Media orqanının maliyyə qaynağı şəffaf deyilsə... - SORĞU

Media orqanının maliyyə qaynağı şəffaf deyilsə... - SORĞU

Məlumdur ki, noyabrın 21-də “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barədə məhkəmə qərar çıxarıb. Qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham olunan birinci şəxs barəsində 4, ikinci şəxs 3 ay 29 gün müddətinə həbs qətimkan tədbirinə məruz qalıb. Noyabrın 23-də bu iş üzrə “Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov da həbs edilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O da iş yoldaşları kimi qaçaqmalçılıqda ittiham olunur. SİA mövzu ilə bağlı media kapitanlarının fikirlərini öyrənib.

Mətbuat Şurasının sədri Rəşad Məcid: “Prosesləri izləyirik. İndilikdə konkret nəsə deyə bilmərik. İstintaqın nəticələri məlum olandan sonra münasibətimizi bildirəcəyik. Ümumi desək, arzumuz budur ki, bütün media subyektlərinin maliyyə mənbələri şəffaf olsun”

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət: “Bu məsələlər ilə bağlı istintaq gedir. Mütləq istintanqın nəticələrini gözləməliyik. Niyə Azərbaycan Respublikasının qanunlarına zidd olan media qurumu xarici maliyyə hesabına fəaliyyət göstərir? Necə olur ki, bu media qurumu Azərbaycanın problemləri haqqında yazmaqdan imtina edir, yalnız Azərbaycanda neqativ axtarır? Niyə anti-Azərbaycan ovqatlı beynəlxalq təşkilatlar bu qurumun rəhbərliyindəki şəxsləri belə həvəslə maliyyələşdirirlər? Eyni zamanda Fransa, Almaniya səfirliyi kimi diplomatik təmsilçiliklər və bu qurumun rəhbərliyindəki şəxsləri rəhbərləşdirməyə belə həvəs göstərirlər? Bu sualların hamısı açıqdır.

Mən düşünürəm ki, bütün istintaq altında olan şəxslər bu sualların cavabını verəcəklər. Ümumiyyətlə, bizim qanunlarımıza görə, xarici maliyyə hesabına medianın bu cür təşkili yolverilməzdir. Xarici ölkələrdə, donorlarda, ümumiyyətlə xarici təşkilatlardan asılı bir medianın mövcudluğu ölkənin daxili üçün ciddi bir problemdir. Azərbaycan dövləti gərəkli addımları atmaqda düzgün hərəkət edir. Biz kiminsə həbs edilməsini arzu etməzdik, insanların özləri düşdüyü quyuya görə onlara biz də kömək göstərə bilmərik”.

"Editor.az" saytının baş redaktoru Fərid Şahbazlı: “Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərib, başqa təşkilatlarla qeyri-qanuni əməkdaşlıq etmək Azərbaycan qanunvericiliyində qadağandır, etik deyil. Azərbaycan hüquqi bir dövlətdir. Bu fəaliyyətə söz və azadlığın prizmasından yox, qanun və xidmətlərin prizmasından baxmaq daha məqsədəuyğundur.

Bütün Azərbaycandakı bütün media qurumları öz fəaliyyətilərini "Media haqqında qanun"un tələblərinə uyğun qurmalıdırlar. Əks halda həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətlərə qanun çərçivəsində qiymət veriləcək. Azərbaycanda xarici maliyyə hesabına fəaliyyət göstərən qeyri-hökümət təşkilatları və media qurumları olub. Onların məqsədi təxribatçı, pozucu informasiya yaymaqdır”.

Media eksperti Yadigar Məmmədli: “Biz hər zaman onun şahidi oluruq ki, Azərbaycan həm ölkə səviyyəsində milli məsələlərdə daha çox da regionda mühüm əhəmiyyət kəsb edən nailiyyətlər əldə edəndə, addımlar atanda Azərbaycana qarşı hazırlanmış planlar həyata keçirilir. Bu düşünülmüş planlarda Azərbaycanı gözdən salma və böhtan atma kimi elementlər də olur. Çox təəssüf ki, bu proqramlarda ölkəmizdə olan daha çox qeyri-hökümət təşkilatları, mediaya aid olan qurumlar bilərək və ya bilməyərək bu planların içində iştirak edirlər. Bu da növbəti hadisələrdən biridir. Bu Azərbaycana qarşı qara yaxma kompanyası aparılır. Ona görə ki, Azərbaycan çox böyük nailiyyətlərə imza atıbdır. Azərbaycan 30 ildən artıq işğalda olan əraziləri işğaldan azad etmişdir. Regiona sülh gətirmək istiyir. Ermənistanla ümumiyyətlə qonşu dövlətlərlə dinc, əmin-amanlıq şəraitində yaşamaq təklif edir amma bunun əksinə olaraq dünya gücləri Ermənistan və onun arxasında duran onu bu cinayətə bu fəlakətə sürükləyən güc mərkəzləri tamam başqa şey fikirləşirlər. Ona görə də bu dövrdə Azərbaycanın məhz mediadakı problemlərlə bağlı ciddi bir kompaniya aparılır.

Bu məsələlərdə biz də bu hadisənin üzərinə getməliyik. “Abzas” media və bu məsələlərin həlli ilə bağlı Azərbaycanda olan həm Fransa, həm də Almaniya səfirliklərinə müraciət etmək və onların mövqelərini almaq lazımdır. Ancaq bu hal yenə də bitməyəcək. Onların artıq bununla bağlı qəbul etdikləri proqramlar var. Sadəcə biz Azərbaycan mediası, Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi bu məsələlərlə bağlı ayıqlıq göstərməliyik, bu məsələlərə açıq soyuq başla yanaşmalıyıq və məsələlərdə öz mövqeyimizi müdafiə etməliyik və məsələnin üzərinə getməliyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə