“USAİD ABŞ-ın ayrı-ayrı bölgələrdə vuran qollarından birinə çevrilib” - POLİTOLOQ ŞƏRH ETDİ

“USAİD ABŞ-ın ayrı-ayrı bölgələrdə vuran qollarından birinə çevrilib” - POLİTOLOQ ŞƏRH ETDİ

“Qlobal təhlükəsizliyə qarant rolunda iddia edilən bir sıra güclər, xüsusilə də ABŞ uzun illər ərzində dünyanın müxtəlif yerlərində özünün maraqlarını həyata keçirmək üçün çeşidli metodlardan istifadə etməyə çalışıb. Xüsusilə də demokratiya, insan hüquq və azadlıqları zəif inkişaf etməkdə olan ölkələrdə vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması kimi cəlbedici adlar altında müxtəlif siyasi institutlar vasitəsilə ABŞ maraqlarına xidmət edən qruplar formalaşdırmağa çalışıb. Bu qruplar vasitəsilə həmin dövlətlərin hakimiyyətlərinə təsir edərək, ABŞ-ın maraqlarına uyğun addım atmağa məcbur qoyublar. Əks halda müxtəlif dövrlərdə ayrı-ayrı xalqların həyatında özbaşınalıq, vətəndaş itaətsizliyi, hətta hakimiyyət böhranı, dövlət çevrilişi kimi proseslər bu qruplar tərəfindən reallaşdırmağa çalışıblar. Çox təəssüf ki, bu cür təşkilatların əksəriyyətinin yaranma məqsədi zəif inkişaf edən ərazilərdə əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması və demokratiya, azad bazarların genişləndirilməsində ABŞ maraqlarının qorunmasına xidmət edir. Belə təşkilatlardan olan USAİD davamlı olaraq ABŞ-ın ayrı-ayrı bölgələrdə vuran qollarından birinə çevrilib. Dünyanın ayrı-ayrı bölgələrində ABŞ-ın maraqlarına tabe olmaq istəməyən hakimiyyətlərə təzyiq əlaməti olaraq USAİD vasitəsilə gizli fəaliyyətlər həyata keçirilib. Müxtəlif qruplar formalaşdırılaraq, onlar üzərindən hakimiyyətlərə təzyiq etməyə çalışıblar. Bununla bağlı tarixdən çoxlu sayda nümunələr göstərilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, USAİD həm də ABŞ-ı təmsil edən və onun tərəfindən maliyyələşən bir qurum olmasına baxmayaraq, dünyada ən çox korrupsiyalaşan təşkilatlardan biri kimi qiymətləndirilir. Eyni zamanda 25 milyardlıq dövlət büdcəsi ilə dünyanın ən böyük təşkilatlarından biri kimi çıxış edən USAİD həm də dünyanın ayrı-ayrı bölgələrində müxtəlif şişirdilmiş layihələr çərçivəsində böyük məbləğlərin yuyulmasına xidmət edən təşkilatdır.

Çox təəssüf ki, USAİD-in mənfi addımlarını son zamanlarda Azərbaycan cəmiyyətində də müşahidə edirik. Məhz özünü demokratiya carçısı adlandıran, mahiyyət etibarilə isə narazılıqlar yaratmaq fəaliyyəti güdən məqsədlərlə Azərbaycan daxilində də pozucu işlər görməyə çalışırlar. Hesab edirəm ki, belə fəaliyyətlər 1990-cı illər və 2000-ci illərin əvvəllərində müəyyən nəticələr versə belə, artıq ABŞ-ın içüzü açıldığından, belə təşkilatların məqsədi hər kəsə məlum oluğundan effektiv nəticələr doğurmaq imkanı da məhduddur”.

Bütün xəbərlər Facebook səhifəmizdə