdır. Bunların müstəmləkə siyasəti əsasən dünyanın müxtəlif yerlərində müsəlman əhalisinə qarşı yönəlmişdir: "Heç bir beynəlxalq təzyiq Azərbaycan xalqının və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz. Ermənistan indi dünyanın müxtəlif yerlərində olan diaspor təşkilatlarından Azərbaycana hər yerdə hücum etmək üçün istifadə edir. Lakin onlar üçün bu, sıfır nəticə verəcək. Biz sülhə hazırıq, lakin ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə. Biz sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq".

Dövlətimizin başçısı onu da vurğulayıb ki, biz Ermənistandan təklifimizə dair qeydləri gözləyirik: "Biz bir neçə dəfə sülh müqaviləsinin layihəsi ilə bağlı təklifləri mübadilə etmişik. Lakin indi biz sentyabrın 11-dən bəri Ermənistan hökumətindən bu qeydlərlə bağlı rəyinin nədən ibarət olduğuna dair cavab verməsini iki aydan artıqdır ki, gözləyirik və bizə heç bir cavab gəlməyib".

Bunun səbəbinin ermənilərə pis məsləhətlərin, xüsusilə, Fransadan pis məsləhətlərin verilməsi olduğunu qeyd edən dövlətimizin başçısı bildirib: "Fransa Cənubi Qafqazda çox destruktiv rol oynayır. Əslində, indi Ermənistan Fransa hökumətinin marionetinə çevrilib və bu, regional sabitliyə ciddi təhlükə ola bilər. Bizə heç bir müharibə lazım deyil. Biz öz ərazimizdə vuruşurduq və ədaləti, beynəlxalq hüquqi bərqərar etdik. Lakin Ermənistan hökuməti və siyasi establişmenti qisas haqqında düşünür. Fransa hökumətindən gələn yanlış mesajlar, əslində, Ermənistan hökumətində və ola bilsin ictimai rəyində onların Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlaya biləcəklərinə dair illüziya yaradır. Ermənistanı silahlandırmaqla, hansı ki, Fransa qürur duyur və bunu ictimai şəkildə bildirir, Ermənistan yeni bir müharibəyə başlamaq qərarı versə, bu, ona kömək etməyəcək. Nəticə eyni olacaq. Heç kəs onlara kömək etməyəcək. Üç il bundan əvvəl Fransa onlara kömək etdi? Xeyr. İki ay bundan əvvəl onlara kömək etdi? Xeyr. Onlar burada nə edə bilərlər. Heç nə".

Bəli, Ali Baş Komandanımızın söylədiyi kimi: Onlar burada heç nə edə bilməzlər! Çünki tarixi reallıq onu təsdiq edir ki, Qərbin haqsızlığına və məkrinə qalib gəlmək mümkündür. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ermənistanı darmadağın etməklə, o cümlədən bu ilin sentyabr ayında Qarabağda erməni separatizminin kökünü kəsməklə həm də Qərbin sözügedən siyasi mərkəzlərinin riyakarlığına qalib gəldi. Ərazi bütövlüyünü bərpa etməklə, Qarabağda separatçılığa son qoymaqla Azərbaycan həmin mərkəzlərin onilliklər boyu yürütdükləri məkrli siyasətlərini ifşa etdi. Belə ki, ABŞ Dövlət katibi Entoni Blinkenin noyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevə zəngi məlum həqiqətlərə aydınlıq gətirdi. Bu telefon danışığı, ilk növbədə, Prezident İlham Əliyevin qətiyyətli və müstəqil siyasət yürütdüyünü, Azərbaycanın bütün böhtançı və qərəzli davranışlara qarşı adekvat və sərt mövqe ortaya qoyduğunu bir daha dünyaya nümayiş etdirdi. Və bir daha göstərdi ki, Azərbaycan mövqeyində qətidir və prinsipialdır və heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz. Və bir daha əmin ola bilərlər ki, Qalib Liderimiz, Prezident İlham Əliyev "Dəmir yumruq" siyasəti ilə qələbəmizə nail oldu, düşməni torpaqlarımızdan iti qovan kimi qovduq və bu gün də "Dəmir Yumruq" yerindədir!!!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə