ABŞ-dan geriyə addım - RAKURS

Azərbaycanla təzyiq dilində danışmaq olmaz

Qərb ölkələrinin, xüsusən də ABŞ-ın Azərbaycanla bağlı son bəyanatlarında qərəz tam çılpaqlığı ilə özünü göstərir. ABŞ özünün avropalı tərəfdaşları ilə birgə regiona soxulmağa can atır. Amma bunu elə şəkildə, elə bir formada edir ki, istənilən halda əsl niyyətini gizlədə bilmir. Guya Ermənistanın dərdinə yanır, bu ölkəni bataqlıqdan çıxarmağa şalışır, amma digər ölkələrin maraqlarına zidd hərəkətlərlə. Bu da qəbul olunmur, haqlı olaraq dirəniş göstərilir.

Ermənistan məğlub ölkədir, həm də özünün yürütdüyü səhv siyasət nəticəsində bütün regional layihələrdən kənarda qalıb. Və nəhayət anlayıb ki, təklənib, iqtisadiyyatı hələ də xaricdən gələn ianələr hesabına ayaq üstə durur. Əvvəkli ilişkilər kəsilib, yeniləri isə hələ də yaranmayıb. Ümid qalıb havadarlarının əli ilə regional layihələrə qoşulmağa. Bu layihələr isə Azərbaycan və Türkiyənin əlindədir. ABŞ-ın niyyəti də müxtəlif bəhanələrlə iki qardaş ölkəni bu imkandan məhrum etməkdir. Atılan bu addımlar isə Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.

Blinken xahişi, Əliyevin şərti

Münasibətlərin normal olmadığı Prezident İlham Əliyevlə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında telefon danışığı zamanı da hiss edilib. Dövlət başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib. Rəsmi Bakının ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb. Prezident İlham Əliyev Azərbaycan Xarici İşlər Nazirliyinin noyabrın 16-da bununla əlaqədar açıqlama verdiyini, Azərbaycan tərəfinin də öz növbəsində ABŞ-dan olan yüksək səviyyəli səfərləri ləğv etdiyini xatırladıb.

ABŞ Dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı münasibətlərin normallaşdırılması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Vaşinqton yönəticiləri elə hesab edirdilər ki, Azərbaycanla istədiyi dildə danışa biləcəklər. Amma alınmadı, çünki istəkləri keçərsizdir, verdikləri qərarlar ədalətsizdir. Ermənistanın 30 il davam edən işğalını görməzdən gələn, beynəlxalq qanunları tullantı hesab edən erməni dövlərinə təzyiq göstərməyən və bu hallarda ağzına su alıb duran bir ölkənin indiki məqamda Azərbaycanı hansısa formada ittiham etməsi çox təəccüblüdür. Üstəlik, bunu giley formasında dilə gətirməsi heç normal deyil. Çünki ABŞ həm də BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, keçmiş Minsk qrupunda həmsədr, o cümlədən dünyanın supergücüdür. Qüdrətli bir ölkənin erməni yalanlarına boyun əyməsi, erməni lobbisinin havasına oynaması utancvericidir. Blinken bunları bilməlidir.

Səfirlər niyə çağrıldı?

Qər ölkələrinin qərəzi, Azərbagycana qarşı “ermənidən çox erməni olmaq” siyasəti özünün pik həddindədir. İş o yerə çatıb ki, ölkəmizi daxildən vurmaq üçün çoxdan səssiz rejimdə “yatan” casus şəbəkəsini “ictimai fəallar” kod adı altında yenidən üzərimizə salmağa çalışırlar. Artıq bütün cəmiyyətimiz, hətta xarici ölkələrin diplomatic korpusları bundan xəbərdardır. Təsadüfi deyil ki, 28 noyabr tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

Qeyd edilib ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçiriblər, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr veriblər. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Media haqqında Azərbaycan Respublikasının Qanununda da yazılıb ki, yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilmə yolverilməzdir. Bu fikirlər diplomatların da diqqətinəçatdırılıb və digər qanunazidd əməllər xatırladılıb. Həmin ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu da qeyd edilib. XİN-in məlumatında həmçinin “Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı” diqqətə çatdırılıb.

Yerli mətbuatın da yaydığı xəbərdə ABŞ-ın Bakıdakı səfirliyinin bu ölkədə təhsil almış azərbaycanların iştirakı ilə “JW Marriott Absheron” hotelində keçirəcəyi “Məzunların yubiley qalası” adlı görüşün ləğv edildiyi qeyd edilib. Məqsəd ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsini bir araya gətirmək idi. Sən demə bu görüş aylar əvvəl planlaşdırılıb, hazırlıq işləri, həm də çox məxfiliklə aparılıb. Azərbaycanın müvafiq strukturlarının məsələyə müdaxiləsi bu cəhdin qarşısını alıb. Hər kəsə bəllidir ki, ABŞ məhz özünün formalaşdırdığı şəbəkədə uzun illər təhsil verdiyi qeyri-amerikalıları təşkilatlandırıb. Onları dövlətin himayəsindən demək olar ki, qoparıb öz təsiri altında müxtəlif planların həyata keçirilməsi üçün ehtiyatda saxlanılıb. Bunu üçün uzun illər lazım olub. “İctimai fəal” adı altında zaman-zaman özünü ifşa edən azərbaycanlı “amerikalılar”ı az görməmişik. Bu, sadəcə, aysberqin görünən tərəfidir.

ABŞ-ın çirkli tələbi

Qayıdaq ABŞ-ın Azərbaycan və Ermənistan arasında aparılan sülh müzakirələrinə. Azərbaycanın yaratdığı reallıqla könülsüz razılaşan Vaşinqton yeni-yeni formatlar tətbiq etməyə və bir az da vaxtı uzatmağa çalışır. Əcəba, demokratların hələ çoxmu vaxtı var, 2024-ün seçki ili olduğunu yəqin ki, nə Bayden, nə də onun komandası unutmayıb. Belə olan halda vaxtı uzatmaq kimə sərf edir? Bəli, elə bilməyin ki, Avropa ilə ABŞ-ın mövqeləri həmişə üst-üstə düşür. Qoca Avropa həmişə amerikalıların əksinə gedib. Amma bəzi məsələlərdə məcburi birləşmə, sinxronluq işə salınır. Azərbaycanı təkləmək, dəstəksiz qoymaq həmişə Qərbin planında olub, bu, sir deyil. Qardaş və dost ölkələrin mənəvi dəstəyi ilə Qarabağ məsələsini həll etdiyimizi heç kim danmır. Amma bizim əvəzimizdən heç bir ölkə, heç bir xalq cəbhədə döyüşmədi, qələbə Azərbaycana ana südü kimi halaldır. Mənəvi dəstək verən olkələr oldu, hətta heç bir ölkəyə silah satmayan dostlarımız bunu Azərbaycana tərəddüdsüz etdilər. Həmin silahların qələbəmizdə nə qədər payı olduğunu hər kəs gördü. Bu gün Amerika Azərbaycanı tərksilah etmək üçün min bir kələk işlədir.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib ki, Ermənistanın destruktiv addımlardan əl çəkdiyi təqdirdə, "3+3" əməkdaşlıq formatı bölgədə sülh üçün böyük töhfə verəcək. Çelik xüsusi olaraq vurğulayıb ki, ABŞ Türkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib. Onun sözlərinə görə, Vaşinqton bunu sözügedən dövrdə F-16-ların Türkiyəyə göndərilməsi üçün şərt olaraq irəli sürüb. Əslində ABŞ Türkiyəyə F16-ları verməmək üçün bu şərtləri irəli sürür. Bilir ki, qardaş Türkiyə heç vaxt Azərbaycandan əlini çəkməz, qardaşını tək qoymaz. Bu, bir Amerika siyasətidir. F16-ların Türkiyəyə satılmaması üçün hansı bəhanələr gətirməyib ki.
Fransanın təxminən yeddi təlim mərkəzində müharibədə iştirak etmək üçün Ermənistandan olan əsgərlər hazırlanır. Azərbaycan mediasının yaydığı məlumatlardan da bəlli olur ki, “Fontevrault L'Abbedəki” təlim mərkəzidə erməni əsgərlər hazırlıq keçir. Belə təlim mərkəzlərinin sayı çoxdur, hər gün artır. Xüsusilə, Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzində erməni hərbçilərinə təlim keçənlər yüksək rütbəli fransız zabitlərdir. Əsasən də Qarabağdan qaçan separatçılar bura cəlb olunurlar. Ermənistan Müdafiə Nazirliyi də proqrama tam dəstək verir.

Beləliklə, Qərb dövlətlərinin Cənubi Qafqaz siyasətində mənfi çalarlar kifayət qədərdir. İrəvana dəstəyin arxasında erməni sevgisi yoxdur. Fransanın və ABŞ-ın niyyəti bölgəni nəzarət altına almaqdır. Necə? Bunu zaman gösərəcək, deyə bilərdik. Amma hər şeyi zamana bağlamanın, taleyin ümidinə buraxmanın acı nəticləri hər kəsə bəllidir. Qərb boşuna ümidlənməsin…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə