Beynəlxalq aləmdə idman ənənələri ilə tanınan Azərbaycan - TƏHLİL
Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi beynəlxalq standartlara uyğun qurulub
Azərbaycanda idman inkişafının ən yüksək dövrünü yaşayır. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Vurğulamaq yerinə düşər ki, ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanır və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilir. İdmanın bugünkü inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir.
Son 20 ildə Bakıda və bütövlükdə, Azərbaycanda idman infrastrukturunun yaradılması istiqamətində böyük işlər görülüb. Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, "Bakcell Arena", Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzi və digər idman kompleksləri müxtəlif növ yarışların keçirilməsinə imkan verir. İndi, nəinki paytaxt Bakıda, demək olar ki, ölkəmizin bütün bölgələrində müasir Olimpiya idman kompleksləri fəaliyyət göstərir.
Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində aparılan əsaslı təmir idmana ayrılan diqqətin daha bir təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
İNŞA OLUNAN NƏHƏNG İDMAN KOMPLEKSLƏRİ AZƏRBAYCANIN İDMAN POTENSİALININ NÜMAYİŞİDİR
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olub. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı öz müsbət nəticəsini verib. Müxtəlif idman növləri - güləş, futbol, intellektual oyunlar, şahmat və s. növlərdə Azərbaycan Avropanın və dünyanın diqqətindən kənarda qalmayıb. Müasir dövrümüzdə idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində, ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilməklə yanaşı, idmançılarımız mötəbər yarışların qalibi olub.
Qeyd edək ki, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. İdmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə inşa olunan nəhəng idman kompleksləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnib. Bütün bunlar isə ilk növbədə, dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi idmanın inkişafı, bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqətdə saxlanılacaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da idmançılara diqqəti idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
MƏRKƏZ BEYNƏLXALQ CÜDO FEDERASİYASININ STANDARTLARINA UYĞUNDUR
Qeyd edəək ki, olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.
Mərkəzdə əsaslı təmir və tikinti işləri yüksək keyfiyyətlə aparılıb və bu ilin noyabrında başa çatdırılıb. Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək. Mərkəzdəki bütün məşq zalları Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun olan tatamilər ilə təchiz olunub. İdman qurğusunun fiziki hazırlıq zalı da ən yüksək standartlara cavab verir. Məşqçilərin otaqlarında da məhsuldar fəaliyyət üçün hər cür şərait yaradılıb.
Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir otel bölməsinin yaradılmasıdır. Oteldə həm idmançıların, həm də məşqçilərin qalması və istirahəti üçün hər cür imkan var. Mərkəzdə çalışacaq 50-dən artıq əməkdaş üçün də əsas binada hər bir şərait yaradılıb. Buradakı restoranda idmançılara yüksək səviyyədə xidmət göstəriləcək. Kompleksdə idmançıların sağlamlığı da nəzərə alınıb. Həkim otağı, fizioterapiya və masaj otaqları idmançıların ilkin reabilitasiyası və müalicəsi üçün lazımi cihaz və avadanlıqlarla təchiz edilib.
BEYNƏLXALQ YARIŞLARDA ÜMUMİLİKDƏ 233 MEDAL ƏLDƏ EDİLİB
Bu gün Azərbaycanda idmanın cüdo növünə maraq çox böyükdür. Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olan Azərbaycan bu idman növünün inkişafında çox maraqlıdır. Bu da idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi medalların və ölkəmizdə keçirilən beynəlxalq turnirlərin sayında əksini tapıb. Xüsusilə də cüdo üzrə illik nəticələrə nəzər saldıqda görərik ki, Azərbaycan bu idman növündə 2023-cü ildə Avropa Gənclərinin Olimpiya Festivalında, Avropa və Dünya çempionatlarında və digər mötəbər yarışlarda tarixi qələbələrə imza atıb. Belə ki, Azərbaycan cüdoçuları il ərzində bütün yaş qrupları üzrə fərdi və komandalar arasında keçirilən beynəlxalq yarışlarda ümumilikdə 233 medal əldə ediblər. Bu medallardan 73-ü qızıl, 53-ü gümüş və 107-si bürünc olub.
RESPUBLİKAMIZIN ŞƏHƏR VƏ RAYONLARINDA CÜDO ZALLARI TƏMİR OLUNUR
Regionlarda da cüdo üzrə infrastrukturun təkmilləşdirilməsi Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir. Belə ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonu Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib. Respublikamızın bir neçə şəhər və rayonlarında isə cüdo zallarının təmiri davam etdirilməkdədir.
Ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində müəyyən olunmuş siyasət, respublikamıza uğurlar gətirməklə yanaşı, onun dünya miqyasında imicini də yüksəldib. Prezident İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq, ölkənin davamlı iqtisadi inkişafı təmin edilib ki, bu da, bütün sahələrdə, eləcə də idman sahəsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olub. Azərbaycan dünyanın idman arenasında, artıq özünə layiqli yer tutub, istər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə. Təbii ki, idman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən olduğundan, bu sahəyə dövlət tərəfindən böyük diqqət ayrılır. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə özündə yeni keyfiyyət dəyişikliklərini əxz edən Azərbaycanın Olimpiya hərəkatı tezliklə sürətli inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub.
Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunub. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi, inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb.
Bu gün ölkəmizdə cəmiyyətin inkişaf edən bütün sahələri kimi idman da öz çiçəklənmə dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması və olimpiya idman komplekslərinin inşa edilərək xalqımızın ixtiyarına verilməsi bunun təzahürüdür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB