Bakı yenə də diqqət mərkəzində - SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü TƏHLİL
PREZİDENT İLHAM ƏLİYEV: "SPECA-ya üzv ölkələrdə sülhün, sabitliyin hökm sürməsi, inkişaf dövlətlərimizin və xalqlarımızın böyük uğurudur"
Bakı yenə də diqqət mərkəzindədir - Heydər Əliyev Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın 25-ci ildönümünə həsr olunan Zirvə görüşü keçirilib. Sammitdə Proqramın üzvü olan ölkələrin prezidentləri və digər yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
Azərbaycan SPECA-ya 2002-ci ildə qoşulub və fəal üzvlərdəndir. Belə ki, SPECA İdarəetmə Şurasının və İqtisadi Forumunun 1-ci iclası Bakıda keçirilib və 2016-cı ildə Azərbaycan quruma sədrlik edib. Həmin ilin noyabr ayında Gəncə şəhərində İdarə Heyətinin 11-ci iclası və İqtisadi Forum keçirilib. Müvafiq dövlət orqanları, o cümlədən İqtisadiyyat Nazirliyi SPECA-nın İşçi qruplarında fəal iştirak edir. 2023-cü ildə də SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Görüşün məğzi birgə fəaliyyətin aktuallaşmasıdır. Region dövlətləri arasında bütün sahələrdə, xüsusilə, iqtisadi sahədə əlaqələrin gücləndirilməsi, genişləndirilməsi prioritetdir. Proqramın həyata keçirilməsi təmsil olunan dövlətlərin iqtisadi inkişafına səbəb olacaq. Bu məsələdə Azərbaycanın təşəbbüsü, rolu danılmazdır. Zirvə toplantısının Azərbaycanda keçirilməsi Azərbaycanın aparıcı rol oynamasına bir işarədir. Və son 15-20 il ərzində Azərbaycan çox önəmli beynəlxalq tədbirlərin keçirildiyi bir məkan kimi seçilib və sözügedən görüş həm də Ermənistan üçün bir dərsdir, mesajdır ki, düşmənçilikdən əl çəksələr, bu əməkdaşlığa qoşula bilərlər.
Qeyd edək ki, 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir. Bu il SPECA-ya sədrlik Azərbaycandan Tacikistana keçib. Növbəti 19-cu SPECA sammiti gələn il Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib və bildirib ki...
SPECA-YA ÜZV ÖLKƏLƏRDƏ SÜLHÜN, SABİTLİYİN HÖKM SÜRMƏSİ, İNKİŞAFI DÖVLƏTLƏRİMİZİN VƏ XALQLARIMIZIN BÖYÜK UĞURUDUR
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib ki, SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar: "Qarşımızda bir çox problemlər, çağırışlar durmuşdu. Son 25 ildə əsas çağırışlar arxada qalıb, biz dövlət suverenliyimizi möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişik".
Ölkələrimizi birləşdirən amillər arasında siyasi sabitliyi xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: "Sabitik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur".
Azərbaycan Prezident ionu da vurğulayıb ki, dünyada uğursuz, asılı, bir neçə ağaya xidmət edən ölkələrin sayı az deyil, onlardan biri Ermənistandır: "Belə ölkələrə, sözün əsl mənasında, müstəqil ölkə demək olmaz. Belə ölkələrin siyasəti xalqlarının iradəsinə əsaslanmır, onların taleyi xarici sponsorların əlindədir. SPECA-ya üzv dövlətlər isə əsl müstəqil ölkələrdir, çünki müstəqil xarici və daxili siyasət aparırlar".
SPECA HƏFTƏSİ ƏRZİNDƏ BAKIDA TƏŞKİL OLUNAN İQTİSADİ FORUM ÖLKƏLƏRİMİZ ARASINDAKI BİZNES ƏLAQƏLƏRİNİN İNKİŞAFINA TÖHFƏ VERƏCƏK
"Bu günlərdə BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışlayırıq. BMT-nin himayəsi altında SPECA Etimad Fondunun təsis olunmasını təqdirəlayiq addım hesab edirik. Azərbaycan bu Fonda 3,5 milyon ABŞ dolları ayıracaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərir".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır. "Sentyabr ayında mən Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının Zirvə görüşünə ilk dəfə fəxri qonaq kimi dəvət olunmuşam. Dəvətə görə bir daha təşəkkür edirəm. Hazırkı Zirvə görüşünü Düşənbə görüşünün məntiqi davamı kimi qiymətləndirirəm", - deyə Azərbaycan Prezidenti qeyd edib.
AZƏRBAYCANIN GÜCLÜ İQTİSADİYYATI MÜSTƏQİL XARİCİ SİYASƏT KURSU HƏYATA KEÇİRMƏYƏ İMKAN YARADIR
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.
Azərbaycanın son iyirmi ildəki inkişafının əsas göstəricilərini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: "Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb".
Prezident İlham Əliyev son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulduğunu deyib və bildirib ki, ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb: "Biz ölkəmizdə əlverişli investisiya mühiti yarada bilmişik. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür".
"Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib", - deyə dövlətimizin başçısı bildirib.
İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRDƏ SIFIRDAN YENİ ŞƏHƏRLƏR VƏ KƏNDLƏR İNŞA EDİRİK
"Müstəqilliyimizin ilk illərində ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə verməmişdir. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində "Qarabağ Ermənistandır və nöqtə" açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar: "Buna cavab olaraq və "boz zona"ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də biz Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa etdik və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyduq. Bu tarixi Qələbə münasibətilə Azərbaycanı təbrik edən bütün ölkələrə təşəkkürümü bildirirəm".
Dövlətimizin başçısı onu da bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik və ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpasının nəzərdə tutulduğunu qeyd edib: "Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq". Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Biz sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
Bir sözlə, Bakıda Prezident İlham Əliyevin sədrliyi ilə yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün təşkil indiki mürəkkəb geosiyasi situasiyada Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin qlobal müstəvidə qələbəsi hesab edilməlidir.
Zirvə görüşündə dövlət başçımızın söylədiyi kimi: "Çıxışımın sonunda dövlət və hökumət başçılarına dəvətimi qəbul edib Zirvə görüşündə iştirak etdiklərinə görə bir daha təşəkkür edir və Zirvə görüşünün əlaqələrimizə yeni təkan verəcəyinə əminliyimi bildirirəm".
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB