"Kəlbəcər Azərbaycanın ən xoşbəxt guşələrindən birinə çevriləcək" - DEPUTAT ŞƏRH ETDİ
"Erməni daşnak qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən dünyanın heç bir xalqında olmayan qəddarlığı nümayiş etdirdilər. Azərbaycanın ayrı-ayrı rayon mərkəzlərini, kəndlərini işğal edərkən əhaliyə qarşı o qədər amansız qətliamlar törədirdilər ki, dünyanın heç faşist ölkələrində belə mülki əhaliyə qarşı bu zülmü etməmişdilər. Erməni daşnak qüvvələri əhalinin gözünü qorxutmaqla bir daha geri qayıtmamaqlarını təmin etmək istəyirdilər. O cümlədən, Kəlbəcər torpaqları 1993-cü ilin aprelində işğal edilərkən qoca, cavan və uşaqlara qarşı törədilən amansızlıqları heç nə ilə müqayisə etmək olmaz. Yüzlərlə insan canını qurtarmaq üçün şaxtada, boranda donub çayları keçə bilmədi, körpüləri aşa bilmədi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, ermənilər azərbaycanlılara qarşı ən böyük qəddarlığı törətdi: "Təbii ki, bu 30 il çəkdi. Amma 2020-ci ilin sentyabrında 44 günlük müharibənin başlaması ilə Azərbaycan Ordusu və Ali Baş Komandan xalqı dəmir yumruğa çevirə bildi. Nəticədə düşmən darmadağın edildi. Azərbaycan xalqının düşmənə qarşı nifrəti, ordumuzun təcrübəsi və Ali Baş Komandanın qətiyyəti düşmənə göz açmağa imkan vermədi. Danışıqsız təslim aktını imzalayan düşmən Ağdamdan, Kəlbəcərdən, Laçından bir güllə atılmadan qovuldu. Beləliklə, Kəlbəcər azad olundu. Düşmənin ağlına da gəlmirdi ki, Kəlbəcərdən çıxacaq. Hətta bu 30 il ərzində aparılan danışıqlarda düşmən şərt qoydu ki, əgər Dağlıq Qarabağın müstəqilliyini Azərbaycan tanısa, onda Kəlbəcər və Laçından başqa işğal etdiyi Qarabağın dağlıq hissəsindən kənardakı rayonları azad etməyə hazırdır. Yəni, düşmən Aran Qarabağ ətrafında torpaqları azad etmək deyəndə Kəlbəcər və Laçını nəzərdə tutmurdu".
"Düşmənə elə gəlirdi ki, Kəlbəcər də, Laçın da ona məxsusdur. Təbii ki, Kəlbəcərin təbii sərvətləri, strateji mövqeyi düşməni tam qane edirdi. Amma Azərbaycanın Silahlı Qüvvələri düşməni elə vəziyyətə qoydu ki, bir güllə belə atılmadan Kəlbəcər azad edildi.
Kəlbəcər öz maddi resurslarına, təbii sərvətlərinə görə nəinki Azərbaycanın, eyni zamanda dünyanın ən gözəl bölgələrindən biridir. İnanırıq ki, yaxın zamanda Kəlbəcər Azərbaycanın ən xoşbəxt guşələrindən birinə çevriləcək. Hər bir kəlbəcərli tezliklə öz yurduna qayıdacağına ümid edir. Əminəm ki, həmin günlərin də şahidi olacağıq. Bu işdə bütün Azərbaycan Kəlbəcərin yanındadır",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB