"Ermənistan ABŞ və Fransanın boyunduruğunda qalmaqla addımlayacaqsa,..." - ŞƏRH EDİLDİ
"Noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində (şərti) delimitasiya üzrə komissiya formatında növbəti iclasın keçirilməsi planlaşdırılıb. Bu özlüyündə mühüm və pozitiv addımdır. Ancaq biz ilk növbədə onu nəzərə almalıyıq ki, Ermənistan bağlı olduğu Qərb və Avropa dairələrinin təzyiqi, təsiri ilə sülhdən, delimitasiya və demarkasiyadan 3 ildən çoxdur müxtəlif bəhanələrlə yayınır. Yəni vədlər verirlər, görüş keçirilir, amma heç bir praktiki addım atmırlar. Azərbaycan sülhə də, delimitasiyaya da çoxdan hazırdır. Bunu ləngidən yalnız Ermənistan və onun havadarları olub". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyi planlaşdırılan görüşlə bağlı məlumatında danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib, amma onların konkret nəticədə maraqlı olmalarını səmimi qəbul etmək hələlik mümkün deyil: "Ən azı təcrübə bunu deməyə əsas verir. Xatırladaq ki, sərhəddə görüş təklifi məhz Azərbaycanındır. Bu ilin aprelində Azərbaycan-Ermənistan sərhədinin Laçın rayonu istiqamətində (Sünik rayonunun Tex-Kornidzor hissəsi) iki ölkənin nümayəndələri arasında görüş keçirilmişdi".
Elşad Məmmədli sözlərinə belə davam edib: "Qarabağ işğal altında olan dönəmdə də sərhəddə görüş baş tutmuşdu. 1999-cu il oktyabrın 11-də Sədərək rayonunda Ümummilli lider Heydər Əliyevlə Robert Köçəryan arasında görüş olmuşdu. Bu, tərəflər arasında sərhəddə baş tutan ilk görüş idi. Bu görüşdə Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi 7 rayondan qeyd-şərtsiz çıxmasına dair müəyyən razılaşmalar əldə olunduğu qeyd edilirdi. Ancaq nə baş verdi? Görüşdən 2 həftə sonra 1999-cu il 27 oktyabrda Ermənistan parlamentində terror törədildi, məqsəd də yalnız bu razılaşmanı pozmaq idi.
2023-cü noyabrın 30-da sərhəddə görüş baş tutandan sonra Ermənistanın hansı davranışı sərgiləyəcəyini porqnozlaşdırmaq çətindir. Təbii, dalana dirənmiş Ermənistan üçün ikitərəfli görüşlərdə sülh və delimitasiyaya sürətlə başlamaq ən uyğun variantdır. İrəvanın başqa yolu yoxdur və təcrübə də sübut edib ki, vasitəçilərlə bu iş alınmır.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin müşaviri Hikmət Hacıyev "Reuters" agentliyinə açıqlamasında bəyan edib ki, Bakı Ermənistanla ikitərəfli sülh danışıqlarının aparılmasını istəyir və Qərbin vasitəçiliyi olmadan tez bir zamanda razılığa gələ biləcəklərinə inanır. Sitat: "Əgər xoş niyyət olarsa, sülh sazişinin təməl prinsipləri qısa müddətdə işlənə bilər".
Qərbin iştirakı ilə bağlı suala o bunları əlavə edib: “Bizə Vaşinqtonda, Parisdə və ya Brüsseldə deyil, regionumuzda sülh lazımdır”.
Bəli, Azərbaycan səmimidir və buna görə də yalnız nəticəsi ola biləcək – sərhəddə, vasitəçisiz görüşdə maraqlıdır.
Əgər Ermənistan özündə cəsarət tapıb, iradə ortaya qoyub bu görüşdə razılıqlara gələrsə və həmin razılıqlara əməl edərsə, hətta ilin sonuna qədər də sülhə dair bir saziş bağlamaq, delimitasiya üzrə prosesi məntiqi yekuna aparmaq olar.
Ancaq Ermənistan ABŞ və Fransanın boyunduruğunda qalmaqla addımlayacaqsa, o dairələr sülhə də, delimtasiyaya da imkan verməməyə çalışacaqlar. Bu halda onların görüş razılığı yalnız imitasiya, görüntü yaratmaq ola bilər. Hər halda, biz cəmi bir həftə sonra proseslərin hansı yöndə inkişaf etdiyini aydın müşahidə edə biləcəyik. Əgər Paşinyan və onun hökuməti bu dəfə də praktiki addımlar atmasa, bu, onların özünü ifşa etməsi demək olacaq. Bu görüşün nəticələrinə uyğun olaraq da Azərbaycan daha sonrakı davranışlarını müəyyən edəcək".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB