"Yaxın Şərqdə baş verən hadisələr böyük güclər tərəfindən körüklənir" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"Yaxın Şərqdə baş verən hadisələr böyük güclər tərəfindən körüklənir" - POLİTOLOQ MÖVQE BİLDİRDİ

"İsrail-Fələstin konflikti uzun tarixə malik bir problemdir. Bu gün İsrail-Fələstin məsələsinə birmənalı fikir bildirmək çətin məsələdir. Çünki məsələyə bir neçə prizmadan yanaşmalıyıq". Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib.

Onun sözlərinə görə Vətən müharibəsi zamanı İsrail Azərbaycanın haqlı mübarizəsinə dəstək verdi: "Amma Mahmud Abbas Ermənistanın dini liderləri ilə görüşdə onları açıq şəkildə müdafiə etdi və Ermənistanın "Böyük Ermənistan" yaratmaq uğrunda apardığı mübarizəyə dəstəyini nümayiş etdirdi. Yəni, açıq şəkildə məsələni həm mənəvi, həm də siyasi baxımdan təhlil etməyimiz daha doğru olardı.

Bütün bunlarla yanaşı həm İsrail, həm də Fələsin ordusunun apardığı əməliyyatlar heç bir normaya uyğun gəlmir. Yəni, HƏMAS-ın İsrail ərzaisində dinc əhalini, uşaqları, qocaları, qadınları öldürməsi və girov götürməsi bizim tərəfimizdən alqışlana bilməz. Amma eyni zamanda İsrail ordusunun da apardığı anti-terror əməliyyatı heç bir müharibə qanunlarına uyğun gəlmir. Bu baxımdan istər HƏMAS-ın, istərsə də İsrail ordusunun apardığı əməliyyatlar tənqid olunmalıdır".

Azad Məsiyev sözlərinə belə davam edib: "İsrail dövləti yaradılanda həmin vaxtda Fələstin də yaradılmalı idi. Amma təəssüflər olsun ki, Fələstin dövlətinin yaradılması böyük güclərin təzyiqi ilə və onların maraq dairəsində olmadığı üçün ikinci plana keçdi. Eyni zamanda, Fələstin dövlətinin yaradılmasında ərəb dövlətlərinin də günahı var. Çünki ərəb dövlətləri bir araya gəlib eyni platformadan çıxış edə bilmədilər. Bu gün ərəb dövlətləri öz şəxsi maraqlarını milli marağa qurban verərək Fələstini tək qoydular və onun yaranmasına dəstək vermədilər. Əgər onlar Fələstinin yaradılmasına dəstək olsa idi, bu gün bu qarşıdurma baş verməzdi.

Təəssüflər olsun ki, bu proseslərdə həm ərəb dövlətləri, həm də beynəlxalq hüququn dünya siyasətini tənzimləməməsindən bugünkü problemlər qaynaqlanır. Təbiidir ki, Yaxın Şərqdə baş verən hadisələr böyük güclər tərəfindən körüklənir. Münaqişənin qonşu dövlətlərə keçməsini istəyən qüvvələr də var və Yaxın Şərqdə baş verən hadisələr dünyanın iqtisadi siyasi sisteminə açıq təsir edir. Yəni, artıq Fələstin İsrail məsələsində qütbləşmə yaranıb.

Məsələnin beynəlxalq hüquq çəçivəsində həlli daha münasib olardı. Hesab edirəm ki, artıq birmənalı şəkildə beynəlxalq aləmdə Fələstin dövlətinin yaradılması çağırışları edilir. Buna Fələstin xalqının haqqı var. Amma unutmayaq ki, Fələstin xalqının bir keçmişi də var. Osmanlı İmperiyasının parçalanmasında Fələstin xalqının da əli var idi. O dövrdə fələstinlilər İngiltərəyə işlədilər. Amma məsələyə keçmişdən baxmaq düzgün deyil.

Türkiyə və Azərbaycanın paralel siyasəti İsrail-Fələstin müharibəsində daha məqsədəuyğun olar. Başda ABŞ olmaqla Qərb dövlətləri Fələstin dövlətinin yaradılmasına maneçilik törətmək istəyirlər. Bu məsələdə ABŞ məsələni körükləməklə İranı münaqişəyə cəlb etmək istəyir. Çünki ABŞ İranı münaqişəyə cəlb etməklə İranı vurmaq istəyir".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə