“Münaqişənin alovlana biləcəyi ehtimalı çox yüksəkdir” -MÜNASİBƏT

“Münaqişənin alovlana biləcəyi ehtimalı çox yüksəkdir” -MÜNASİBƏT

“Noyabrın 24-dən etibarən, Qəzza sektorunda dörd günlük atəşkəs rejimi qüvvəyə minməsi razılaşdırılıb. Qətərin vasitəçiliyi ilə əldə edilmiş şərtə əsasən, HƏMAS qruplaşması 4 gün ərzində əlində olan 200-dən çox israilli girovun azı 50 nəfərini azad edəcək. Sonrakı mərhələdə atəşkəs rejimi uzadıla, hər 10 girovun azad olunması qarşılığında bir gün artırıla bilər”. Bunu SİA-ya açıqlamasında Media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi alqışalanası haldır: “Amma bu, hələ münaqişənin tamamilə dayandırılması anlamına gəlmir. Çünki, bu razılaşma İsrail həbsxanalarında saxlanan fələstinli məhkumların – qadınların və yeniyetmələrin taleyini müəyyən etmir. Həmçinin, Qəzzanın gələcək statusuna da aydınlıq gətirmir. Bir sözlə, münaqişənin yaranıb yayılmasına səbəb olan faktorların hər biri öz yerində qalır. Bu baxımdan münaqişənin yenidən alovlana biləcəyi ehtimalı çox yüksəkdir.

Nikbinlik yaradan yeganə hal odur ki, dilindən, dinindən və milliyyətin asılı olmayaraq bütün dünya ictimaiyyəti münaqişənin tezliklə bitməsini arzulayır. Dünyanın dörd bir yanında etiraz aksiyaları keçirilir, cavabdeh şəxslərdən münaqişənin dayandırılması üçün tədbirlər görülməsi tələb edilir. Bu cür reaksiyalara əsaslanıb düşünmək olar ki, münaqişənin daha da genişlənməsinin, davam etməsinin qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək.

Təbii ki, bu, asan məsələ deyil. Hələ müəyyən olunmayıb ki, HƏMAS nə üçün bu oyunları başlatdı? Birdən-birə nə üçün İsrailə hücum etdi, belə təxribatlara yol verərək dinc insanları qırdı? Kim, hansı qüvvə HƏMAS-a dəstək verərək, belə təxribata ruhlandırdı? Nə üçün həmin qüvvə sonradan HƏMAS-a verdiyi vədindən qaçdı və İsrailin Qəzzanın dinc sakinlərini qırğına verməsinə şərait yaratdı?

Yəqin ki, bu müzakirələr uzun müddət davam edəcək. Arzu ediləndir ki, proseslər müzakirələr müstəvisində davam etsin və yekunlaşsın”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə